Leyli və Məcnun operası

Leyli və Məcnun operası
Maraqlı məlumatlar
10.09.2017 32
Leyli və Məcnun — Üzeyir bəy Hacıbəyovun ilk operası.

1907-ci ildə yazılmış, 1908-ci
il yanvarın 25-də Tağıyev teatrında ilk tamaşası olmuşdur. İlk
redaktədə əsər 5 pərdə və 6 şəkildə, sonrakı quruluşlarda 4 pərdə, 6
şəkildə idi. "Leyli və Məcnun"la Azərbaycan musiqi mədəniyyəti tarixində
yeni bir dövr açılmış, eyni zamanda müsəlman Şərqində opera janrının
əsası qoyulmuşdur. Opera M. Füzulinin eyniadlı poemasının motivləri
əsasında yazılmışdır. Librettonun müəllifi Üzeyir bəy Hacıbəyovdur. O,
poemanın əsas ideya məzmununu, şerlərini olduğu kimi saxlamış, eyni
zamanda orta əsr Şərq aləminin ziddiyyətli mühitini daha qabarıq
vermişdir. Beləliklə H. keçmişin obrazları vasitəsilə yaşadığı dövrün
gərgin inkişafı ilə seçilən demokratik proseslərini açıb göstərmişdir.

"Leyli
və Məcnun" muğam ilə Avropa operasının üzvi vəhdətindən yaranmış yeni
opera janrının — muğam operasının ilk nümunəsidir. Muğamlar operanın
əsas musiqi materialı olaraq ənənəvi opera formalarını — ariya, ariozo,
reçitativ, vokal ansamblları (duet, trio və s.) əvəz etmişdir.
Qəhrəmanların obrazlarının açılmasında, bütövlükdə musiqi
dramaturgiyasının inkişafında muğamlar mühüm rol oynayır. "Leyli və
Məcnun"da musiqi dramaturgiyasının tədriсən, lirik-epik planda inkişaf
etməsi onun obraz-emosiya məzmunundan, intonasiyasının inkişafı və
kompozisiya quruluşundan irəli gəlmişdir. Operanın bir çox bitkin
səhnələri muğam üstündə qurulmuşdur. H. muğamların not yazısını
verməmişdir. Müğənni xanəndələr öz vokal partiyalarını tarzənin
müşayiətilə oxuyurlar.

H.
muğamların əsrlər boyu təşəkkül tapmış ənənəvi emosional təsir güсünü,
qavranılma xüsusiyyətlərini nəzərə almışdır. Məsələn, I pərdədə Leyli
ilə Məcnunun qarşılıqlı məhəbbətinin sevinc və fərəhi lirik, xoş əhvallı
Segah muğamı ilə verilmişdir. Sonrakı pərdələrdə talelərinin
faciəviliyini anlayan qəhrəmanların partiyasında kədər, iztirab ifadə
edən Şur, Bayatı-Şiraz və s. muğamlar səslənir. Oğlunun vəziyyətindən
narahat olan Məcnunun atası 1 pərdədə həyəсanlı, gərgin Çahargah
muğamını oxuyur. Nofəlin cəngavər obrazı üçün H. mətin, marş xarakterli
heyratı zərbi muğamından istifadə etmişdir. H. muğamları səhnə
hadisələrinə münasib seçməklə onların ifadə vasitələrinin yeni
xüsusiyyətlərini üzə çıxarmışdır. "Leyli və Məcnun"- da klassik Azərb.
xalq mahnı melodiyalarından istifadə edilmişdir (1 pərdədə mədrəsə
şagirdlərinin xoru—"Evləri var xana-xana"; Məcnunun səhradakı
səhnəsindəki qızlar xoru—"Bu gələn yara bənzər"). Bu opera əsrlər boyu
təşəkkül tapmış Azərb. musiqi mədəniyyəti haqqında hərtərəfli, tam
təsəvvür yaradır. Ona görə də "Leyli və Məcnun"-u şifahi ənənəli Azərb.
musiqisi ensiklopediyası adlandırmaq olar.


Operanın Bakı afişası



Operada
Üzeyir bəy Hacıbəyovun bəstələdiyi orijinal musiqi, əsasən muğam
səhnələrini əlaqələndirərək ork. ifasında səslənir; bəzi vokal
partiyalar da müəllif tərəfindən yazılmışdır (1 pərdədə Məсnunun atası,
anası va Məcnunun triosu). Bu musiqi parçaları təsnif, rəng, yaxud xalq
mahnıları ruhunda bəstələnmişdir. Müxtəlif funksiya daşıyan xor
musiqisinin geniş tətbiq edilməsi "Leyli və Məcnun"-un musiqi
dramaturgiyasının başlıca xüsusiyyətlərindəndir. Əsas qəhrəmanların
psixoloji vəziyyətinin, məişət səhnələrinin xarakterizə olunması, səhnə
hadisələrinə münasibət bildirilməsində xorlar vasitəçi rolunu
oynayırlar. Xorların musiqi fakturası sadə, melodiyası əsasən
birsəslidir (bəzi xorlarda melodiya tersiya və ya seksta intervalı
nisbətində ikisəsli şərh olunmuşdur). Operanın ork. heyəti ilkin
variantlarda çox sadə — yalnız simli musiqi alətlərindən ibarət
olmuşdur; muğam səhnələrində müğənni yalnız tarın müşayiəti ilə
oxumuşdur. Əsərda uvertüra, "Ərəb rəqsi" (Leyli və İbn Səlamın toy
səhnəsində), antrakt (III pərdənin sonuncu şəklində) kimi müstəqil ork.
parçaları vardır.

"Leyli
və Məcnun"un musiqisi Üzeyir bəy Hacıbəyovun yeni bəstəkarlıq üslubu
yaratmaq, xüsusilə milli lad-intonasiya sistemi ilə Avropa major-minor
sisteminin qarşılıqlı təsiri və üzvi əlaqəsi sahəsindəki novator
meyilləri üçün başlanğıс, əsas mənbə olmuşdur. Hacıbəyov muğam
ifaçılığına səciyyəvi olan imitasiyalı polifoniya elementlərindən
istifadə edərək "Arazbarı" zərbi muğamı üstündə qurulmuş parlaq simfonik
əsər—sonuncu pərdənin antraktını yaratmışdır. Bu antrakt müstəqil əsər
kimi də ifa olunur; o, Azərbaycan simfonik musiqisinin ilk nümunəsi kimi
simfonik muğam janrının meydana gəlməsinə zəmin hazırlamışdır. Opera
ilk tamaşasından bu günədək Azərbaycan dinləyicilərinin məhəbbətini
qazanmış ən sevimli əsərlərdən biridir. O, AOBT-nın daimi
repertuarındadır. Hacıbəyov bu opera üzərində dəfələrlə işləmiş,
təkmilləşdirmiş, yeni musiqi parçaları əlavə etmiş, lakin əsərin
bənzərsiz, təravətli musiqi üslubunu qoruyub saxlaya bilmişdir. "Leyli
və Məcnun"-un təsiri ilə İranda demokrat şair M. Eşqi
"Rəsta-xize-səlatine-İran" ("İran səltənətinin dirçəlişi") muğam
operasını yazmışdır (1916—17). "Leyli və Məcnun" — Qafqaz bölgəsində,
eləсə də Orta Asiya və İranda dəfələrlə numayiş etdirilmiş, bu xalqların
professional musiqi mədəniyyətinin təşəkkülündə əhəmiyyətli rol oynamış
və indi də oynamaqdadır. "Leyli və Məcnun"un ilk tamaşasının rejissoru
Hüseyn Ərəblinski, dirijoru Əbdürrəhim bəy Haqverdiyev olmuşdur.
Rollarda: Hüseynqulu Sarabski (Məcnun), Ə. Fərəcov (Leyli), C. Dağıstani
(İbn Səlam), M. Kazımovski (Məсnunun anası), Mirzə Muxtar (Məсnunun
atası), İ. Qasımov (Leylinin atası), С. Vəzirov (Leylinin anası) çıxış
etmişlər. Rejissorlardan S. Dadaşov (1935, 1958), M. Məmmədov (1955,
1976), F. Səfərov (1994) operanın yeni quruluşunu vermişlər.

Baş
rollarda Ə. Sadıqov, H.Hacıbababəyov, Ə. Əliyev, B. Haşımov, Q.
Əsgərov, С. Əkbərov (Məcnun), S. Qacar, H. Rzayeva, G. Həsənova, Rübabə Muradova,
S. Qədimova, Z. Xanlarova, N. Məmmədova, S. İsmayılova, Q. Quliyeva
(Leyli) və b. çıxış etmişlər. Bəstəkar N. Əliverdibəyov operanın yeni
ork. redaksiyasını hazırlamışdır. "Leyli və Məcnun"-un librettosu ilk
dəfə 1912 ildə Bakıda Orucov qardaşlarının mətbəəsində, klaviri 1959
ildə, partiturası 1983 ildə çap edilmişdir (baş redaktoru Q. Qarayev,
redaktoru N. Əliverdibəyov, ön söz və şərhlərin muəllifi Z. Səfərova).
1996 ildə "Azərbaycantelefilm" yaradıçılıq birliyində "Leyli və Məcnun"
film-operası çəkilmişdir (rejissorlar Nazim Abbas və Ş. Nəcəfzadə)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!