18+ haqqında bir neçə kəlmə

18+ haqqında bir neçə kəlmə
Maraqlı məlumatlar
10.09.2017 10
Azərbaycanın müstəqil teatrı – Oda Teatrında ilk dəfə 18+ tamaşa baş
tutdu. Elmin Bədəlov, Nihad Qulamzadə, Elza Furtado, Aynur Zərnitac və
ən nəhayət tamaşanın rejissoru İmam Həsənovu alqışlamaq lazımdır.
Fikirimcə, İmam bu tamaşayla inqilab etdi. Tamaşa başa çatıb.
Tamaşaçılar fikir bildirir, İmam jestlər edir. Sonra hər kəs yoxa çıxır.
İmam tək qalır. Sərxoşdur. Öz-özünə donquldanır, adamları söyür, əlini
tez-tez alnına vurur. Küçədə diz çökür, Tanrıya nəsə pıçıldayır. Gəlin
lap başa qayıdaq və tamaşaya baxaq.
 
 
Tamaşa qabağı adamlar səbrsizliklə gözləyirlər. Kimisi kitab oxuyur,
kimisi sərinləmək üçün tez-tez su içir, kimisi də gözlərini döyür. Hava
dəhşətli dərəcədə istidir. Adam bu canyandırıcı gündən heç çölə belə
çıxmaq istəmir. Necə deyərlər, bu havada it də yuvasından çıxmaz. Buna
baxmayaraq, adamlar istini unudub bugünkü tamaşaya gəliblər.
 
Ağ örtük bizlə üz-üzədir. Qəfil gur işıq ağ örtüyün fonunda görünür.
Mənə elə gəldi ki, kinoteatra gəlmişəm. Aktyorlar Elmin və Elza
bir-birilə sevişir, boğuşur və aktyor ağ örtüyü aradan qaldırır. Onun
bağırtısı gəlir. Tamaşaçılar ani şəkildə panikaya düşür. Səhnə yenidən
qaranlığa qərq olur.
 
Qeyd edim ki, tamaşanın adı "MimOda18+”dir. Erotik yerləri olsa belə,
burada söhbət seksdən getmir. Tragikomedik tamaşa ciddi mesajlar
ötürür. Seks də, ölüm də, komediya da həyatımızın bir parçasıdır. Necə
ki, hava, su bizim təbii ehtiyacımızdır. Seks də bizim ən doğal
haqqımızdır.
 
Bu dəfə səhnədə miskin, xəstə obrazlı görünən Elza əlidolu, kimdənsə
gizlənə-gizlənə addımlayır. Daha sonra Elmin onun ətrafında pərvanəyə
çevrilir. Onlar tez-tez öpüşür, boğuşur. Bir-birlərini sevsələr belə
rahat sevişə bilmirlər. Evlənmək qərarına gəlirlər. Rahib geyimində İmam
Həsənov səhəndə peyda olur. Xaçıyla birlikdə kənardan tam bir rahib
təəssüratı bağışlayır. Özümü saxlaya bilmirəm. Gülməyə başlayıram.
Tamaşaçılarda da təbəssüm yaranır. Burada dinə ironiya edilir. Bir növ
dinlərə protest edilir, ancaq üstüörütülü və komik formada. Hətta
İmamın rahib geyimi dizdən aşağı yırtılır. Hamımız gülüşürük. İmam
əsəbləşir, əlini tez-tez və zərbələrlə alnına vurur. Nəhayət rahib
gedir. Bəylə gəlin artıq bir-birinin ola bilər. Tamaşanın ən canlı
səhnəsi də elə burada olur. Elmin sevişmək istəyir, ancaq Elza qaçır,
onu vurur, panika, həyəcan, səs-küy, aqressiya bir-birinə qarışır. Elmin
qadının saçında tutur, ona ağır söyüşlər söyür. Ayrılırlar.
 
Tamaşaçılar daha çox diqqətlə səhnəyə baxırlar. Görəsən sonu, final
necə olacaq?! Final səhnəsində qəfil bir-birini görən cütlük baxışır,
bəlkə də yaşadıqları ağrı-acını gözlərindən oxuyurlar. Sonra
ürəkparçalayan səhnə gözümüzün qabağında canlanır: onlar qucaqlaşıb
dəlicəsinə öpüşürlər. Qadın xəstədir, oğlan yaşadığı travmanın təsiri
altındadır. Onlar döşəməyə yıxılır və ağlayırlar. Qovuşmaq mümkün deyil.
Onlar bir-birini anlaya bilmirlər. Ancaq ayrılmaq da olmur. Bununla da
tamaşa başa çatır.
 
Tamaşada ciddi bir mesaj var: insanı sevmək lazımdır. Biz bəzən
içimizdəki fırtınaları görə bilmirik. Kənar şeylərə, xaricə daha çox
üstünlük veririk. Sevgi o qədər böyük bir anlamdır ki, onu hansısa xırda
maneələrə görə rədd etmək, özündən uzaqlaşdırmaq olmaz. İnsan yeməksiz,
susuz yaşaya bilər, ancaq sevgisiz mümkün deyil. Gerisi boş şeydi. Bir
sözlə, əziz oxucular, sevin, sevilin! Bu dünyada heç kim başqaları üçün
deyil, özü üçün yaşayır...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!