Seçim qarşısında qalmaq – Qərarsızlıq

Seçim qarşısında qalmaq – Qərarsızlıq
Maraqlı məlumatlar
10.09.2017 47
Bəzən
həyatda bacarmadığınız, qərar verə bilmədiyiniz elə şeylər ola bilər
ki, sizin üçün başqaları çarə tapa bilər;  məsələn xəyalınızdakı evi
bənna sizin üçün tikə bilər, sevdiyiniz paltarı dərzi sizin üçün biçə
bilər, bəyəndiyiniz cəvahiratı zərgər sizin üçün düzəldə bilər, və ya
bütün bu məsələlərin seçim mərhələsində ailəniz, dostlarınız,
yaxınlarınız sizə kömək edə bilər, amma bəzən elə ciddi bir məsələ
qarşısında qərarsız qala bilərsiniz ki, bu zaman çarəsini yalnız özünüz
tapmalısınız!

İnsanlar
bütün həyatı boyu daima  seçim qarşısında qala bilər. Seçim qarşısında
qalmaq elə bir vəziyyətdir ki, burda əsas güc insanın öz üzərinə düşür.
Mən də zamanla hər hansısa məsələlər qarşısında qərarsız qalmışam, bu
günlərdən birində qərarsızlıq sindromu ilə tanış oldum. Təbii ki,
sindrom dedikdə söhbət artıq xroniki bir hal almış qərarsızlaqdan gedir.
Psixoloq Reyhan Algülün məqaləsində oxuduğuma görə xroniki qərarsızlıq
halında insan gündəlik olaraq daima dilemma qarşısında qalır və ən sadə
qərarları belə tək başına verə bilmir. Mən daha da dərinə gedib,
qərarsızlığın kökünün haradan gəldiyini araşdırmaq istədim, təbii ki,
həmişə olduğu kimi yenə də kökü bizim uşaqlığımıza dayandı.

Hamımız
uşaq ikən valideynlərimiz az da olsa səhv hərəkət etdiyimiz zaman bizi
cəzalandırmaq üçün vurublar, daha sonra biz ağladığımız üçün onlar bizi
qucaqlayıblar, öpüblər, əzizləyiblər. Təbii ki, bildiyimiz kimi bu bir
analıq instinktidir ki, ana öz övladının incinməsinə, ağlamasına dözə
bilmir, səbəbi özü olsa belə. Bu davranışın nəticəsi olaraq isə biz
valideynlərimizin hisslərindəki qərarsızlığı görürük və öyrənirik.

Başqa
bir misala nəzər yetirək; məsələn uşaq vaxtı daima valideynlərimizlə,
xüsusən də anamızla məktəbdə etdiklərimizi, həyətdə dostlarımızla
oynayan zaman başımıza gələn hadisələri bölüşürük, amma
valideynlərimizdən diqqət görmədikdə, bizi dinləmədiyini hiss etdikdə və
ya etdiklərimizə əhəmiyyət vermədikdə bizim özümüzə inamımız zəifləyir.
Bir dəfə belə olsa bu hadisə ilə qarşılaşmağımız, valideynmizdən müsbət
reaksiya almamağımız bizim daima  harada səhv, harada doğru etdiyimizi
düşünməyimizə və qərar verə bilməz vəziyyətə gəlməyimizə səbəb ola
bilər.



Qərarsızlığın
səbəblərinə nəzər yetirsək bunlara özünə inamın əskikliyi, gələcəkdən
qorxmaq, məsuliyyət daşımaq istəməmək, xeyr deyə bilməmək, başqaları nə
deyər qorxusu və ailənin tərbiyəsi kimi faktorlar daxildir. Bu kimi
problemlərin olması insanların yeniliklərə qarşı qərarsız qalmasına,
qərarsız qaldığı zaman əsəblərinin gərilməsinə, həyəcan keçirtməsinə və
buna görə də sonda qərar verə bilməməsinə və ya yalnış qərar verməsinə
gətirib çıxarır.

İndi
isə mövzumuzun əsas məğzindən biraz bəhs etmək istəyirəm. Bununla
hamımız razıyıq ki, paltar, ayaqqabı, ev və maşın almaq istədiyimiz
zaman belə dilemma qarşısında qalırıq, stress keçirməmək üçün
ailəmizdən, dostlarımızdan və yaxud da elə satıcıdan kömək istəməyimiz
ən yaxşı çıxış yollarından biridir. Bunu da unutmayaq ki, onlar bizim
yerimizə qərar vermirlər, onlar sadəcə qərar verməyimizdə iştirakçı rolu
oynayırlar, aparıcı isə biz özümüzük. Bəzən onların qərarına daha çox
üstünlük verib, sonradan peşman olsaq belə, bu peşmançılıq bizim
həyatımızda qlobal bir vəziyyət yaratmır. Ancaq elə bir vəziyyət ola
bilər ki, bu zaman başqasının fikrinə daha çox önəm verib addım atsaq,
sonrakı peşmançılığımızın ağır nəticələri ola bilər. Bunlardan ən əsası
və hal - hazırda cəmiyyətimizdə ən geniş yayılmış problemdən biri –
həyat yoldaşı seçimidir.

Həyat
yoldaşı seçmək, ömrünə, ürəyinə, ruhuna sahib olacaq birini tapmaqdır,
amma indiki zamanda bir çox gənc, müxtəlif səbəblərdən evlilik qərarını
verməkdə gecikir, hətta bəziləri bu qərarı heç verə bilmir. Bu vəziyyət
də gec yaşlarda baş verən evliliklərin çoxalmasına səbəb olur. Mən
düşünürəm ki, bəzən daha cavan yaşlarda edilən səhv bir evliliklə
müqayisədə gec yaşda reallaşan doğru bir evlilik daha üstündür.

İlk
növbədə düzgün insanı seçə bilməyimiz üçün zaman – zaman beynimizdə bu
insanın modelini qurmalıyıq, ancaq bu model təkcə xarici görünüşü yox,
daxili görünüşü də içində əks etdirməlidir. Mənim düşüncəmə görə çox
vaxt qızlar atalarının, oğlanlar da analarının modelini evlənmək
istədikləri insanlarda axtarırlar, çünki bizim gördüyümüz ilk model
valideynlərimizdir. Ona görə də valideynlərimiz bizim gözümüzdə elə
düzgün model yaratmalıdırlar ki, gələcəkdə biz qərarsızlıq yaşamayaq.
Qərarsızlıq yaşamamaq üçün valideynlərimizin modelinin axtarmaqla yanaşı
biz özümüzə bu sualları verməliyik. Görəsən, evlənəcəyim insan ilə
həqiqətən xoşbəxt ola bilərəmmi? Onda olan xüsusiyyətlər həqiqətən məni
xoşbəxt edəcək xüsusiyyətlərdirmi, və ya gələcəkdə uşaqlarımın həyat
yoldaşıma oxşamağını istərdimmi kimi suallar.

Qərarsızlıq
yaradan bir mövzu da sevdiyi insanın evləndikdən sonra
dəyişib-dəyişməyəcəyi mövzusudur. Çoxumuz böyüklərimizdən "evlənəndən
sonra dəyişəcək” cümləsini eşitmişik. Əgər bu deyim üzərində biz ailə
həyatı qursaq və xoşbəxt olmasaq, həyat yoldaşımızın xasiyyəti daha da
ağırlaşsa bu zaman günahı böyüklərimizin üzərinə atmaq bizi ziyandan
geri çevirirmi? Xeyr, təbii ki. Və yaxud da ikinci bir deyim "uşaq
olandan sonra dəyişəcək”. Bildiyimiz kimi bu artıq təsdiqlənmişdir ki,
bir ailədə uşaq dünyaya gəldikdən sonra valideynlərin sevgisi ikiyə
bölünür. Bundan irəli gələrək düşünək əgər sizin həyat yoldaşınızın uşaq
olandan əvvəl sizə sevgisinin miqdarı az idisə və bu sevgi uşaq dünyaya
gələndən sonra bölüşərək daha da azaldısa o zaman nə edəcəksiniz? Ona
görə də gələcəkdə seçim qarşısında qalmamaq üçün bu deyimlərdən yola
çıxaraq ailə həyatı qurmağınız məsləhət deyil. Evlilik təkcə qarşımızda
dayanan bir missiya deyil, yəni bizim yerinə yetirməli olduğumuz bir
vəzifə deyil, evlilik xoşbəxtliyin qaynağıdır.



Son
olaraq demək istərdim ki, seçim edərkən həm hisslərinizin, həm də
ağlınızın səsinə qulaq asın, amma qərar verərkən onların ikisindən də
yaranan modelə əsaslanın...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!