Qızın cehizi nə olmalıdır?

Qızın cehizi nə olmalıdır?
Maraqlı məlumatlar
10.09.2017 44
Qız beşikdə, cehiz eşikdə” atalar sözünü güman ki, çoxunuz eşitmisiniz. Aramızda elə valideynlər var ki, bu məsələyə sözün əsl mənasında tam əməl edir, hətta qız övladı doğulmamışdan öncə ona cehiz tutmağa başlayır. Elə valideynlər də var ki, bu işi son ana saxlayır, toydan bir neçə ay sonra bu məsələni həll edir.



Bu yazıda qız övladı olan valideynlərin həm ən böyük problemi, həm də unudulmaz zövqü olan cehiz adətimizdən bəhs edəcəyik...



Cehiz adətinin kökü

Hələ qədim dövrlərdə valideynlər qız köçürəndə ona müəyyən əşyalar verərmişlər. Ancaq bu, indiki cehiz anlamında deyil, simvolik məna kəsb edərmiş. Məsələn, nənəm söylərdi ki, onun cehizi bir süpürgədən və bir qazandan ibarət olub.

Süpürgənin verilməsində məqsəd, yeni gəlinin təmizkar, səliqəli olmasına işarə, qazan isə gənc ailənin ruzili olması üçün bir simvol idi. Nənəmin söylədiyinə görə onun anası ərə gedəndə valideynləri ona bir ləyən və bir aftafa cehiz veriblər, hər axşam həyat yoldaşı işdən gələndə təzə gəlin o ləyəndə aftafa ilə ərinin ayaqlarına su tökərmiş...

Zaman irəlilədikcə, cehizin sayı və dəyəri də artıb. Valideynlər mümkün qədər daha çox əşya cehiz verib, daha dəyərli cehiz vermək barədə bir növ yarışa giriblər. O zamanların ən məşhur cehiz əşyaları isə əldə işlənmiş bəzək əşyaları, əllə naxışlanmış yorğan-döşək üçün üzlər, süfrələr və s. idi.

İllər ötdükçə, cehizə qab-qacaq, bahalı parçalar, uzaq ölkədən gətirilmiş ipək paltarlar da əlavə edilirdi. Amma bunları maddi durumu daha yaxşı olan ailələr edə bilirdi. Elə o zamandan da cehiz adətində bölünmə başladı: kasıb ailələrin və varlı ailələrin cehizi...



Keçmişdə cehizlik əşyalar

Keçən əsrin əvvəllərində maddi durumu normal olan ailələrin gəlinlik qıza verdiyi cehiz də o qədər böyük olmurdu. Bunlar bir neçə qab-qaşıq, iki adamlıq qırmızı yorğan və qırmızı məxmərdən üzlənmiş böyük taxt döşəyi, ikı yun döşəkçə, iki ədəd mütəkkə, bir böyük nazbalınc, qayınata-qayınana üçün iki kiçik döşəkdən ibarət idi.

Nişanlı qızın özü, yaxud qız evi qadınları tərəfindən bəy üçün hazırlanmış tikmə əl işləri, güləbətinli tirmə araxçın, ipək daraqqabı, saatqabı, zərxaradan on iki ədəd pul kisəsi, 20-30 cüt çarıqbağı, qələmdanqabı və s. də vardı. Məişət üçün dəstərxan süfrə, əl-üz dəsmalı, isti qabları qaldırmaq üçün yeddi cüt "tutqac" da cehizə daxil idi.

Gəlinin özü üçün sürmədan, ətirqabı, qayçıqabı, iynəqabı, sayı yeddi olmaqla iynə, güləbətinli pərdəbağı, ipək tumanbağı, taxça və güzgü pərdəsi, qara dabandaşı da cehizdə olurdu. Bunlardan başqa, bir-iki xalça-palaz, çamadan-xurcun, saxsı qab-qacaq, nehrə, küpə, kuzə, aşsüzən, yeddi taxta qaşıq, taxta boşqab, oxlov, çömçə, çörəkqabı, bazardan alınmış təzə, yaxud yenicə qalaylanmış mis qab-qacaq, gəlinin yuyunması üçün böyük teşt, qazan, mis aftafa-ləyən, hamam sətili (bir növ stul), altı kabab şişi və s. metal əşyalar da cehizə qatılırdı.



Cağdaş cehiz adəti

Daha cox müsəlman aləmində əməl edilən cehiz adəti şişirdilməsə, olduqca gözəl ənənədir. Təəssüf ki, indi cehiz dedikdə adət-ənənə və bu adətin gözəlliyi düşünülmür, əksinə, qızın ailəsinin nə verəcəyi, nə qədər xərc çəkəcəyi, elektronikanı hansı marka alacağı, mebelin haradan sifariş ediləcəyi və s. kimi məsələlər marağa səbəb olur.

Dövrümüzdə qız ailəsi tərəfindən cehiz olaraq əsasən, qab-qacaq, yorğan-döşək, elektrik avadanlıqları, dekorativ əşyalar - bir sözlə, zəruri olan bütün əşyalar verilir. Maddi durumu yaxşı olmayan qız ailəsinə oğlan tərəf dəstək çıxır, mebeli oğlan valideyni alır. Maddi imkanı nisbətən yaxşı olan ailələr yataq və qonaq otağı üçün mebel dəsti, daha yaxşı maddi duruma malik olanlar isə mətbəx mebeli və uşaq otağı dəsti də də alırlar.

Özəlliklə qeyd edək ki, bəzi durumlarda qız atası bu cehizin yığılması üçün qızına ev də cehiz verir. Bütün bu bahalı cehizin, dəbdəbəli ev əşyalarının verilməsi, çox vaxt qızın baş ucalığı və şan-şöhrət üçün edilir...



Cehizə nə qədər pul xərclənir?

Araşdırmalarımıza görə, hazırda qızına orta səviyyəli, sadə cehiz vermək üçün valideynlər təxminən 5-10 min manat məbləğində pul xərcləməli olurlar. Amma bu, nisbətən azala və xeyli arta da bilər. Maddi durumu orta səviyyəli olan ailələrə ev qurmaq təxminən 10-15 min manata başa gəlir.

Amma təbii ki, bu durum hər cehiz üçün keçərli deyil. Elə ailələr var ki, cehiz üçün tam bir sərvət xərcləyirlər. Əyani bir misal:

Qonşuluğumuza yeni evlənmiş bir ailə köçdü. Toydan öncə oğlan tərəfi bu 3 otaqlı mənzili gənc ailə üçün 73 min manata aldı. Qızın ailəsi də xəsislik etmədi, cehizə təxminən 60 min manat civarında pul xərclədi. Evin hər bir əşyası qızın cehizi ilə alındı, hamısı da məşhur markalar...

Paytaxt sakini Sevinc Qocayeva deyir ki, valideynləri onun cehizinə 8500 manat pul xərcləyib: "Amma təbii ki, məsələ bununla bitmədi. Cehizimə qohumların da qatqısı oldu, ailə dostları və yaxın qohumlar xeyli cehizlik əşya almışdılar”.

Kompyüter mühəndisi Asəf Həsənov isə deyir ki, xanımı normal cehiz gətirib: "Həyat yoldaşımın ailəsi kredit götürüb cehiz aldı, amma məndən olsaydı, heç gərək görməzdim. Hələlik, mənim valideynlərimlə yaşayırıq, evdə də lazımı əşyalar var. Cehiz nəyimizə gərəkdi? İkimizin də işimiz var, öz qazancımızla ev alacağıq bu yaxınlarda, evimiz olandan sonra da işləyib hər şeyimizi ala bilərdik. Amma mən etiraz edəndə dedilər ki, adətdir, cehizsiz gəlin köçməz”

Bakı sakini Ceyran Rzayeva isə deyir ki, valideynləri onun cehizi üçün 12 min manat xərcləyiblər, yeni ailənin 3 otaqlı evi bu cehiz hesabına qurulub.



Lənkəranda qız cehizində mal-qara və ev quşları da olur

Bir-iki xırda nüansı nəzərə almasaq, Azərbaycanın bütün bölgələrində cehiz eyni formada tutulur, yalnız cənub bölgəsindən başqa. Cənub bölgəsində, əsasən də Lənkəranda cehiz adəti bir qədər fərqlidir.

Lənkəranın Veravul kəndindən olan Asimə Nəsirli deyir ki, Lənkəranda analar, qızları  10-11 yaşında olandan onlara cehiz tutmağa başlayırlar: "Elə ki qız nişanlandı, cehiz almaq ailədə ən prioritet sahəyə çevrilir. Əksər hallarda, valideynlər qızı bütün lazımi əşyalarla təmin etməyə çalışırlar.

Qız toyundan sonra, oğlan toyundan öncə, müəyyən edilmiş bir gündə bütün qohumlar qız evində təşkil olunmuş qonaqlığa gəlirlər və hərə cehiz üçün bir hədiyyə gətirir. Lənkəranda cehiz mədəniyyəti bir qədər fərqlidir, ərə gedən qızlara böyük ləyən dəstləri, toy və ya digər mərasimlərdə istifadə etmək üçün iritutumlu qazanlar və teştlər, 5 və ya 6 dəst namaz üçün canamaz verilir. Bundan əlavə, gəlinin gedəcəyi evdə yaşlı insan varsa, onlara xüsusi nimdər (döşəkcə), misdən hazırlanmış aftafa-ləyən də verilir”.

Asimə xanımın sözlərinə görə, Lənkəranda hətta cehizə mal-qara – inək, qoyun, at, ev quşları - qaz, ördək, toyu-cücə də əlavə edilir. Orta hesabla, normal bir cehiz üçün ailə 8-10 min manat xərcləməli olur. Cehiz almaq üçün bankdan kredit alanların da olduğunu söyləyən Lənkəran sakini qız cehizində əksər vaxt həm yataq, həm qonaq otağı mebelləri, həm də mətbəxt dəstləri də verildiyini dedi.



Cehizdə yemək sandığı

Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindən biri olan Marneulu rayonunun Sadaxlı kəndində qohumlarım var. Orada qız üçün alınan bütün cehizlər toydan öncə bir növ sərgi halına salınır, kəndin bütün əhalisi cehizə baxmağa gəlir.

Qız cehizi oğlan evinə toy günü gəlinin özü ilə birgə gedir. Daha maraqlısı isə odur ki, cehizin ən önəmli atributlarından biri, ağzına qədər yemək və şirniyyatla doldurulmuş sandıq olur. Gəlin bir həftə oğlan evinin mətbəxində bişəndən yemir, anasının sandığa qoyduqları 7 gün ona bəs edir.

İstənilən halda, cehiz adəti olduqca gözəl və gərəkli ənənədir, bir şərtlə ki, "ağ etməyəsən”. Cehizə, ailələrin mal-mülk müsabiqəsi kimi yox, milli adət kimi yanaşmaq gərəkdir. Cehizində nəyin olması və nəyin olmaması önəmli deyil, önəmlisi odur ki, ər evinə köçən qız ata yurdundan əliboş yola salınmır. Amma cehizsiz ailə qurmağı da heç bir halda dərd etmək lazım deyil. Bizim cehizsiz ailə quran o qədər gənclərimiz var ki, öz əməkləri ilə hər şeyə sahib olublar. Önəmli olan, ər evinə mənəvi cehiz - ismət, abır-həya və təmiz qəlb apara bilməkdir.



Bəs Sizcə indiki zamanda qızın cehizi çoxmu önəmlidir? Cehizdə nələrin olması mütləqdir? Fikrləriniz maraqlıdır...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!