Yeni arzuların bayramı

Yeni arzuların bayramı
Maraqlı məlumatlar
10.09.2017 6
Yeni müstəqillik tariximiz milli adət-ənənələrimizə, ulularımızın min illər boyunca yaşayıb-yaratdığı şifahi dastanlarında, deyimlərində, folklorunda, eposunda incələdiyi bədiiyatımıza  da qayıdışı təmin etdi. Heç şübhəsiz, milli-mənəvi pərvərişimizin dərin tarixi qatlarında Novruz bayramı müstəsna mövqeyə malikdir. Baxmayaraq ki, Novruz adət-ənənələrimizin bir çoxu müasir düşüncəmizdə, bu bayramla bağlı şənliklərdə unudulmuş kimi görünür. Hər halda xalqımız bu qədim el bayramının ruhuna köklənməyi bacarır. Sovet hakimiyyəti  70 il ciddi-cəhdlə Novruzu sovet xalqlarının beynəlmiləl psixologiyasına yad ünsür kimi təqdim etməyə çalışdı. Lakin o illəri xatırlayan hər bir kəs təsdiq edər ki,  qadağalara baxmayaraq azərbaycanlı ailələri bu bayramı hər dəfə böyük ruh yüksəkliyi, ehtiramla və özünəməxsus təmtəraqla qeyd edirdi.

Sovet hakimiyyətinin Novruza qısqanc münasibətinə toxunmuşkən, ötən əsrin 60-cı illərinin sonuna yaxın baş verən, belə demək mümkünsə, siyasi-psixoloji hadisəni xatırlamaq yerinə düşər: 1967-ci ilin baharında Siyasi Büronun üzvü olan Şıxəli Qurbanov Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsi üçün  Moskvadan razılıq almağa nail olur. Və Mərkəzi Komitə Sovet Azərbaycanına bu milli bayramı  elliklə qeyd etməyə, Bakı küçələrində  təmtəraqla keçirməyə icazə verir. Beləliklə, 30 illik qadağadan sonra ilk dəfə olaraq xalqımız Novruzu rəsmən bayram edir. Lakin bayram sevinci uzun çəkmir. Şıxəli Qurbanovun müəmmalı vəfatından sonra Novruz yenidən qadağan edilir.

Azərbaycan xalqı əziz bayramı bir də 22 il sonra, ölkədə milli azadlıq hərəkatı başlayanda-1989-cu ildən sonra qeyd etməyə başlayıb.

Yazının əvvəlində qeyd edildiyi kimi,  hazırda Novruzla bağlı  bəzi adət-ənənələrimiz unudulub və yaxud bir qədər təhrif olunmuş formada icra edilir. Bu özünü əsasən kulinariyada-bayram süfrəsində biruzə verir.

Bəzi kulinarlar Novruz süfrəsinə ətdən hazırlanan təamlar qoyulmasını qədim adət-ənənələrə zidd hesab edirlər. Bunu onunla əsaslandırırlar ki, heyvanlar yaza çıxıblarsa, deməli onlar artıq damazlıqdır, kəsilməməlidir.

Min il əvvəlki bayram süfrəsinə indi- kindən kəskin şəkildə fərqlənən  şirniyyatlar qoyulardı. Hazırda inkişafdan irəli gələrək müxtəlif çeşiddə şirniyyat növləri istehsal edilir ki, bunu da insanlar istər-istəməz bayram süfrəsinə gətirir. Belədə Novruz adətlərində baş verən müəyyən dəyişiklikləri  zaman və texnologiya baxımından  təbii saymaq lazım gəlir.

Paxlava qadınlıq rəmzi hesab olunur. Eləcə də muğam. Aşıq saz çalan yerdə süfrəyə kabab qoyulur. Lakin muğam ifa edilərkən süfrədə ət olmur. Bu qədim Novruz adətlərində belə olub. Novruzda muğam var. Muğam qadınlıq rəmzidir. Onda doğuluş,  yaranış var, döyüş yoxdur.

Novruzun qədim adətlərindən biri də səməniylə bağlıdır. Onu təkcə masanın üstünə qoymurlar, həm də bişirirlər. Səməni həyatın, yaşamın rəmzi sayılır. Hətta belə bir deyim də var ki, səməni cücərən zaman evə pis adam gələrsə, o bitmir. İnanca görə, səməninin yanında ədəbdənkənar söhbətlər etmək omaz.

Qədimdə Novruz məcunları da payla- yırdılar. Bu ənənə indi unudulub. Məcun qida ilə dərmanın arasında olan bir şeydir. O vaxtlar məcunların da çoxu səmənidən hazırlanardı.

Ayın rəmzi hesab edilən şəkərbura həm də yaşam, həyat tərzi, zövq anlamı daşıyır.

Novruzdakı yumurta döyüşlərinin də bir fəlsəfi yozumu var. Bu "yumurta əvvəl meydana gəlib, yoxsa toyuq?” sualına hardasa cavab sayıla bilər. Tanrı hər şeyi cansızdan yaratdığı kimi yumurta da toyuqdan əvvəl olub. Yumurta cansızdan canlıya  keçid mərhələsidir.

Novruz adətlərinin qorunub saxlanması, gələcək nəsillərə ötürülməsi milli folklorun mövcudluğunu təmin etməklə yanaşı, millətin özünü dərk məsələsidir.

Sevindirici haldır ki, BMT Baş Assambleyası 21 mart tarixini Beynəlxalq Novruz Günü elan edib. Bu isə dünya xalqlarının Novruzu özündə həmrəylik, mehriban qonşuluq, xeyirxahlıq  prinsipləri də daşıyan gün kimi tanıması üçün mühüm qərardır.



Arif XƏLİLOĞLUскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!