Fərqinə varmadığımız günahlar

Fərqinə varmadığımız günahlar
Maraqlı məlumatlar
10.09.2017 13
Bəzən bir adam öz məqsədinə nail olmaq üçün başqa bir adamdan "məharətlə” istifadə edir.

Məsələn, onun yanında bir söz buraxır və ya onun yanında bir xəbər
yayır. Əgər bu ikinci adam eşitdiyi sözü elə orada unutsa (yəni o sözə
əhəmiyyət verməsə), deməli, birinci adamın oyununa alət olmayacaq, yox
əgər eşitdiyi sözü hər yerdə yaysa, başqasının əlində alətə çevriləcək.



Hər eşitdiyini danışmaq cahillikdir. Sınamadan, yoxlamadan, kiminsə
ağzından eşitdiyi sözü yaymaq insana əskiklikdən başqa bir şey gətirmir.
Hər eşitdiyini danışmaq insanı həlak etmək üçün kifayətdir. Yəni
başqasının ağzından eşitdiyin sözü doğru, yaxud yalan olduğunu
yoxlamadan danışmaq doğru deyil. O, yalan danışırsa, sən niyə onun
yalanını yayırsan? Ona görə də insan gərək ağzından hansı sözü
çıxardığını bilsin və ağzından çıxardığı sözün məsuliyyətini daşısın.



Elə adamlar da var ki, həmişə hər yerdə hər hansı məsələ barədə
məlumatlı görünmək istəyirlər. İstəyirlər ki, hər məsələyə müdaxilə
etsinlər, hər işdən xəbərdar olsunlar. Ona görə də doğru olub-olmadığını
bilmədən kiminsə ağzından götürdükləri sözü hər yerdə danışırlar.
Məqsədləri də budur ki, ağıllı görünsünlər, seçilsinlər.



Cəmiyyətdə bəzən bu cür söhbətlər daha tez yayılır. İnsanlar yalan
zəncirinin halqalarına çevrilirlər. Beləcə, yalanlar onları bir-birinə
bağlayır. Halbuki insan ona aid olmayan işlərlə məşğul olmasa yaxşıdır.
İnformasiyanın beynimizə, yaddaşımıza yük olduğu bir vaxtda izafi
yüklərdən azad olmaq, öz əməllərini hesaba çəkmək, qüsurlarını
düzəltməyə çalışmaq daha doğru olmazmı? Sən də öz başına bəla axtarırmış
kimi, başqalarının sözü ilə məşğul olur, başqalarının söhbətini
danışmaq istəyirsən. Bir məsələni də xatırlatmaq istəyirik ki, əgər biri
sənin sözünü danışıb, nəticədə yalançı çıxırsa, siz də müqəssirsiniz.
Yəni ağıl ön planda tutulmalıdır, deyilən söz ağıl süzgəcindən keçirilib
ağızdan çıxarılmalıdır. Kor-təbii qərar qəbul edənlər, birinin ağzından
qapdığını düşünmədən, araşdırmadan yayanlar kölgə kimi olurlar.



Səhv də danışsa, qulaq asın!



Bu cür məsələlər ailədə, xüsusilə də, uşaq tərbiyəsində mühüm
amillərdir. Ona görə də böyüklər uşaqlarının yanında danışarkən nə
danışdıqlarını, nə dediklərini yüz ölçüb, bir biçməlidirlər. Unutmaq
olmaz ki, uşaq eşitdikləri ilə deyil, gördükləri ilə tərbiyə olunur. Ona
görə də uşağını tərbiyəli görmək istəyən valideyn gərək, əvvəlcə, özünü
tərbiyə eləsin ki, ondan tərbiyə tələb etməyə haqqı olsun.



Təbii ki, uşağınız məktəbdə gördüklərini sizə danışacaq. Özü də
məsələnin özünə sərf edən tərəflərini qabardacaq, sərf etməyən
tərəflərini isə gizlədəcək: "Ona elə dedim”, "buna belə dedim”, "o işi
elə gördüm”, "bu işi belə gördüm”... və sair və ilaxır...



Əlbəttə ki, siz onun söhbətlərinə qulaq asacaqsınız. Ancaq qulaq asdıqca
da məqsədlərini, məramlarını öyrənəcəksiniz. Əslində isə siz ona diqqət
ayırmaqla, marağını özünüzə cəlb edir və beləliklə də, təsir, daha
doğrusu, tərbiyə imkanı əldə etmiş olursunuz. Səhv danışdığını bilsəniz
belə, o anda onun sözünü kəsməyin, təqsirini üzünə vurmayın. Çünki əgər
sözünü kəssənız və ya "Yalan danışırsan!” desəniz, deməli, hər şey
bitdi. Ona görə də maksimum dərəcədə səbirli olmalısınız. Və uşaq
anlamalıdır ki, siz onun sözlərinə dəyər verirsiniz. Unutmayın ki, islah
etməyin yolu bir çox hallarda dəyər verməkdən keçir.



Söz gəzdirmək



Bir nəfər padşahın yanına gəlir və deyir ki, filankəslər onun əleyhinə
danışırlar. Padşah da acı-acı bu adamı başdan-ayağa süzür və deyir:



- Əgər sən yaxşı adam olsaydın, onların cavabını yerində verər, heç
mənim yanıma gəlməzdin. Ancaq görürəm ki, sən sözgəzdirənsən. Qeybət
edənlərə bir söz deyə bilmirsən, sonra da gəlib mənə onların sözünü
çatdırırsan. Sənin kimi adamlara bizdə rəğbət yoxdur...



Əxlaqımız bizə öyrədir ki, əgər bir insanın haqqı tapdanırsa, onun
tərəfini tutmaq lazımdır. Yəni konkret olaraq, yuxarıdakı misaldan çıxış
etmiş olsaq, padşahın dediyi kimi, qeybət edənlərin cavabını vermək,
sonra da söhbəti unutmaq ən doğru seçimdir. Şəxsiyyət bu cür yetişir,
böyük insan bu cür formalaşır. Hər şeydən əvvəl insanın gərək içi geniş
olsun, eşitdiyi hər sözdən coşub-daşmasın, söz udmağı, söz unutmağı
bacarsın.



Ara vurmaq



İnsanları bir-birindən incik salmaq, insanlara bir-birindən yalan
danışmaq, əxlaqımıza görə çox pis əməldir. Bu cür əməllər bəzən
zarafatla başlayıb, ölümlə nəticələnən cinayətlərə qədər uzanır.
Əxlaqımızda bildirilir ki, insanların arasını vurmaq, onları bir-birinə
düşmən etmək qatillik kimidir.



Bir insan kimi hər birimizin vəzifəsi yaxşılıq etmək, xeyirli olanı
bölüşmək, paylaşmaqdır. Bunun əksini etmək, yəni insanları bir-birinin
düşməninə çevirmək isə insanlıq yox, şeytanlıqdır. İnsanlar bir-birini
sevdikcə ucalırlar. Sevgi, hörmət, ehtiram cəmiyyətin sərvətidir,
xoşbəxtliyidir; kin, nifrət, ədavət isə ağır yüküdür, dərdidir.



Ara vuran insanlara el arasında mərdimazar deyirlər. Mərdimazarın heç
bir yerdə hörməti olmur. İnsanlar onu görəndə üz çevirirlər. Beləsi ilə
oturub-duranda adamın ürəyi sıxılır. Pis niyyət, qara düşüncə insanın
özündən asılı olmayaraq sanki şüalanır və görünür. Əvvəla, bu cür
adamların üz-gözü həmişə bürüşmüş olur, nə olur olsun sevinə bilmirlər,
hər şey onlar üçün qorxudur, təhlükədir. Çünki özləri dünyaya belə
baxırlar.



Sən hansı yükü daşıyırsan?



Söz yükü duz yükündən ağır olur. Əslində ömür adlanan bu yolda hər kəs
bir yükün daşıyıcısıdır. Yükün xeyirlisi var, zərərlisi var. Ona görə də
köhnə kişilər dua edəndə: "Allahım, məni xeyir işlərə alət elə!”-
deyərmışlər. Əslində sözün xeyirlisini daşımaq, yaymaq, o sözlərlə
insanlara xeyir vermək insanlıq borcumuzdur. Əgər sənin danışdığın söz
bir insanın xarakterinin formalaşmasına, onun yanlış düşüncədən
qurtarıb, doğru istiqamətə yönəlməsinə səbəb olursa, demək xeyir işlərə
alət olursan. Amma daşıdığın və yaydığın söz yalandırsa, insanların
düşüncəsini pozur, onları yalana yönəldirsə, onda da zərərli işlərə alət
olursan, özü də könüllü olaraq. Çünki insanın başına gələn bəla onun öz
əməllərinin nəticəsidir. Bizi qurtaransa xeyir əməllərimiz olacaq.
İnsanın zərərə uğramasına ən çox səbəb olan bədən üzvümüz dilimizdir,
yəni nəyi danışmağımız, niyə danışmağımız... Yəni hər eşitdiyini
danışmaq fəlakətə düşməyimiz üçün kifayət edər. Ona görə ağzımız,
dilimiz işləmədən əvvəl başımız işləməlidir ki, sonra bəlaya düşməsin.
Vəssalam.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!