Yüksək səs - həyatımızın yeni bəlası

Yüksək səs - həyatımızın yeni bəlası
Maraqlı məlumatlar
10.09.2017 8
Akustik zədə almaq istəmirsinizsə, musiqini normal tonda dinləyin

Bəzən küçələrdən keçərkən, avtobus dayanacaqlarında nəqliyyat
gözləyərkən, hətta yoldan keçən maşınların salonundan belə ətrafa yüksək
səsli musiqi yayılır. Həmin musiqini səsləndirənlər nəinki səs tonunun
və ya musiqi janrının ətrafdakılar tərəfindən narazılıqla
qarşılanacağını fikirləşmirlər, hətta səs tonunun səhhətlərinə mənfi
təsiri barədə də düşünmürlər. "Musiqi can dərmanıdır” sözlərini də ona
görə deməyiblər ki, bu dərmandan dozadan artıq istifadə edəsən. Necə ki,
qədərindən artıq hər bir şey fəsadlar törədir. Elə bu günlərdə
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi "Eşitmə qabiliyyətlərini
qorumaq üçün adamlar gündə bir saatdan çox musiqiyə qulaq
asmamalıdırlar” məsləhətini həkimlər qulaqardına vurmamağa çalışırlar.
Belə ki, musiqiyə həddən artıq çox və həddən artıq bərkdən qulaq asan
1,1 milyard gənc eşitmə qabiliyyətinə həmişəlik ziyan vura bilər. Qurum
bildirir ki, audio-pleyerlər, konsertlər və barlar sağlamlıq üçün ciddi
təhlükə yaradır. ÜST-nin rəqəmlərinə görə, 12-35 yaş arasında 43 milyon
adamın eşitmə qabiliyyəti zəifdir və bu hal getdikcə çoxalır. Əgər hər
gün ictimai nəqliyyatda, küçələrdə qulağına qulaqcıq taxan gənclərlə
rastlaşırıqsa, vəziyyətin nə qədər gərgin olduğunu düşünmək çətin deyil.



Qulaqcıqların ziyanı

Müntəzəm olaraq qulaqcıqdan istifadə edən melomanların sağlamlığı daha
çox risk altındadır. Belə ki, həkimlərin fikrincə, müasir gənclər
musiqiyə qulaqcıq vasitəsilə qulaq asırlar və bu da gələcəkdə kütləvi
karlığa səbəb ola bilər. Amma faktdır ki, bu gün qulaqcıqlar az qala
gənclərin gündəlik həyatının ayrılmaz bir hissəsinə çevrilib. Təbii ki,
kiçik, kompakt bir şeyi hər zaman üstündə gəzdirmək bəzən insan üçün çox
rahatdır. İdman zalında, məktəbdə, universitetdə, avtobusda, metroda –
qulağında xoş bir musiqi ilə gəzməkdən çoxları zövq alır. Bu cür
hallarla hər addımda qarşılaşmaq olur.



Statistikaya görə, Rusiyada karlaşma həddi cavanlaşır. Belə ki, əvvəllər
bu hədd 70 yaşdan sonra yaranırdısa, indi artıq 30-40 yaşında insanlar
bundan əziyyət çəkir. "Gənclərin yüksək səslə musiqi dinləməsi
nəticəsində qulaqlarda "akustik zədə" meydana gəlir ki, bu da zaman
keçdikcə qulaqda küyün yaranmasına səbəb olur. Qulaqda olan küy yüksək
səsli musiqi nəticəsində daha da artır”,-deyə rusiyalı həkimlər
bildirirlər.

Mütəxəssislər həmçinin iş yerində musiqiyə qulaq asmağın xeyirli
olmadığını bildirirlər. ABŞ-ın Corciya Universitetində aparılan
araşdırmaya görə, işləyərkən musiqiyə qulaq asmaq heç də motivasiyanı
gücləndirmir. Belə ki, gənc və orta yaşlı könüllülərə verilən işi musiqi
dinləyərək və musiqisiz yerinə yetirmək tapşırılıb. Nəticədə qruplardan
birinin musiqisiz, sakit mühitdə verilən tapşırığı daha tez yerinə
yetirdiyi bəlli olub.



Tədqiqatçılar belə qənaətə gəliblər ki, iş zamanı musiqiyə qulaq asmaq
diqqəti yayındırır. Bunu vərdişə çevirənlərdə isə konsentrasiya və
yaddaşın itməsi kimi problemlərin yarana biləcəyi bildirilir. Hətta
musiqiyə həddən artıq çox qulaq asmağı narkotik aludəçiliyinə bənzədən
ekspertlər də var. Artıq burda söhbət musiqinin gözəlliyindən və zövqdən
yox, mənfi uyğunlaşmadan gedir.



Təbiətin qisası



Psixoloq Dəyanət Rzayev hesab edir ki, uyğunlaşma nəticəsində davam edən
proses çərçivəsində hisslər yox ola bilir: "Məsələn, hər kəs televizora
xoşladığı bir səs yüksəkliyində qulaq asır. Həmin çərçivədən yuxarı və
ya aşağı səsi qəbul eləmir”. Psixoloqun sözlərinə görə, musiqiyə çox
qulaq asdıqda sağlamlıq və ya psixoloji baxımdan müəyyən ziyanlar ola
bilər: "İlk növbədə insanda əzginlik, yorğunluq yaranır. Xüsusən bu cür
hallar eynitipli musiqiyə qulaq asanda baş verir. Bu, həmçinin
əhval-ruhiyyəyə də təsir göstərir. Eləcə də bədbin və ya şən musiqiyə
qədərində qulaq asmaq lazımdır. Qədərindən çox və yüksək səslə musiqiyə
qulaq asdıqda bu, insanın səhhətində problemlər yaradır”. Psixoloqun
sözlərinə görə, həkimlər insanlara sakitlik üçün adətən klassik musiqini
məsləhət görürlər. Belə ki, Bethoven, Motsart, Vivaldinin musiqisi
insanlara sakitlik gətirir: "Əlbəttə, bu da əhval-ruhiyyədən asılıdır.
Əgər insan depressiv vəziyyətdədirsə, ona kədərli musiqiyə qulaq asmaq
məsləhət deyil. Bu cür musiqi onu daha da bədbinliyə qapadar”.
Psixoloqun fikrincə, küçələrdə, insanların yaşadıqları ərazilərin
yaxınlığında və avtomobillərin salonlarında yüksək səslə səsləndirilən
musiqi də ətrafdakıların rahatlığına və səhhətinə ziyandır: "Avropa
ölkələrində, hətta qonşu Gürcüstanda belə bu formada musiqi
səsləndirilmir. Bu, mədəniyyətdən asılıdır”.



Professor Nəsib Quliyev hesab edir ki, hər bir səsin gücü həddini aşanda
ziyan gətirir. Ancaq səsin gücü beyinin normal şəkildə qəbul etdiyi
səviyyədə olursa, onun heç bir ziyanı yoxdur: "Ailədə uşaq böyüyür, o,
daim səslə əhatə olunur. Ona deyə bilmərik ki, heç bir səsə qulaq asma
və ya kiməsə deyə bilməzsən ki, danışma, uşağa ziyan olacaq. Ancaq səsin
qıcıqlandırıcı təsiri insana ziyan gətirir. İnsanın eşitmə orqanının
normal qəbul etdiyi səs heç vaxt saatla ölçülə bilməz. Çünki insanın həm
gördüyü şeylərlə, həm də səslə daim ünsiyyəti var”. Professorun
fikrincə, qulaqda gəzdirilən qulaqcıq xüsusən zərərlidir: "Belə ki,
yaxın məsafədən daimi təsir insana ziyan gətirir. Bu, təbiilikdən kənar
məsələdir. Süni nə yaradılırsa, əslində insanın özünə qarşı yaradılır.
Təbiətdə olan canlıların heç biri öz həyat tərzini dəyişmir. Amma insan
şüurlu hesab olunaraq cürbəcür yeniliklər icad edir. Sonda da bunların
hamısı insanın özünə qarşı çevrilir. Təbiət o insanlardan əvəzini çıxır.
Ona görə də təbiətin elə qanunları var ki, onları pozmaq olmaz.
Məsələn, gecə ilə gündüzün yerini dəyişmək olarmı? Bu, bizim gücümüz
xaricindədir. Canlıların həyat tərzi də belədir”. N.Quliyevin sözlərinə
görə, səs səsgücləndirici ilə yayılırsa, həm böyüyə, həm də uşaqlara
ziyan gətirir: "Bu, xüsusən uşaqlar üçün ziyanlıdır. Çünki onların
eşitmə orqanları formalaşmayıb. Məsələn, bu gün toylarda əksər adamlar
yarım saatdan artıq əyləşə bilmirlər. Gücləndirici ilə yayılan səs
onların səs sisteminə təsir edir. Bundan əlavə, bütün zövqlər alt-ust
olur. Yaxın məsafədən qulaq daxilinə yönəldilən səslər də qıcıq gətirir
və insana ziyan verir”.



Həkimlər məsləhət görür ki, adi qulaqcıqlarla maksimum səviyyədən bir az
aşağı səslə musiqiyə qulaq asmaq olar. Ancaq bu o demək deyil ki, günün
bütün saatı həmin qulaqcıq qulaqda olmalıdır. Arabir qulağa istirahət
verilməlidir. Bundan əlavə, ətrafdakı səsi batırmaq üçün qulaqcığa çox
səs vermək məsləhət deyil. Ən yaxşısı, ətrafdakı insanların təbii
səsidir. Bu səsi dinləmək üçünsə qulaqcığa qətiyyən ehtiyac yoxdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!