İkiqat qohumluğa ehtiyac varmı?

İkiqat qohumluğa ehtiyac varmı?
Maraqlı məlumatlar
10.09.2017 98
Qədim adət-ənənələrimizdən biri olan qan qohumlarının nikaha girməsi uzun illər psixologiyamızda özünə dərin kök salıb. Adətən, belə izdivacların təşəbbüskarları valideynlər, həmçinin xalalar, bibilər, dayılar, əmilər olublar və olurlar. Şifahi xalq ədəbiyyatı nümunələrindən olan nağıllarımızda, dastanlarımızda, bayatılarımızda "əmioğlu ilə əmiqızının kəbini göydə mələklər tərəfindən kəsilib” fikrinə rast gəlirik. Keçmiş adətlərimizdən olan ikiqat qohumluğa güclü meylin olması uzun illər, əsasən də, Sovet hakimiyyəti illərində belə nikah aktlarının sayını ilbəil artırıb. Bəlkə də, bilərəkdən bu adət-ənənənin qarşısı alınmayıb. Bu izdivacdan dünyaya gələn əksər uşaqların fiziki sağlamlığında böyük problemlərin olduğu, yəqin ki, elm adamlarına bəlli olub. Amma buna baxmayaraq, bu qohumluq əlaqələrinə bu gün də cəmiyyətimizdə rast gəlinir.



Görəsən, ikiqat qohumluğa nə ehtiyac var? Əlbəttə ki, birmənalı şəkildə deyə bilərik ki, bu, sadəcə olaraq, valideynlərin istəyindən doğan bir izdivac olur.

Məlum bir həqiqətdir ki, irsiyyət əlamətləri nəsillərdən nəsillərə ötürülür. Və mütəxəssislər tərəfindən o da sübut olunub ki, ata ilə ananın qanqohumluğunun olmaması nəslin əqli və fiziki sağlamlığında özünü daha çox büruzə verir.

Müasir tibb elmi ikiqat qohumluğu zərərli hal sayır və bunun yolverilməzliyini faktlarla sübut edir. Statistik məlumatlarda göstərilir ki, qan qohumu ilə evlənənlər arasında anadangəlmə əsəb xəstəliyinə tutulan uşaqlar daha çox doğulur.

Bu gün hər birimizə bəllidir ki, dünyada minlərlə irsi xəstəliklər, xüsusilə də müxtəlif qan xəstəlikləri mövcuddur. Elə bu irsiyyət xəstəlikləri nəticəsində fiziki imkanları məhdud uşaqlar doğulur. Bunlardan başqa, daun, audizm kimi müalicəsi, müayinəsi çox böyük vəsait tələb edən xəstəliklər də bu cəhətə diqqət etməyin vacibliyini önə gətirir.

Mütəxəssislərin fikrincə, qohum olmayanlar arasında bağlanmış nikahlardan doğulan uşaqlarda irsi xəstəliklərə 4-5 dəfə az rast gəlinir.

Qanqohumluğu olan valideynlər fərqinə varmadan, müxtəlif səbəblər üzündən gənclik həvəsi ilə atdıqları bu addımın acısını bəzən ömür boyu yaşamağa məhkum olurlar. Çünki ikiqat qohumluqla qurulan belə ailələrdə, mütəxəssislərin fikrincə, anadangəlmə əlil uşaqların dünyaya gəlməsi qaçılmazdır. Ona görə də belə nikahlardan doğulan qüsurlu uşaqlar təkcə ikiqat qohumların, yəni ata və ananın deyil, həm də cəmiyyətimizin yaşadığı böyük bir problemə çevrilib.

Sevindirici haldır ki, bugünkü gənc­lərimizin əksəriyyəti qohumlararası nikaha köhnəlmiş adət-ənənə kimi baxır, keçmişin zərərli qalığı olan belə nikahlardan imtina edirlər. Amma "dədə-baba adəti ilə gedən” valideynlərin təkidi, tələbi ilə yenə də belə ailələr qurulur. Elə buna görə də hər bir ziyalı və cəmiyyətimizin aparıcı qüvvələri bu istiqamətdə aparılan tədbirlərin fəal iştirakçısı olmalı və maarifləndirməni genişləndirməli, təbliğat işini gücləndirməlidirlər ki, gənclər bu adətin zərərli olduğunu tam mənası ilə anlasınlar və ondan üz çevirsinlər. Çalışmalıyıq, belə zərərli adət-ənənələri yaşatmağa çalışan ahıllarımızın düşüncə tərzini dəyişək ki, onlar kor-koranə öz nəvə-nəticələrini, oğul və qızlarını böyük bəlaya düçar etməsinlər.

Bu gün cəmiyyətin hər bir nümayəndəsinin qarşısında duran vəzifə ikiqat qohumluğun yaranmasına yol verməmək və bu izdivacın qarşısında keçilməz sədd yaratmaqdır.

Xalqımızın uzun illərdən bəri yaşatdığı dəyərlərdən, ulularımızdan bizə miras qalan zəngin adət-ənənələrdən günlərlə danışmaq olar. Onların bu gün də gərəkli olanlarını qoruyub saxladığımız kimi, zərərli olanlarını da aradan qaldırmağa çalışmalıyıq. Tarix boyu, zaman içərisində tədricən bu proses getsə də, günümüzə qədər gəlib çıxan bəzi adət-ənənələrimiz var ki, artıq onlara üz çevirməyin vaxtı çatıb. Ona görə ki, belə adət-ənənələr bir zamanlar insanların savadsızlığı, dünyagörüşünün azlığı ilə yaranmış zərərli cəhətlərinə görə, ümumiyyətlə, qəbuledilməzdir.

Qeyd etmək lazımdır ki, belə adətlər şəhərlərə nisbətən kənd yerlərində, ucqarlarda keçmişin ənənələri kimi daha çox mühafizə edilir. Çünki gözünü açandan bu adətlərlə, ənənələrlə yaşayan yaşlı insanlar dədə-baba "qaydalarına” üz çevirməyi nankorluq sayır və onları öz ailələrində yaşatmaqla sədaqətlərini göstərməyə çalışırlar. Əlbəttə ki, bizim hər birimiz keçmişimizin yaxşı adət-ənənəsini, milli mentalitetimizə aid dəyərləri yüksək qiymətləndirir və onları yaşatmağı vətəndaşlıq borcu sayırıq. Bu istiqamətdə elə dövlətimiz tərəfindən də ciddi tədbirlər həyata keçirilir. 2012-ci ilin muxtar respublikamızda "Milli dəyərlər ili” elan olunması təsadüfi deyildi. Məqsəd xalqımızın əsrlər, qərinələr boyu yaratdığı və kimliyinin təsdiqinə çevirdiyi milli adət-ənənələrin yaşaması və gənc nəslə aşılanması üçün cəmiyyəti səfərbərliyə almaq, hər yerdə gərəkli tədbirlərin həyata keçirilməsinə nail olmaq idi. Sözsüz ki, bu tədbirlər öz nəticəsini verir. Bəllidir ki, bu gün daha çox milli mentalitetimizlə bağlı görülən işlər gənclərin mənəviyyatına, dünyagörüşünə müsbət mənada təsirsiz ötüşmür. Lakin bu da danılmaz bir faktdır ki, yaxşı ilə pis həmişə yanaşı olub. İnsan istədiyi vaxt pisdən yaxa qurtara bilsəydi, onda həyat çox yeknəsəq olardı. Bəlkə, ona görə insanoğlu yarandığı gündən pisə qarşı mübarizədə mətinləşir və yaxşılara sahib olmaq amalı ilə yaşayır. Bu mənada cəmiyyətimizin inkişafına mane olan cəhətlərə qarşı həmişə barışmaz mövqedə dayanmalıyıq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!