Azərbaycan respublikasının dövlət himni

Azərbaycan respublikasının dövlət himni
Maraqlı məlumatlar
10.09.2017 27
28  may  1918-ci  il  tarixdə  Azərbaycan  istiqlaliyyəti elan
olunduqdan sonra ADR-in Dövlət bayrağı və Dövlət gerbi ilə bərabər
Dövlət himninin də yaradılması və qəbul edilməsi məsələsi qarşıya çıxdı.

"Himn" yunanca   "təntənəli  nəğmə"  deməkdir.   O,  siyasi
təbliğatda   mühüm  vasitə   olmaqla  müəyyən  mütəşəkkillik  və
səfərbərlik rolu da oynayır. Himnin ifası əsasən bayram  şən­likləri,
siyasi nümayişlər, rəsmi dövlət qəbulları, hərbi paradlarda nəzərdə
tutulur.

Dövlət  himninin  mətni və  melodiyası  xalqın  bütün sosial təbəqələrinə asan anlaşılmalıdır.

ADR dövründə  dahi  bəstəkarımız Ü.Hacıbəyov iki 
marş yazmışdır.  Onların hər ikisi 1966-cı ildə türk musiqişünası Etem
Üngörükün Ankarada nəşr etdirdiyi "Türk marşları" kitabında çap
olunmuşdur.

Dövlət himnimizin qəbulu məsələsi ortaya çıxanda əksəriyyət
Ü.Hacıbəyovun həmin marşlarından birini oranjiman etməklə himn kimi
qəbul edilməsi fikrini  müdafiə etdi.  Beləliklə,  yeni  dövlət
himnimizin musiqisi yenə Ü.Hacıbəyovun oldu. Mətnin isə görkəmli
şairimiz Əhməd  Cavada məxsus  olduğu  qeyd edilir. Lakin  son zamanlar 
Azərbaycan Respublikası Milli  Elmlər  Akademiyasının Ədəbiyyat
İnstitutunun alimləri himnin  mətninin müəllifliyi barədə apardıqları
tədqiqatlar nəticəsində məlum olmuşdur ki,  1919-cu ildə Bakıda nəşr
olunmuş "Milli  nəğmələr" məcmuəsində himnin sözləri "Cəmo bəy" imzası
ilə çap olunmuşdur.  Bu imza isə ADR dövründə həm parlament,  həm də
hökümət  üzvü kimi fəaliyyət göstərmiş publisist və şair Cəmo bəy
Hacınskiyə məxsusdur.

Azərbaycan Respublikası Milli Məclisinin  1993-cü il 2 mart tarixli
qərarı  ilə Azərbaycan Respublikası Dövlət himni haqqında əsasnamə
təsdiq edilmişdir.
 
Azərbaycan Respublikasının Dövlət himni haqqında
ƏSASNAMƏ
 
l.Azərbaycan  Respublikasının  Dövlət  himni   Azərbaycan
dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzidir.
Azərbaycan Respublikasının  Dövlət  himninə  dərin  ehtiram bəsləmək
onun hər bir vətəndaşının vətənpərvərlik borcudur.
2.Azərbaycan Respublikasının Dövlət himni aşağıdakı hallarda ifa olunur:
a) dövlət bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı;
b) Hər  gün Azərbaycan Respublikası milli televiziya və  radio verilişlərinin əvvəlində və axırında;
v) Azərbaycan xalqının və dövlətinin həyatında çox mühüm tarixi
hadisələr münasibətilə, Azərbaycanın görkəmli siyasi, dövlət, hərbi
xadimlərinin,  milli  qəhrəmanlarının,  elm, ədəbiyyat  və incəsənət
xadimlərinin  şərəfinə abidələrin  və  lövhələrin  açılışı zamanı;
q)  Dövlət  və  ictimai orqanlar,  müəssisələr,   idarələr  və
təşkilatlar tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər
zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılarkən;
ğ)  Azərbaycan Respublikasına  rəsmi  görüşə gələn  xarici ölkələrin
dövlət  və  hökumət  başçıları  qarşılanarkən  və  yola
salınarkən-müvafiq ölkənin Dövlət himni ifa olunduqdan  sonra.
3.  Azərbaycan Respublikasının Dövlət himni orkestr, xor,orkestr-xor
tərəfindən, yaxud başqa vokal üsulla  və alətlər vasitəsilə ifa 
olunur.  Bunun üçün  səsyazma vasitələrindən də istifadə  edilə
bilər.Bütün hallarda Azərbaycan Respublikasının Dövlət himni tam ifa
olunur.
4.  Azərbaycan Respublikasının Dövlət himni "Azərbaycan
Respublikasının  Dövlət himni  haqqında" Azərbaycan Respublikasının
1992-ci il 27 may  tarixli Qanunu ilə təsdiq edilmiş mətnə və musiqi
redaksiyasına tam müvafiq surətdə ifa olunmalıdır.
5. Azərbaycan Respublikasının Dövlət himni camaat qarşısında ifa  
olunarkən  oradakılar  himni   ayaq  üstə   dinləməli  və  ya
oxumalıdırlar.
6.  Hərbi  hissələrdə,  hərbi  gəmilərdə, daxili işlər  və milli
təhlükəsizlik  orqanlarında  Azərbaycan  Respublikasının  dövlət
himninin ifa olunması, habelə himn ifa edilərkən hərbi qulluqçuların,
daxili işlər və milli təhlükəsizlik orqanlarının sıravi və rəis heyətinə
aid şəxslərin əsgəri rəsmi təzim  etməsi hərbi nizamnamələrlə və
Azərbaycan Respublikasının müdafiə naziri, daxili işlər naziri və
milli  təhlükəsizlik naziri tərəfindən müəyyən  edilən  qaydalarla
tənzimlənir.
7. Azərbaycan  Respublikasının Dövlət himninin musiqisi və mətni əlifba kitabının birinci səhifəsində dərc olunur.
Ümumtəhsil   məktəblərində,   texniki-peşə,   orta    ixtisas
məktəblərində, ali məktəblərdə və başqa tədris müəssisələrində yeni dərs
ilinin birinci dərsi Azərbaycan Respublikasının  Dövlət  himninin
öyrənilməsinə və ifasına həsr edilir.
8.  Respublika  və  beynəlxalq  idman yarışları keçirilərkən Azərbaycan
Respublikasının Dövlət himninin ifa olunması qaydası respublika  və
beynəlxalq idman  təşkilatlarının mövcud praktikası nəzərə alınmaqla
müəyyən edilir.
9.  Respublika   idarələri  və   təşkilatları   xarici  dövlətlərin
ərazisində təntənəli tədbirlər keçirərkən Azərbaycan Respublikasının
Dövlət  himni Azərbaycan  Respublikası Xarici  İşlər Nazirliyinin
müəyyən etdiyi  qaydalara müvafiq surətdə, onların olduqları ölkənin
praktikası və yerli adətləri nəzərə alınmaqla ifa edilir.
10. Azərbaycan Respublikasının Dövlət himninin daxili işlər və milli 
təhlükəsizlik  orqanlarında, tədris  müəssisələrində,  idman yarışları
zamanı, habelə Azərbaycan Respublikasının idarələri və təşkilatları  
tərəfindən  xarici    dövlətlərin  ərazisində   tədbirlər keçirilərkən
ifa  olunması qaydaları bu Əsasnamənin tələbləri əsas götürülməklə
müəyyən edilir.
11. Bu Əsasnamənin dəqiq yerinə yetirilməsinə nəzarət etmək dövlət 
orqanlarının,  müəssisələrin,  idarələrin, təşkilatların, siyasi
partiyaların,  ictimai  birliklərin,  həmkarlar  ittifaqlarının və 
digər ictimai qurumların rəhbərlərinə həvalə olunur.
 
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİNİN SÖZLƏRİ
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!