"Naxçıvanqala" tarix-memarlıq muzey kompleksi

Maraqlı məlumatlar
10.09.2017 5
NAXÇIVANQALA – Naxçıvan şəhərinin cənub-şərqində arxeoloji abidə. Elmi ədəbiyyatda Yəzdəgird qalası, xalq arasında Köhnəqala, Torpaqqala adları ilə tanınır. Qalanın tikilmə tarixi dəqiq məlum deyil. 1957-59-cu illərdə qalanın ərazisində aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar, xüsusilə, saxsı qab fraqmentləri, daş gürzülər aşkar olunmuşdur. Arxeoloji tədqiqatlardan belə daş gürzülərin Tunc dövründə (e.ə.3-2-ci minilliklər) Duz mədənlərində istifadə olunduğu məlumdur. Qalanın III Sasani hökmdarı Yəzdəgirdin (632-51/52) tərəfindən inşa olunduğu ehtimal olunur. Türk səyyahı Ö.Çələbinin verdiyi məlumata görə, monqollar qalanı dağıtmışlar. Həmin qalanı sonralar Naxçıvanda olmuş Şarden və Frehanq da xatırladırlar. Qala XVIII əsrədək fəaliyyətdə olmuşdur. 1827-ci il planında bu qala sxematik qeyd olunmuşdur. Plana əsasən qala iki hissədən - kiçik qala (Narınqala) və böyük qaladan ibarətdir. Böyükqala Narınqalaya nisbətən daha çox dağıntıya məruz qalmışdır. Böyükqalanın düzbucaqlı formada (185x400 m) olan ərazisi 7400 m2-dir. Narınqalaya nisbətən sonralar inşa və ya bərpa edildiyi güman edilən bu qalanın salamat qalmış, döyməgil və çınqıl qatışığından hörülmüş divarları, kvadrat formalı (19x19x5sm) çəhrayı və sarı rəngdə bişmiş kərpicdən tikilmiş bina qalıqları tikilinin orta əsrlərə aid olduğunu sübut edir. Böyükqala yerləşdiyi təpənin relyefinə uyğun olaraq şimal-şərq və şimal-qərb tərəfdən nisbətən düz, cənub tərəfdən isə ziq-zaq şəklində inşa edilmişdir. Ziqzaqların çöl tərəfə çıxan kəsişmələri diametri 5,7 m. -dən 9 m.-ə dək dəyişən konusvari bürclərlə tamamlanmışdır. Böyükqalanın salamat qalmış divarlarının eni 1 m., hündürlüyü isə bəzi yerlərdə 5 m.-ə çatır. Ayrıca onu da qeyd edək ki, qalanın qərb küncündə Nuhun türbəsi və digər tikintilərin qalıqları qalmaqdadır. Qalanın kvadrat formada (150x150 m) olan Naxçıvan hissəsində hazırda binaların izləri qalmaqdadır. Naxçıvanın çaydaşı əlavə etməklə döyməgildən hörülmüş divarlarının salamat qalmış hissələrinin qalınlığı 3,5 m-dən 4 m.-ə çatır. Narınqala diametri, əsasən, 10 m olan dairəvi qüllələrə malikdir. Güman edildiyinə görə, Narınqalanın darvazası onun qərb küncündəki qüllə ilə yanaşı olmuşdur. Naxçıvanı əhatə edən divarlar qalanın qərb hissəsində salamat qalmışdır. Şimal-şərq səmtindəki əksər hallarda yuxarıya doğru getdikcə nazilən dairəvi qüllələr qismən salamat halda zamanımızadək gəlib çatmışdır. Narınqalanın cənub-qərbdə 300 nəfərin gizlənə biləcəyi yeraltı sığınacaq-mağara var. Onun havalandırılması və işıqlandırılması üçün yuxarıdan oyuq açılmışdır. Mağaradan qalanın şərqinə tərəf gedən gizli yol, çox güman ki, Naxçıvançaya çıxır. Narınqalanın altından keçən kəhrizin iki quyusu qalanın içərisində yerləşir. Quyulardan biri mağaranın içərisindədir. Qalanın özünəməxsus səciyyəvi xüsusiyyətlərindən biri də qalanın Böyükqala və əsas Narınqala hissələri arasında eni 22,5 m olan dar dəhliz formasında həll edilmiş çıxış yolunun-”tələ”nin təşkilindən ibarətdir. Öz qeyri-adiliyi ilə qalanın xeyli dağıdılmasına baxmayaraq, salamat qalmış qala divarlarının və bürclərinin hissələri diqqəti cəlb edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!