Qohumluq əlaqələri cəmiyyəti ailəyə çevirir

Qohumluq əlaqələri cəmiyyəti ailəyə çevirir
Maraqlı məlumatlar
10.09.2017 7
Çox
bağlı qapılar açıldı, çox açıq qapılar da bağlandı. Yenilənən,
gündən-günə dəyişən bu dünyanın içində biz də qloballaşmaya,
qloballaşmağa gedirik.

Gedə-gedə
də nəyisə qazanır, nəyisə itiririk. Ailəmizin nizamı dəyişir, şəkli,
ölçüsü başqalaşır. Bir zamanlar ailədə ən azı 5-6, bəzən 10-dan çox uşaq
böyüyərdi, indi ən çox ikisi ilə kifayətlənirik. Rahatlıq istəyirik
çünki, "azın qayğısı da az olur” deyirik. Amma əmisiz, dayısız, xalasız,
bibisiz nəsillər böyüdürük. Onlar bir tərəfə qalsın, əksər ailələrdə
tək uşaq böyüyür- bacısız, qardaşsız. Bu təkliyin o uşaq üçün nə qədər
böyük məhrumiyyətlər olduğunu isə düşünmürük. Düşünmürük ki, hər bir tək
uşağın tənhalıq qorxusu var.

Hər kəs qohumuna baxsa...

Əgər
ciddi araşdırsan, məlum olar ki, hər kasıbın, hər imkansızın müəyyən
qədər imkanlı qohumları var. Demək, problem sərvət məsələsində deyil,
münasibətlərdədir. Hələ qədimdən ölkəmizdə belə bir ənənə mövcud olub
ki, hər el, oba, oymaq öz kasıbına, yetiminə, xəstəsinə, imkansızına
sahib çıxıb. Əgər, həqiqətən də, hər kəs öz qohumunu itirib-axtarsa, ona
kömək dursa, cəmiyyətdə dərmansız, çörəksiz, evsiz-eşiksiz adam qalmaz.
İslam təməl prinsiplərindən olan zəkat məsələsində də qohumluq
məsələsinə üstünlük verilir. Cəmiyyətdə yardımlaşma, xeyirxahlıq duyğusu
məhz yaxın qohumlara köməklik etmək yolu ilə başlar və getdikcə daha da
genişlənər və hər kəsi əhatə edər. Əlbəttə, tanıdığın, bildiyin yaxın
bir qohuma əl tutmaq tanımadığın, ilk dəfə gördüyün birinə köməklik
göstərməkdən daha asandır. Ona görə də bu cür məsələlər uzaqdan yaxına
doğru deyil, yaxından uzağa doğru inkişaf edəndə daha səmərəli və
faydalı olur.

Ata-ana qohum deyil

Övlad
öz valideyninə nə qədər yaxşılıq etsə, kömək dursa, yenə onların
borcundan çıxmış sayılmaz. Daha doğrusu, valideyn borcu bir ömür boyunca
ödənməsi mümkün olmayan bir yükdür. Nə qədər fədakarlıq göstərsən,
bütün sərvətini onların ayaqları altına səpsən, kifayət etməz. Allahın
rəğbəti valideynin rəğbəti, Allahın qəzəbi valideynin qəzəbi ilə
birlikdədir. Ona görə də valideynləri qohumlarla eyni cərgəyə qoymaq heç
bir qanuna, ədalətə uyğun deyil. Yeri gəlmişkən, bir həqiqəti də
xatırlatmaq yerinə düşərdi ki, dinimizə görə, zəkat veriləsi şəxslər
arasında ata, ana, baba, nənə, övlad, nəvə yer almır. Bilirsinizmi niyə?
- Çünki bu saydıqlarımız bir nəsil xəttidir və bu xəttə hər kəs
bir-birinə doğmadır. Doğma olduğu üçün də imkanı yetdiyi qədər yardım
etməlidir. Doğrudur, indi kimlərsə fikirləşəcək ki, insan öz övladının,
nəvəsinin yükünü, qayğısını nə qədər çəkməlidir axı? Haqlı iraddır, amma
gəlin etiraf edək: hansımız onlar üçün hansısa fədakarlıqdan qaçırıq?

Yaxın qonşu, uzaq qohum

İmkan
tapdıqca qohumları ziyarət eləmək, münasibətləri hər zaman təravətli
saxlamaq, qorumaq lazımdır. Son illərdə ailələrin yerdəyişməsi, bir
yerdən başqa bir yerə köç etməsi tez-tez rast gəlinən mənzərələrdir. Bir
ocaqdan çıxmış gənclər ölkənin müxtəlif guşələrinə yayılırlar, hərəsi
bir işin qulpundan yapışıb yeni mühitə öyrəşir, ata-baba yurdundan,
yaxın qohumlarından tədricən soyuyur. Yeni insanlarla qaynayıb-qarışır,
hər işini, hər problemini onlarla həll etməyə çalışır. Belə olan halda,
əski qohumlarla münasibətlər tamamilə kəsilir. Son dövrün ən böyük
nailiyyətlərindən olan mobil telefonlar bu sahədə meydana çıxan
problemləri həll etmək üçün çox uğurlu vasitədir. Qonşu nə qədər yaxın
olsa da, qohum qohumdur, onu heç nəyə dəyişmək olmaz. Zəng eləmək,
internet üzərindən əlaqə saxlamaqla o tellərin qopmamasını təmin etmək
üçün bu gün hər cür imkan var, yetər ki, onları qorumağa çalışasan.

İki sərnişin yan-yana

Bir
tanışım deyir ki, doğulduğu rayona yaxın bir qohumunun toyuna dəvət
alır. Avtobusda 20-21 yaşlarında bir oğlanla qonşu düşür. Əvvəlcə, bir
müddət qəzet-jurnalla başını qatır, sonra ötüb-keçdikləri yerlərə tamaşa
eləyir, ondan da yorulanda qonşusu ilə ünsiyyət qurub, ordan-burdan
söhbət eləmək istəyir. Məlum olur ki, hər ikisi eyni rayona, eyni kəndə
gedirlər, daha sonra o da məlum olur ki, hər ikisi eyni adamın toyuna
dəvətlidir. Tanışım deyir ki, birdən onun mənə yaxın olduğu ürəyimə
damdı və soruşdum ki, sən kimsən, kimin oğlusan? Atasının adını deyəndə
quruyub qaldım, doğmaca əmim oğlunun oğlu imiş, həm də böyük oğlu.
Bilirdim ki, onun belə bir oğlu var, amma neçə illər idi ki, onların
qapısını açmağı fikirləşsəm də, bu addımı atmamaq üçün hər dəfə bir
bəhanə tapa bilirdim.

Sən özün hədiyyəsən

Qəribə
adətlərimiz var, bir dostu, qohumu ziyarətə getmək istəsən, gərək
əlində nəsə payın olsun. Haradan baxsan da bu pay 15-20 manatdan ucuza
başa gəlməyəcək. Əgər evin xanımı tədbirlidirsə və yaydan tədarük etdiyi
mürəbbədən, kompotdan-zaddan bir şey əlinə alsan, həm daha qənaətli,
həm də daha xeyirli olacaq. Çünki mənşəyi, tərkibi məlum olmayan konfet
aparmaqdansa bu kimi şeylər aparmaq daha yaxşıdır. Etiraf edək ki, əksər
hallarda bu pay məsələsi düşüncələrimizdə əsl əngələ çevrilir. Yəni
dostu, qohumu ziyarət haqqında düşünəndə ağlımıza, ilk növbədə, bu cür
problemlər gəlir və fikrimizdən vaz keçirik. Bu məsələdə də xanımların
müəyyən düsturları, "olar-olmaz”ları var. Amma mənim üçün onlar heç də
əhəmiyyətli deyil. Əgər bir dost, qohum, həqiqətən də, səni görmək,
hal-əhval tutmaq, üz-üzə oturub bir stəkan çay içmək istəyirsə, əla!
Amma gələn bir xərclə gələn, ev sahibi də gələni görən kimi gündəlik
ritmini dəyişib, xüsusi xərclə süfrə açırsa, bütün bunlar qarşılıqlı
itkidən başqa bir şey deyil. Atalarımızın gözəl bir sözü var: "Dost məni
yad eləsin bir çürük qoz ilə”.

Gələndə səmimiyyətinlə gəl, ürəyinlə gəl, dualarınla gəl! Bu gəliş özü hədiyyədir.



Allahın əmri

Qohumluq
əlaqələrini qoruyub saxlamaq, xoş günlərdə, ağır anlarda bir-birinə
dəstək olmaq Allahımızın bizlərdən istəyidir. Sədəqə verəndə də ən doğru
olan budur ki, yaxın ətrafımızdan başlayaq. Qohumluq münasibətlərinin
gücləndirilməsi, nəsildən-nəslə ötürülməsi gözəl ənənədir. Amma bir
həqiqəti nəzərdən qaçırmayaq ki, ədalət hər şeyin üzərindədir, yəni
filankəs bizim qohumumuzdur deyə onun tərəfini tutmaq, layiq
olmadıqlarını ona vermək ədalət olmur, zülm olur.

Əgər
cəmiyyətdə bütün imkanlılar öz qohumlarını itirib-axtarsalar, əmin olun
ki, əksər problemlər həll olub gedər. Qohumluq tellərinin güclənməsi
cəmiyyəti ailə halına gətirir, insanlar arasında səmimiyyəti artırır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!