Yeniləşən dünyamızın köhnəlməyən kitabı

Yeniləşən dünyamızın köhnəlməyən kitabı
Maraqlı məlumatlar
10.09.2017 13
Günlər bir-birini sürətlə, dabanbasma qovur gələcəyə. Gələcək sürətlə "indi”ləşir. Zaman dəyişir, dövr dəyişir, insan dəyişir, texnologiya dəyişir. Özü də get-gedə sürətini artıraraq… Bu gün yeni olan çox keçmədən köhnə olur. Təbii ki, dəyişikliklərin başında insan amili dayanır. Dünyada demək olar ki, hər şey ona xidmət edir. Onun
zövqləri, tələbatı, düşüncə dünyası, dünyagörüşü dəyişməsə,
ənginləşməsə, zənginləşməsə, və ya əksinə yoxsullaşmasa, ona xidmət edən
vasitələr də sabit qalar. Amma bəzən insan öz yeniliklərinin,
yeniliklərin təbii nəticələrinin əsirinə çevrilir. Yəni insan faydadan
çox zərərləri olan bəzi yeniliklərlə "sözün əsl mənasında bacara bilmir, onların axarına düşüb gedir. "Yeniliy”in həmişə müsbətə bərabər olmadığını tam dərk edə bilmir. Özü öz gerçəyinə yadlaşır..



Son
illərin yüzlərlə yeniliklərindən biri – ənənəvi kağız kitablarla yanaşı
elektron kitablardan istifadə diqqət çəkir. Və get-gedə elektron
kitablardan istifadə sürətlə artır. Düzdür,
kağız kitabların çatdırılması elektron kitablara nisbətən daha çox
zaman tələb edir, daha çox yer tutur. Amma onun elə "fəzilətləri” var
ki, hətta məncə, insanlar əlli il sonra Yupiterə getsələr də, gözlə
işləyən, sözlə çevrilən, hətta özü-özünü oxuyan, barmaq işarəsi ilə
səhifələrini dəyişən elektron kitablar ixtira etsələr də, bu kağız
kitabları atmamalıdırlar, özlərini ondan məhrum etməməlidirlər. Soruşsanız niyə?



Çünki
ən dərin hafizə qoxu yaddaşıdır. Yaponlar yeni doğulan uşaqlara kitab
oxutmazdan əvvəl kitab qoxuladırlar. Kitab qoxulayan və kitab oxunan
mühitdə böyüyən uşaqlar həm kitab oxuma vərdişi əldə edirlər, həm də
yaddaşlarının dərinliyindəki qoxu onlara böyüdükcə istiqamət verir.
Kitab oxumağa qeyri-ixtiyari yönəlirlər. Yəni sevərək oxuyurlar,
xəbərdarlığa, nəzarətə ehtiyac duy­madan. Demək ki, kitab birinci olaraq
insan yaddaşının bir növü − qoxu yaddaşı ilə yaxından bağlıdır. "Evədki
rənglər” kitabından yazarın həyat tarixçəsində bu qeydlər var:"Lap
kiçik yaşlarında anası onu poçta aparır, oynasın deyə yanına
kağız-kuğuz, kitab dəftər tökərmiş. Sonralar atası da onu maşın
servisinə − öz iş yerinə aparır. Gənclik illərinə qədəm qoyan bu uşaq
əvvəlcə atasının peşəsi ilə məşğul olmağı düşünsə də, bir də baxır ki,
kitabların arasındadır. Və sonralar da bu yönəlməni qoxu yaddaşı ilə
izah edir həmin yazar.” Demək bu kitablarda insana bir doğmalıq
var, yazısı ilə, qoxusu ilə. Bu hiss sizə də tanışdır. Bəzən köhnə bir
kitab keçir əlinizə, vərəqləyirsiniz, çox qəribə qoxusu vurur burnunuza
və bu qoxu sizi çəkib haralara aparmır ki.. gəncliyinizə, uşaqlığınıza,
sizə çox təsir edən bir romana, bir hekayəyə.. Bəlkə də, bu, kitabın
elektron kitablara nisbətən insana, insan həqiqətinə daha yaxın
olmasından qaynaqlanır. Axı kitab da torpaqdan gəlir…



Çünki

Kağız
kitabları oxuyarkən əlinizi toxundurur, barmaq yaddaşından istifadə
edirsiniz. Təkcə gözünüzlə deyil əlinizlə də oxuyursunuz. Sanki,
bir-birinə dəstək olur bunlar. Hələ göz yaşlarını demirəm. Bəzən
isladırsınız vərəqləri, bir qəhrəmanın acı həyatından danışan sətirləri.
Bəzən gözlərinizin kökü kitab kimi yol çəkib saralır. Bəzən kitabla elə
bütünləşirsiniz ki, kitab oxucu olur, siz də kitab..

 

Çünki

Kağız
kitablar gözlərinizi elektron kitablara nisbətən o qədər yormur. Hamı
bilir ki, komputerin şüaları nəinki gözləri tez yorur, hətta zəiflədir.
Təkcə gözlərin deyil elə yaddaşın da kökünə balta çalır. Eyni zamanda
uzun müddət elektron kitab oxuyanlarda diqqət dağınıqlığı halları daha
erkən özünü göstərməyə başlayır. Elekron kitabları təbii ki, komputerdən
oxuyuruq. Komputer də telefon kimidir, funksiyaları çoxdur. Necə
telefondan həm danışıq vasitəsi, həm də video, fotoaparat və s kimi
istifadə edirsiniz, eləcə də kitab oxuyarkən bir də baxırsınız ki, kitab
bir kənarda qalıb nəsə yazır və ya nəsə axtarırsınız. Bu da diqqət
dağınıqlığının başqa bir səbəbi.



Çünki

Kitab
keçmişimizin həm sənədi, həm də özüdür. Onunla bağları bir anda qoparıb
atmaq o qədər asan olmamalıdır. Nizami onun üstünə tökmüş hikmət
damlalarını, Füzuli göz yaşlarını, Sabir acı gülüşlərini. Onu bizə, bizi
ona bağlayan ən azı minillik bir tarix var.



Son
olaraq bir məqama toxunmaq istərdik. Müəyyən müddət sonra elektron
kitabların kağız kitabları tamamilə sıradan çıxaracağını irəli sürənlər
var. Məsələn, bu mövzu ilə bağlı Kitabın Gələcəyi İnstitutunun Direktoru
Kris Midin (İngiltərə) bir bənzətməsi var: "Mətbəə kəşf ediləndə də
kitabın əllə yazılmasının vacibliyini deyənlər olmuşdu”. Mətbəə kəşf
ediləndən sonra yazı sıradan çıxmadı, yazılma üsulunu, formasını
dəyişdi, bu günə qədər də varlığını davam etdirir. Onun kimi də kitabla
elektron kitabı qarşı-qarşıya qoymaq bir mənada doğru deyil, çünki
elektron kitab kağız kitaba alternativ ola bilər, amma kitaba yox. O
sadəcə kitabın bir növüdür. Amma bir həqiqət var ki, kitab kitab olaraq
qalacaq, səhifələri kağızdan olmasa da, qoxusuz olsa da..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!