İfritələrin bayramı - Halloween

İfritələrin bayramı - Halloween
Maraqlı məlumatlar
10.09.2017 25
"Halloween", ingilis dilindən "All Hallows' Eve və ya All Saints'
Eve” bayramının qısadılmış adıdır. Bayram öz əsasını xristianlığa
qədərki dövrdən Böyük Britaniya adasının xalqlarından – İrlandiya və
Şotlandiyanın aborigen əhalisi olmuş qədim kelt tayfalarından götürür.
İngilis dilinin Oksford lüğətinə əsasən, şotland ifadəsi kimi
"Halloween” ilk dəfə məhz "All-Hallows-Even ” şəklində 16-cı əsrə aid
əlyazmada qeyd edilir, mənası "Bütün müqəddəslərin axşamı” (even –
evening (axşam) sözünün qısadılmış formasıdır) anlamını ifadə edir. Bu
ifadə yazılı mənbələrdə 1556-cı ilə qədər rast gəlinmir. Xristian
ölkələrində qeyd edilən "Bütün müqəddəslərin günü” bayramından bir gün
öncənin - oktyabr ayının 31-də axşam saatlarında qeyd edilir. 

 

Hellouin ənənəvi olaraq əvvəllər ingilisdilli ölkələrdə bayram
edilirdi. Lakin XX əsrin sonlarından başlayaraq dünyada gedən
qloballaşma və "amerikanlaşma” mədəni ekspansiyası nəticəsində digər
ölkələr və xalqlarda, o cümlədən bizdə də bu qeyri-adi bayramı qeyd
etmək dəbi formalaşdı.

 

"Halloween”in mənşəyini qədim Romada qeyd edilən "Parentalia”
bayramı ilə əlaqələndirirlər. Həmin gün romalılar vəfat etmiş
valideynlərini və qohumlarını yad edirdilər. Fevral ayının 13-də qeyd
edilən bu qədim bayramı günorta saat 12 tamamda xüsusi kahin qadın
(Vestalis Maxima) qurban kəsməklə açırdı və 21 fevralda "feralia” adlı
orgiya və müxtəlif həmin dövr üçün xarakterik olan elementlərlə zəngin
böyük qutlama sona çatırdı. 

 

Lakin "Halloween”in tarixini araşdıran tədqiqatçı Nikolas Rocers
qeyd edir ki, onun "Parentalia” ilə əlaqələndirilməsi yanlışdır və qədim
keltlərin xristianlığa qədərki "Samhain” bayramı ilə
əlaqələndirilməlidir. Bu bayram haqqında məlumata isə X əsrə aid qədim
irland əlyazmalarında rast gəlmək olar. Bayramın adının mənası isə qədim
irlandcadan "yayın sonu” anlamını ifadə edirdi. Sonralar Samhain –
noyabr ayının irlandca adına çevrilir. 

 





Oksford folklor lüğətinə görə, Samhain – bütünlüklə Britaniya
xalqları tərəfindən qeyd edilirdi və daha çox ölüm və fövqəlgüclərlə
əlaqədar idi. VIII əsrdə xristianlığın İrlandiyada möhkəmlənməsi ilə
"Bütün müqəddəslər günü” getdikcə "Samhain”I sıxışdırmağa başlayır və
beləliklə getdikcə gələcəkdə qeyd ediləcək "Hellouin”in əsası qoyulmağa
başlanır. X-XI əsrə yaşamış kilsə rahiblərinə aid gündəliklərdə gecə
qeyd edilən bayram zamanı dəhşətli ritullar keçirildiyi, bu zaman şər
qüvvələrlə - o cümlədən ruhlar və cinlərlə (demons) təmasda olduqları
barədə yazılar mövcuddur. Keltlərin inancına görə, həmin gün "dirilərin
və ölülərin dünyaları öz qapılarını açır və bu səbəbdən də dünya ruhlar
və şər qüvvələrlə dolur”. Şər qüvvələrin hücumlarından özlərini qorumaq
üçün, keltlər evdə yanan hər şeyi söndürür, özləri isə müxtəlif heyvan
dəriləri geyinərdilər. Onlar inanırdılar ki, belə etməklə gələn şər
fövqəlqüvvələri qorxuda biləcəklər. Hər evin qarşısında ruhları qonaq
etmək üçün qoyulmuş şirnilərə rast gəlmək olardı. Keltlərin özləri isə
druid kahinlərinin qaladıqları tonqalların ətrafına toplaşır, müxtəlif
heyvanları (bəzi əlyazmalara görə, insanlar da) qurban kəsirdilər. Bu
zaman istifadə edilən rituallar, sonradan bir çox qara magiya
elementləri kimi şər qüvvələrin çağırılması və iblisə pərəstiş
(satanizm) elementlərində də öz əksini tapdı. Qurbankəsmədən sonra isə
druidin xüsusi ritualı ilə guya ki, "müqəddəsləşdirdiyi” tonqaldan od
götürərək evlərinə gətirirdilər. 

 

Bayramın simvolu isə boranı idi. O nəinki yayın bitməsini və məhsul
yığımını simvolizə edirdi, həm də tonqaldan götürülən odla içində
yandırılan işıq vasitəsi ilə şər qüvvələri qorxutmalı idi. 

 

IX əsrdə Roma papası III Qriqorinin əmri ilə "Bütün müqəddəslərin
günü” noyabr ayının ilk gününə təyin edilir. Katolik kilsəsi bununla
"Samhain” bayramını sıxışdıraraq tamamən aradan qaldırmağa çalışırdı.
Lakin gözlənilənin əksi baş verir. Artıq bu dövrdən başlayaraq iki
bayramın çulğalaşması dövrü başlayır. "Samhain” kimi Hellouin də 31
oktyabrdan 1 noyabra keçən gecə qeyd edilir. Təqribən XVI əsrdə 31
oktyabr gecəsi qapıları döyərək şirin şeylər istəmək ənənəsi
formalaşır. 

 

Beləliklə bi bu bayramın tarixinə və mahiyyəinə qısa da olsa nəzər
yetirməyə çalışdıq, bununla da borcumuzdan çıxdıq. Artıq qeyd
edib-etməmək, sizlərə qalmış...

 

Vüqar Zifəroğluскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!