Biz də uşaqlarıq, amma...

Biz də uşaqlarıq, amma...
Maraqlı məlumatlar
10.09.2017 6
Bizlər də uşaqlarıq, amma sizlərdən fərqliyik. Əgər sizin qayğıkeş ailəniz, doğma eviniz varsa, biz o xoşbəxtlikdən məhrumuq. Bizlər müxtəlif səbəblərdən dolayı Uşaq Evinin 18 yaşadək sakinləriyik. Ən böyük arzumuz ailədir,  amma ən böyük kabusumuz 18 yaşdır. Məhz o yaş həddi ilə cinsi ayrı-seçkiliyə məruz qalırıq.



Qızlarımıza hələ 15-16 yaşlarından etibarən müəssisə işçiləri tərəfindən təqyiqlər edilir, "18-ə bir şey qalmayıb, göz açıb yumunca 18-dəsən.” Mənəvi terrorun kökündə isə "ər” dayanırdı. Bəzi qızlarımız müəssisə işçilərinin yaxınlarına ərə verilərdi, bəziləri vaxtı-vaxtında bizi ziyarət edən yaşlı xeyriyyəçi şəxslərə. Bizim üçün Uşaq Evlərinin yaxınlığında tikilən "bina ev”lərin ancaq adı mövcuddur. 2-3 ilik nümayişkarənə yaşayışdan sonra "ər”lə siyahıdan silinirlər ki, bina ev yeni sakinlərlə təmin olunsun. Onları işə düzəltmək müşkül məsələlərdən idi. Məktəb "diplom”u və ya sertifikat heç bir təhlükəsizliyə zəmanət verə bilməzdi. Yetim qızlardan cinsi istismar məqsədilə sui-istifadə edərək küçə qadınına çevirmək və bundan qazanc götürmək istəyən şəxslər maska dəyişdirirdilər. Odur ki, qızlarımızı ərə verməklə bir növ onlara "yaxşılıq” etmiş kimi olurdular. Bəzi qızlar 18-ə gəlincə "ər”dən öncə "ev”dən qaçırdılar, taleləri naməlum qalırdı. Əlbəttə, şübhələr hər zaman var, amma bəzən daha acınacaqlı olurdu. Bir qızımızın fahişə olduğunu öyrəndik, birinin qrup təcavüzündən sonra vəhşicəsinə öldürülməsini eşitdik, başqa birinin narkotiklərə qurşandığına qulaq şahidi olduq.  Bütün bunlar bizi əməllicə vahimələndirirdi, "ər”dən savayı çıxış yolu olmadığı qənaətinə gəlirdik, amma "ər”lərdən də çəkənlərimiz vardı. Tayı-bərabəri olmayan gözəlimizi az qala atamız yaşında birisinə vermişdilər, az-maz qulağımıza xəbər çatırdı ki, yazıq qız ondan nələr çəkirmiş. Bir qızımız isə ər evindən 3-cü ayında qaçaq düşmüşdü, əzazil qayınanası göz verib, işıq vermirdi. Başqasından intihar xəbəri gəldi. Düzdür, heç də hamısı ərlərindən əziyyət görmürdülər, Çin işgəncəsi yaşamırdılar, bəzi qızlarımız hətta yaşadıqları xoşbəxtlikdən hamıya pay arzulayırdılar, amma yenə də rahat ola bilmirdik. Amma elələri var idi ki, şans onların üzünə gülürdü: "Ev”dən qaçaq düşməklə başlarına taleh quşu qonurdu. Cüzi qazancla kirayə haqqını ödəməyə mütləq tələbə qızlardan kimsə tapılaraq birgə öyrənirdilər. Birisi ali təhsil ocağına yollanarkən, digəri iş yerinə gedib gələrdi: mağazada satıcı, atelyedə dərzi köməkçisi, qadın salonunda usta yardımçısı. Birinin tələbəliyi bitəndən sonra təkrar elanla başqa birisini gözləməyə başlayırdı.



Oğlanlarımıza gəldikdə isə onların taleləri qızlar qədər olmasa da, yenə də dəyişilirdi. Onlar üçün qızlar kimi "ev”lərin tikiləcəyi barədə söyləntilər gəzsə də, ortada heç bir hərəkət müşahidə olunmurdu. Onları qızlar kimi  "ər”ə verməklə vicdanlarını rahatlamırdılar. Odur ki, çox hallarda oğlanlarımızın taleyi qızlarımızdan faciəli olurdu. Bəzi oğlanlarımız vardı ki, narkoman, oğru, qatil olmaqdan başqa seçimləri yox idi. Onların soraqlarını eşidərkən həmişə səksəkə içində olardıq. Bəziləri fiziki quruluşlarından ötrü müəssisə işçilərinin yaxınlarına gülünc maaş qarşılığında işləməyə razılıq verirdilər, fəqət harada və necə yaşadıqları dəqiq bilinmirdi. Əksər oğlanlarımız pul qarşılığında istənilmədən motellərdə bəzi vicdansız həmcinsləri üçün cinsi istismar subyekti olmaq məcburiyyəti qarşısında boyun əyməkdən başqa çıxış yolu görünmürdü. Böyük qismi isə mafiyanın cinayətlərinə ortaq olduqdan sonra vəzifəli, adlı-sanlı, məşhur şəxs(iyyətsiz)lərin cangüdəni olurdular. Təbii ki,  aralarında satıcı, ofisant, bərbər. fəhlə, rəngsaz kimi peşə sahibləri də az deyildi. Nə də olsa, cəmiyyətdə kimsəsiz oğlanlara olan münasibət qızlardan kəskin şəkildə fərqlənirdi. Oğlanlarımızdan universitet qazanan da, əsgər gedən də vardı. Tələbəmiz gündəlik ehtiyacından, ödənişindən ötrü günün müxtəlif saatlarında ayrı-ayrı yerlərdə qan-tər tökməyə məcbur olurdu, həmcinsindən fərqli olaraq sevgili, bahalı telefon, brend geyim əvəzinə təhsilini düşünürdü. Əsgərimiz isə döyülmə-söyülmə üçün əla variant idi, həmişə hədəfdə idi. Amma tələbəlik də, əsgərlik də bitən kimi çıxış yollarını axtarılmağa başlanılır.



Uzun sözün qısası, sizin problem etdiklərinizə həm ağlayırıq, həm gülürük. Sizlər ailəyə, evə, cəmiyyətə sahibsiniz, amma yenə də haqlı-haqsız şikayətlənirsiniz. Amma bizlər nəinki dövlətin, heç cəmiyyətin də vecinə deyilik. Bizlər sizin üçün kimik? Düşünün!    



Müəllif: Nigar Şahsuvarovaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!