Ətrafımda rəqs et, məni başdan çıxarmağa çalış...

Ətrafımda rəqs et, məni başdan çıxarmağa çalış...
Maraqlı məlumatlar
10.09.2017 23
Hərdən olur ki... Hərdən olur ki, özünü dünyanın bir küncündə, unudulmuş sayırsan...  Keşkələrin, təəssüflərin ümidlərinin belini qırır, boğazından yapışıb arzularını nəfəs almağa qoymur.  Sənin də yaxandan yapışıb, qəm dünyasına sürükləyir.  Hərdən olur ki, qışqırsan belə, ən yaxınındakına ünün yetmir.  Hərdən də olur ki, səssizliyinlə içindəkiləri bildirə bilirsən. Sənin səssizliyin bəzən yatmış duyğuları oyada bilir. Sənin səssizliyn içindəki məni ayağa qaldırır.  Hərdən olur ki, heç kim köməyinə yetmir. Həyat bəzən o qədər insafsız olur ki, hətta ən kiçik bir boşluğunda səni divara sıxmaqdan çəkinmir. Hiss etdirmədən ən zəif anında öz zərbələrini endirə bilir.  Hərdən olur ki, gözlərin soyuq bir pəncərə şüşəsinə zillənir, ürəyin isə ümidlərinin dalınca qaçmaq istəyir. Ağlının dediyini qəlbin təkrarlamır.  Hərdən olur ki, özünə yer tapa bilmirsən, oyuncağını itirmiş uşaqlar kimi gözüyaşlı axtarırsan...Tapmayacağını bilə-bilə axtarırsan... Ehtiyacının qolları o qədər qüvvətli olur ki, səni özünə sıxır, sındırmağa, əyməyə, əyilməyə məcbur edir... Hərdən olur ki, pəncərəni döyəcləyən yağış damlaları göz yaşlarını qəlbinə axıda bilir, qəlb ritmlərinə hakim kəsilir... Hərdən olur ki, taleyinlə barışırsan, dünənində, ən şirin anlarında ilişib qalırsan... Hərdən olur ki, bir anın içindəcə möcüzənin baş verməsini gözləyirsən, içindən nağıllara inanmaq gəlir... Daha addım ata bilməmək, nəfəs almaq istəmədiyin anlar da olur. Yanı başından axıb gedən, amma sənə heç toxunmayan həyatı seyr edirsən yavaşca... Sənə heç toxunub-dəymir həyat. Əllərindən tutub səni içinə çəkmir, çəkə bilmir... Hərdən olur ki, yoruldum deyirsən... Həyatın əllərini yavaşca buraxırsan. Ürəyində ona qarşı bir hayqırtı olur, ona səslənərək sanki bütün gücünlə qışqıraraq demək istəyirsən: -Öz oyunlarına davam et..! Ətrafımda rəqs et, məni başdan çıxarmağa çalış...  Aldanmayacam yalançı gözəlliklərinə! Aldanmayacam yavaş-yavaş içimə işləyən, alışdığım qoxuna... Hərdən olur ki, içində olanları tökmək üçün bir kağız, bir qələm, bir də fürsət gəzirsən... Hərdən də olur ki, sadəcə, gözlərini yumub bütün bunları beynində düşünmək istəyirsən...


Yazar: Səbinə Dəniz [Kulis]скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!