Daşkəsən rayonu

Daşkəsən rayonu
Maraqlı məlumatlar
10.09.2017 11
Daşkəsən rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Daşkəsən şəhəridir.



Daşkəsən rayonu Azərbaycan SSR ərazisində 1930-cu ildə inzibati ərazi kimi yaradılmışdır. Daşkəsən şəhərinin əsası Böyük Vətən müharibəsindən sonra 1948—ci il mart ayının 16-da qoyulub. Rayon əsasən dəmir filizi yataqlarının istifadəyə verilməsi ilə əlaqədar salınıb. Bundan sonra rayona əhali axını güclənmişdir. Lakin rayona daha çox ermənilər məskunlaşdılırdı. Ermənilərin Moskvadakı havadarı Anastas Mikoyanın təşkilatçılığı ilə 1948-1953-cü illərdə Daşkəsənə minlərlə erməni ailəsi köçürülür. 1956-cı ilə qədər Dəstəfur rayonu adını daşımış, 1956-cı ildə Daşkəsən adlandırılmışdır. 1963-cü ildə ləğv edilərək ərazisi o dövrkü Xanlar rayonuna verilmiş, 1965-ci ildə isə yenidən müstəqil inzibati ərazi — rayon olmuşdur. Qarabağ müharibəsi dövründə döyüşlərin bir hissəsi Daşkəsənə məxsus kəndlərlə həmsərhəd ərazilərdə getmişdir. Ermənilər Azərbaycanın bir çox əraziləri kimi Daşkəsənə də iddia edir, buradakı Alban məbədlərinin ermənilərə məxsus olması haqda saxta faktlar uydurur, buranın "qədim Ermənistan torpağı" olduğunu təbliğ etməyə çalışırlar.



Zağalı, Zivlən, Bayan, Qurubulaq, Əmirvar, Xoşbulaq, Zağalı, Dardərə və başqa kəndlərdə aparılmış arxeoloji qazıntılar bu rayonun ərazisində daş dövrünə aid insan məskənlərinin olmasını sübut edir.



2010-cu ilin yanvar ayında Daşkəsən rayonunda yerləşən, Müdafiə Nazirliyinə məxsus N saylı hərbi hissəsədə baş vermiş qanlı hadisə nəticəsində Azərbaycan Ordusunun 6 hərbçisi həlak olub, daha 2 hərbçisi isə yaralanmışdır. Nazirliyin yaydığı rəsmi məlumatda həlak olan 2 hərbçinin digər 4 hərbçini güllələdiyi, daha sonra isə özlərini öldürdüyü deyilir. Lakin həlak olan hərbçilərin yaxınları və müstəqil hərbi ekspertlər bu versiyanın uydurma olduğunu, hadisənin ermənilər tərəfindən törədildiyini bildiriblər.



Daşkəsən rayonu Gəncə şəhərindən 33-41 kilometr cənub-qərbdə, Kiçik Qafqazın şimal-şərqində dəniz səviyyəsindən 1600-1800 metr yüksəklikdə yerləşir.



Rayon cənub-qərbdən 8 kilometr məsafə ilə Ermənistan Respublikası ilə (8 km), eləcə də Şəmkir (24,5 km), Kəlbəcər (23 km), Gədəbəy (41 km) və Göygöl (56,3 km) rayonları ilə həmsərhəddir. Ümumi sahəsi 1047 km²-dir. Daşkəsən rayonu ilə Bakı şəhəri arasında olan məsafə 406 km-dir.



Relyefi



Daşkəsən şəhəri

Kiçik Qafqazın şimal-şərqində yerləşən Daşkəsənin səthini şimala doğru alçalan dağlar əhatələyir. Murovdağ və Şahdağ silsilələrinin yamacları da bu rayonun ərazisidir. Ən hündür zirvələri Hinaldağ (3367 m.), Qoşqar dağı (3361 m.) və sairdir.



Başkənd-Dəstəfur çökəkliyinin bir hissəsi Daşkəsən rayonu ərazisindədir. Səthi kanyonlarla kəsilmişdir. Yura və təbaşir çöküntüləri yayılmışdır.



Təbiəti



Daşkəsən rayonu, Bayan kəndində evlər

Təmiz hava, yaşıllığın bol olması, zəngin fauna, Murovdağ silsiləsi boyunca uzanan meşə massivləri yay aylarında təbiət həvəskarlarını Daşkəsənə cəlb edir. Rayonda Xoşbulaq və Göygöl süni gölləri vardır.



Daşkəsənin istilik və rütubətin nisbətindən özünəməxsus torpaq- bitki örtüyü və heyvanat aləmi var.



Enliyarpaqlı dağ-meşə landşaftı 600 metrdən 1900 metrədək hündürlüyü olan yamacları örtür. Dağların yüksək sərhədi palıd meşələri ilə tamamlanır. Meşələrdən yuxarı sərhəddə subalp və alp çəmənlikləri yerləşir. Bu çəmənlər yaz vaxtı minbir rəngli xalıya bənzəyir.



Subalp çəmənləri və çəmən çölləri meşə qurşağı ilə alp çəmənləri arasında geniş sahə tutur. Burada taxıllı, müxtəlif otlu, yulaflı çəmənlər yerləşir. Subalp çəmənliklərində paxlalılar, gülçiçəklilər, xaççiçəklilər, zəngiçiçəklilər və sair fəsilələrdən olan bitkilər hündür, olduqca təsirli, butaya bənzər ot örtüyü yaradır. Subalp zonasında hündürotlu çəmənliklərdən başqa, çəmən bozqırları, kollu çəmənlər də inkişaf etmişdir.



Alp çəmənləri "Alp xalıları" adlanan alçaqboylu otlardan ibarət bitkiliyi ilə subalp çəmənlərindən çox fərqlənir. Bu bitkilər dağ-çəmən torpaqlarında sıx çəmən örtüyü yaradırlar. Qayalı, daşlı yamaclarda seyrək bitki qruplar inkişaf edir. Taxıl otları və çillər hamar dağ yamaclarında sıx qiymətli yay otlaqlarıdır. Yüksək dağların daha rütubətli yamaclarında cil, şahduran, qaytarma, dəstərək, qırtıc, topal və sair şaxələnən kök sisteminə malik otlaq bərk döşənəkli "Alp xalıları" yaradır.



Daşkəsən rayonu Kiçik Qafqazın şimal–şərqində yerləşdiyi və səthi şimala doğru alçalan dağlarla əhatə olunduğu üçün olduqca mənzərəli, qışda qismən azalan, yaz-yay, payız mövsümlərində aşıb-daşan dağ çayları ilə zəngindir. Onlardan Göy-göl (Zivlən kəndi), Gəncəçay (Çanaqçı-Dəstəfur kəndləri), Ballıcalı (Qaraqollar), Şəmkirçay (Astaf kəndi), Qoşqarçay (Xoşbulaq kəndi-Daşkəsən şəhəri) çaylarını göstərmək olar.



Turizm üçün xarakterik olan Zivlən və Astaf kəndlərində olduqca ecazkar təbiət gözəli olan eyni adlı iki göl – Göy-göl vardır. Rayona xüsusi gözəllik verən, yol boyunca uzanan qalın və seyrək meşələr var. Meşələrdə, əsasən fıstıq, vələs, palıd, cökə, söyüd, göyrüş, qozqara (qaraağac), töləkə və görməşov ağacları bitir.



Rayonda insan sağlamlığı üçün xüsusi əhəmiyyət kəsb edən müalicəvi əhəmiyyətli bitkilər var. Onlardan kəklikotu, gülxətimi, qəfli, sarıçiçək, çobanyastığı, boymadərən, boyxoş, andız, qaraçiyələm, qaraçörək, yarpız, daşyarpızı, dəvədabanı, solmazçiçəyi, yasəmən, çəmən, yolotu (qırxbuğum), cincilim qantəpər, şehdərən, dağ bənövşəsi, bənövşə, nərgiz, lilpar, unnuca, gicitkən, qaymaqçiçəyi və s. yerli əhali tərəfindən yığılır.



Rayonun gur çeşməli, şəffaf, müalicəvi əhəmiyyətli bulaqları var:



Yumurtalı bulaq – Qabaqtəpə kəndi;

Narzan bulağı – Yuxarı Daşkəsən qəsəbəsi;

Turşsu bulağı – Alaxançallı kəndi;

Qiblə bulağı – Qabaqtəpə kəndi;

Qayğı bulağı – Qabaqtəpə kəndi;

Böyrək bulağı – Alunitdağ qəsəbəsi;

İdris bulağı – Əmirvar kəndi;

Seyid bulağı – Xoşbulaq kəndi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!