Sirli Sirius Planeti: İlk insan və ya Doqonlar

Sirli Sirius Planeti: İlk insan və ya Doqonlar
Maraqlı məlumatlar
10.09.2017 27
Qədim
xalqların bir neçə min illər öncə elm və texniki məlumatlara necə sahib
olduqları barədə tarixçilər hələ də dəqiq qərara gələ bilmirlər. Amma
bir çox alimlərin iddiasına görə, qədim dövrdə elm və texnikanın
inkişafı ancaq yadplanetlilərlə əlaqə sayəsində mümkün olub. Bu qrup
tarixçilər iddialarını tarixi əlyazmalar, mətnlər, qədim şəkillər və
sənət nümunələri ilə sübut edirlər.

 

Müasir
İraq dövlətinin cənubunda vaxtilə, daha dəqiq desək, 5 min il öncə
Şumer mədəniyyəti mövcud olub. Şumerlər hələ o dövrdə Günəş sistemində 9
planetin varlığından xəbərdar idilər. Bundan başqa şumerlər 10-cu
planet barədə də məlumatlı idilər. Bu planetin olub-olmadığı barədə
müasir dünyada alimlər hələ də yekun qərara gələ bilmirlər. Kosmosun
sirləri barədə Afrika xalqlarından birində də qədim dövrlərdən
saxlanılmış, atadan oğula ötürülmüş maraqlı məlumatlar var.

 

Aborigenlər professorlara bilgi ötürür

Fransalı
etnoqraf, professor Marsel Qriol 1931-ci ildə Mali respublikasının
ərazisində, Niger çayının sahilində yaşayan doqon qəbiləsinin (100 min
nəfər əhalisi var) qonağı oldu. Yazı mədəniyyətindən xəbəri olmayan bu
qədim tayfa əkinçiliklə məşğul olur və sivilizasiya səviyyəsinə görə
qonşu tayfalardan heç nə ilə fərqlənmir. Amma maraqlı bir fakt
professorun diqqətini cəlb etdi. Doqon qəbiləsində nəsildən-nəsilə
şifahi formada ötürülən bir əfsanə vardı. Bu əfsanədə Dünyanın
yaranmasından və doqon xalqının kosmosla əlaqələrindən söhbət açılır. Bu
tarixdən etibarən professor Qriol həmkarları ilə birlikdə Doqon
tayfasını ziyarət etməyə başladı. Qonaqpərvər afrikalılar professoru və
onun dostlarını sevinclə qarşılayırdılar. Qonaqlar ev sahibinin
etibarını qazanmağa başladılar və beləcə, Doqon tayfasının ən gizli
sirlərinə bələd oldular.

 

Qrilol
və onun əsas köməkçisi, professor Jermen Deterlen daha çox məlumat ala
bildilər. 1956-cı ildə Qriol dünyasını dəyişdi. Xanım Jermen isə onun
işini davam etdirdi. Qriol və Deterlen tədqiqatlardan sonra bir sıra
məqalələr yazdılar. 1950-ci ildən işıq üzü görən bu məqalələr
sensasiyaya səbəb oldu.

 

Əslində, məsələ necə idi?

Müasir
elmə görə, Kainat 13 milyard il əvvəl, Böyük Partlayış nəticəsində
formalaşıb və proses fiziki vakuum şəraitində baş verib. Böyük
Partlayışdan sonra Kainat daim genişlənir. Bu, XX əsrdə ortaya çıxmış
Big-bang nəzəriyyəsidir. Elm bunu qəbul edir. Doqonların əfsanələrində
Kainatın yaranması belə təsvir edilib:

"Hər
şeydən əvvəl Tanrı Amma var idi. O heç nəyin köməyi olmadan Yerə endi.
Tanrı Amma şar, yumurta formasında, yəni qapalı idi. Ondan başqa heç nə
yox idi. Tanrı Ammanın daxilindəki dünyada zaman və məkan anlayışı yox
idi. Zaman və məkan Ammada birləşirdi. Lakin Tanrı Ammanın gözlərini
açdığı zaman yetişdi ”.

Müasir
dünya məsələsinə isə əfsanədə belə toxunulub: "Dünyanın ucu-bucağı
olmasa da, onu ölçmək mümkündür”.  Bu formul Eynşteynin nisbilik
nəzəriyyəsində bəhs etdiyi formula çox yaxındır.

Bizim
Qalaktika, yəni Kəhkəşan yol – doqonlarda "məkanın sərhədi” kimi qeyd
edilib. Məkanın sərhədi ulduz dünyasının bir parçasıdır. Yer planeti bu
parçanın bir hissəsidir. Bütün bu dünya spiral formasında fırlanır.
Tanrı Amma sonsuz ulduzlar dünyasını spiral formasında yaradıb.

 

Yenə də qəribə təsadüf: Elmə məlum olan qalaktikaların çoxu  spiral formasına malikdir.

 

Doqonlara görə kainatın yaranması

Doqonların
inancına görə, Yer planeti kainatın mərkəzi deyil. Yer planetinin
sakinləri kainatda yeganə canlı varlıqlar deyil. Bu barədə əfsanədə belə
deyilir: "Spiral formalı ulduz dünyaları canlı aləmi olan dünyalardır. 
Dünyaya forma və hərəkət verən Amma eyni zamanda hər şeyi və canlı
aləmi olan digər planetləri də yaradıb. Bu planetlərdə həyat və canlı
aləm Yer Planetinə çox bənzərdir”.

 

İnanılmazdır,
amma qeyd etmək lazımdır ki, doqonların əfsanələrində ulduz məfhumu ilə
yanaşı "planet”, "planetlərin peyki” kəlmələrinə də rast gəlmək
mümkündür. Digər ulduzların ətrafında dövr etməyən ulduzlar da var və
onlar sabit (hərəkətsiz) ulduzlar adlanır. "Planetlər və planetlərin
sputnikləri digər ulduzların ətrafında dövrə vuraraq fırlanan ulduzlar
sayılır”. Bəs görəsən, hələ də ibtidai icma quruluşu dövründə yaşayan
bir xalq bu bilikləri necə əldə edib? Günəş elə bil ki, spiral yayın
təsiri ilə öz oxu ətrafında fırlanır. Yer planeti isə öz oxu ətrafına
dövr edir və Böyük Dairədə dövrə vurur.

 

Doqonlar
adi gözlə, optik cihazların köməyi olmadan görünən Venera, Mars, Saturn
və Yupiter planetlərini Günəş sistemi planetlərindən ayırırlar.
Veneranın peykinin mövcudluğu barədə doqonlarda məlumat olsa da, müasir
elm, hələ ki, bu barədə məlumata sahib deyil.

 

Doqonlar
öz əfsanələrini simvol və sxemlərlə şəkilləndirirdilər. Bu simvol və
sxemlər hərdən mürəkkəb olsa da, hər zaman inandırıcı təəssürat
bağışlayırdı. Doqonlar Yupiteri böyük çevrə formasında çəkirlər və onun
ətrafında 4 kiçik dairə təsvir edirlər. Bu dairələr planetin
peykləridir. Müasir elm Yupiterin 16 peyki haqqında məlumata sahibdir.
Onlardan 4-ü 1610-cu ildə Qaliley tərəfindən kəşf edilib. Onlar 16
peykin içində ən iri və ən parlaq olanlarıdır.

 

Saturn
isə doqonlar tərəfindən 2 formada konsentrik (ümumi mərkəzli) dairələr
formasında təsvir edirlər. Xarici dairə planetin halqasıdır.

 

Əsas ulduz

Doqonların
mifologyasında əsas yeri kainatın ən parlaq ulduzu sayılan Sirius
ulduzu tutur. Onların fikrinə görə, Sirius – ulduz sistemidir. Bu ulduz
sistemi Yer planetində həyatın inkişafına təsir edib və kainatın
təməlini təşkil edir. Doqonlar  bu ulduz sisteminin Sirius, ikinci ulduz
(Sirius B) və üçüncü ulduz sayılan Sirius C-dən ibarət olduğunu iddia
edirlər. Eyni zamanda, digər ulduzların əsas Siriusa çox yaxın olduğunu
iddia edirlər. Müasir elm bu günə qədər, hələ ki, ikinci ulduzu kəşf edə
bilib. Üçüncü ulduz, yəni Sirius C ulduzunun mövcudluğu alimlər
arasında bu günə qədər də mübahisə mövzusu olaraq qalır.

 

Doqonların
bildirdiyinə görə, Sirius B əsas Sirius ulduzunun ətrafında dövr edir.
Onun bir dövrü 50 ilə başa çatır. Sirius B əsas Siriusa yaxınlaşanda,
sonuncu çox parlaq formada işıqlanır. Uzaqlaşanda isə, Sirius B özü
sayrışmağa, parıldamağa başlayır. Kənardan baxanda isə, elə təsəvvür
yaranır ki, elə bil Sirius B bir neçə ulduza çevrilib. Qeyd etmək
lazımdır ki, astronomlar da Siriusun periodik olaraq parıldaması barədə
məlumat verirlər.

 

Sirius
B ulduzunu adi gözlə müşahidə etmək mümkün deyil. XIX əsrin ortalarına
qədər isə, doqonlardan başqa heç kəs Sirius B ulduzunun mövcudluğu
barədə məlumata sahib deyildi. Doqonların məlumatına görə Sirius B
ulduzu səma cisimləri arasında ən ağır kütləyə malik ulduz sayılır. Onun
sıxlığı elədir ki, əgər dünyanın bütün insanları yığışsa belə, Sirius B
ulduzunun ən kiçik parçasını da qaldıra bilməzlər. Bu, həqiqətən də
belədir. Sirius planetinin sıxlığını adi bir misalla izah etmək
mümkündür. Bu ulduzun bir kubsantimetr parçasının çəkisi 50 tondur.

 

İnsanlar Sirius sistemindən gəliblər?

Doqonlarda
mövcud olan əfsanələrdən birinə görə, insanları Yer planetinə səma
gəmiləri ilə gətiriblər. Onlar Sirius B ulduzlu günəş sistemindəki
planetdən gəliblər və bu planet partlamazdan əvvəl gəmilər vasitəsilə
insanları Yer planetinə uçublar.

 

Yerin
səthinə enən kosmik gəmi ikiqat spiral formasını canlandırdı. İkiqat
spiral isə, DNK molekuluna, yəni bizim genetik kod daşıyıcısına
işarədir.

 

Doqonların
əfsanələrində Sirius sistemi ulduzundan gələn sivilizasiyanın Yerə iki
mərhələdən ibarət enişindən bəhs edilir. Birinci mərhələdə Oqo adlı
məxluq planetə gəlir. İkinci mərhələdə isə, gəmidən Nommo adlı məxluq və
ilk insanlar çıxır. Oqonun şəxsiyyəti barədə sönük məlumat verirlər.
Deyəsən, Oqo məxluğu İblisin prototipidir. Tanrı Ammaya qarşı üsyan
qaldıran və bədnam olmuş mələkdir. Bununla belə, o, Tanrı Ammanın bir
çox elmindən xəbərdardır.

 

Əfsanəyə
əsasən, Oqo kiçik gəmilərin köməyi ilə üç dəfə kosmosda olub.  Kosmik
gəmilər üçün Oqo enerji mənbəyi kimi "po” adlı maddədən istifadə edirdi.
Po maddəsi kosmik kainatın təməlini təşkil edir.

 

İkinci
personaj, Cəbrayılın prototipi olan Nommodur. O, Tanrı Ammanın
əmrlərini yerinə yetirir. Onun əsas vəzifəsi Yer planetində canlı həyatı
qurmaq və planeti insanla doldurmaq idi. Bu missiyanın hazırlıq bölümü
əfsanədə öz yerini alıb. Gəminin göyərtəsində Yer planetində həyatı
canlandırmaq üçün lazım olan hər şey var idi. Eyni zamanda 4 cüt əkiz və
8 nəfər ulu baba da var idi. Gəmi planetə Tanrı Ammanın səmada açdığı
"zaman pəncərəsi”ndən keçərək gəlib.

 

Gəmi
yer səthinə endikdən sonra, ilk olaraq Nommo, ondan sonra digərləri
aşağı düşdülər. Sonra Tanrı Amma gəmini səmada mis zəncirdən asdı və
səma pəncərəsini bağladı.  Bu, gəmi ekipajı və onu göndərən sivilizasiya
arasında əlaqənin kəsilməsi demək idi. Yer planetinin ilk sakinləri
olan insanlar üçün geriyə yol yox idi. Yeni torpaqlarda məskunlaşmaq,
artıb-çoxalmaq lazım idi.

 

Biliklərin gizli mənbəyi

Doqonlar
bu biliklərə Müqəddəs mağaranın divarlarına çəkilmiş rəsmlər vasitəsilə
sahib olublar. Bu mağara dağların dərinliyində yerləşir. Onun
divarlarında çoxlu qayaüstü rəsm var. XX əsrin ortalarında bu rəsmlərin
700-800 il yaşı vardı. Mağara tayfada müqəddəs sayılan insan tərəfindən
qorunur. O, daim buranın giriş hissəsində əyləşir. Mağara qoruyucusu
tayfa tərəfindən yeməklə təmin edilir və ona xüsusi qulluq olunur. Amma
tayfa üzvlərindən heç kəs nə ona yaxınlaşa bilər, nə də toxuna bilər. O,
dünyasını dəyişəndə başqa müqəddəs insan onun yerini tutur. Mağaranın
harada yerləşdiyini tayfa üzvləri sirr kimi qoruyurlar. Qəbilə kahinləri
bu barədə bir kəlmə də danışmaq istəmirlər. Amma mağarada çoxsaylı
sübutların olduğuna əmin edirlər.

 

Bununla
belə, ağdərili insanlardan bir neçə nəfərə mağaraya daxil olmaq qismət
oldu. Onlardan biri, Belçikalı etnoqraf Ejen Qarnye 1932-ci ildə
Müqəddəs Mağaraya baş çəkdi. Ancaq içəri daxil olan digər avropalı
alimlər kimi, tezliklə Ejen də öldü. Mağarada dünyasını dəyişən heç bir
alimin, tədqiqatçının üzərində zorakılıq əlaməti qeydə alınmayıb.
 Həkimlərin verdiyi rəyə görə, içəri daxil olanlar beyin qanaması
nəticəsində dünyalarını dəyişiblər.

 

Deyilənlərə görə, mağaradan sağ çıxan Qarnye artıq danışa bilmirdi. O, kağız üzərinə hansısa qəribə rəsmlər çəkirdi.

 

Bundan
başqa, avropalı alim Robert Templ "Siriusun sirrləri” kitabında da bu
məsələyə toxunub. Kitaba əsasən, doqonlar qurbağayabənzər
yadplanetlilərlə əlaqədə olublar. Özlərini nommos adlandıran
yadplanetilərlə ilk əlaqə 5 min il əvvəl baş tutub. Yer planetindən 8.6
işıq ili uzaqlıqda yerləşən və Sirius ulduzu ətrafında dövr edən
planetdən gələn nommosların məqsədi müəyyən astronomik bilikləri
çatdırmaq olub.

 

Digər
alim F. Velsinq də bu nəzəriyyəni təsdiq edir. Onun fikrincə, doqonlar
Sirius B ulduzunu teleskopsuz görə bilərdilər. Çünki aliminə görə, göz
bəbəyində qara melanin piqmentinin çoxluğu görmə qabiliyyətini artırır.
Amma bu hipotez heç bir alim tərəfindən təsdiqlənmədi.

 

Başqa bir hipotezə görə isə, doqonlar bu məlumatı teleskopu olan qədim misirlilərdən ala bilərdilər.

 

Karl
Saqanın fikrincə isə, afrikalılar bu məlumatı yüksək inkişaf etmiş
sivilizasiyalı xalqlardan ala bilərdilər. Amma o düşünürdü ki, burada
heç bir yadplanetlidən söhbət belə gedə bilməz. Əsrlər boyu Afrikaya
digər ölkələrin nümayəndələri axın edib. Çox güman ki, söhbət əsnasında
doqonlar kosmos, Sirius ulduzu haqqında məlumat əldə edə biliblər.

 

Skeptiklərin
bu məsələyə baxışı fərqlidir. Onların versiyalarından birinə görə,
doqonların astronomik bilikləri "missioner haqqında hipotez”dir. XX
əsrin 20-ci illərində "Ağ atalar” katolik təşkilatının missionerləri
doqonlarla əlaqə qurublar. Hipotezə əsasən, missionerlərdən biri
doqonların Sirius ulduzuna qarşı olan marağını görərək, o dövrdə
alimlərə məlum olan bütün bilikləri afrikalılara ötürüb.

 

Bundan
başqa, skeptiklərin məlumatına görə, doqonlara Yupiterin ancaq 4 iri
peyki məlum idi. Məgər yadplanetlilər ancaq 4-ə qədər saya bilirdilər?
Amma düşünsək ki, peyklər barədə məlumatı missionerlər veriblər, yenə
ixtilaf ortaya çıxır. Çünki o dövrdə Yupiterin artıq 9 peyki barədə
məlumat vardı.

 

Astronom
Diter Germanın fikrincə isə, doqonlar Mali Respublikasını ziyarət edən
və astronomiyadan anlayışı olan hər kəsi sorğu-sual ediblər. Əsrlər boyu
toplanan materiallar sistemləşərək bugünkü formaya düşüb.

 

Bəzi
alimlərin iddiasına görə, doqonların primitiv teleskopları olub. Amma
doqonların bu məlumatları misirlilərdən aldıqları barədə versiya
həqiqətə uyğun deyil. Çünki misirlilər Sirius B ulduzu haqqında heç bir
bilgiyə sahib deyildilər.

 

Bu
günə qədər alimlər hələ də doqonların bu astronomik bilikləri haradan
əldə etdikləri barədə qəti qərara gələ bilmirlər. Əgər Sirius C ulduzu
kəşf edilsə, bu zaman doqonların yadplanetlilərlə əlaqəsi barədə
ciddi-ciddi düşünmək lazım gələcək.

 

Hazırladı : Hikmət Həsənovскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!