Novruz inancları

Novruz inancları
Maraqlı məlumatlar
10.09.2017 123
İlimiz Novruz bayramına yaxınlaşdıqca insan da toxum kimi içərisindən cücərməyə, ruhu oyanışa başlayır. Budaqlarda tumurcuqlar oyandığı kimi insan ürəyində də həyat eşqi cücərir. Təbiətlə insan ruhunun oyandığı gün bir vaxta təsadüf etdiyindən qədim soydaşlarımız həmin vaxtın bayram edilməsi qərarına gəlmişlər.

Zərdüştün dini təlimində qeyd olunan 7 bayramın ən təntənəlisi fars mənbələrində "Novruz” Yenigün kimi adı qeyd olunandır. Bir maraqlı faktı qeyd edək. Məşhur şair və alim Ömər Xəyyam (1048-1131) "Novruznamə” adlı əsərində özündən əvvəlki müəlliflərə və astronomik tədqiqatlara əsaslanaraq göstərir ki, qədim yeni il bayramının yaranması Günəş təqvimi ilə bağlıdır. Şair Novruz bayramının qeyd edilməsini Günəşin dövrləri ilə əlaqələndirir, birinci dövr: 365 gün və sutkanın bir qədəri keçdikdə Günəş Qoç bürcünün ilk dəqiqələrinə qayıdır, bu dövr ildən-ilə qısalır. "Yaz bayramı” adı ilə Novruzun qeyd edilməsi haqqında ilk yazılı məlumat eradan əvvəl 505-ci ildən məlumdur. Novruz bayramından yazan orta əsr müəllifləri göstərirlər ki, hətta Şərq aləmində İslam dini yarandıqdan sonra da bu bayramda yaz-əmək ənənələri, onun inancları möhkəm yer tuturdu. Məsələn, Kəsvəri nəql edir ki, Novruz bayramı günü padşahın süfrəsində buğda, arpa, darı, qarğıdalı, noxud, mərcimək, düyü, küncüt, paxla və lobya unundan bişirilən qoğallar düzülür. Süfrənin ortasına müxtəlif ağaclardan kəsilmiş 7 budaq qoyulur, müxtəlif kağızlara isə "artıb”, "artacaq”, "artan” sözləri yazılırdı.

Novruz inanclarından biri Xızırla bağlıdır. Əcdadlarımızın ilkin soy qəbilə birləşməsi Xızırdan od istəyir. Boz atla gələn Xızır od, istilik gətirir və beləcə yaz gəlir.

Xızır Nəbi, Xızır İlyas,

Bitdi çiçək, oldu yaz.

Kosa-kosa törəni də bu baxımdan maraq doğurur. Bu törəndə Kosa qışın, Keçi isə yazın simvoludur.

Mənim Kosam canlıdır,

Qolları mərcanlıdır.

Kosama əl vurmayın,

Kosam ikicanlıdır.

Bununla bildirilir ki, Kosa, yəni qış yazı doğacağı üçün ikicanlıdır, çünki yaz qışdan doğulur.

Qışı-çilləni yola salmaq, yazı-yeni günü qarşılamaq məqsədi ilə keçirilən "Novruz çərşənbələri” adlı rituallarda qədim azərbaycanlıların təbiətə təsir etmək, onu mülayimləşdirmək, işığı çağırmaq arzu-niyyəti öz əksini tapmışdır.

Çərşənbələrdə və Novruz axşamında tonqal qalanması, göyə yanar fişənglər atılması, bayram süfrəsi açılması Azərbaycanda qədim el adətidir.

İlaxır çərşənbə təmtərağı ilə özündən əvvəlkilərdən fərqlənir. Bu çərşənbədə hər ev, hər ailə tonqal yandırmalıdır. Həm də bu tonqalda yandırılanların içərisində mütləq tikanlı kol da olmalıdır. Bu tonqalın üstündən ailənin bütün üzvləri atlanmalı, bununla da köhnə ilin ağrı-acısından xilas olmalıdırlar.

Novruz bayramında oğlan uşaqları, cavanlar arasında keçirilən oyun-əyləncələrin ən maraqlısı yumurta döyüşdürməkdir. Çünki, yumurta Novruz bayramının əsas atributlarından biridir. Novruzun 4 çərşənbəsinin əlamətləri öz ifadəsini məhz yumurtada tapıb.

Novruz bayramı axşamı çatılan tonqalda üzərlik yandırmaq adəti də vardır. Bu bayramda sayılan adətlərdən biri də papaqatdıdır. Bu adətdə daha çox uşaqlar, yeniyetmələr iştirak edirlər.

Qulaq falı, axar suyun üzərinə getmək, çilə çıxarmaq, su içində fala baxmaq kimi Novruz inancları bu gün də yaşanmaqdadır.

Xalqımızın sevilən şairi M.Şəhriyarın bu  misraları yəqin ki, xatirinizdədir:

Yumurtanı göyçək güllü  boyardıq,

Çaqqışdırıb sınanları soyardıq.

Oynamaqdan bircə məgər doyardıq?

Əli mənə yaşıl aşıq verərdi,

İrza mənə Novruzgülü dərərdi.

Üzümüz ümidlə dolu yazadır. Deyirəm, hər dəfə ilimiz gəlib Novruza yetəndə dünyanın rəngi-ahəngi dəyişir. Ulu dədələrimiz deyib: daş həmin daşdır, zaman dəyişib. Qədimlərdən üzübəri bizim ellərin yazı yaraşıq hesab olunur. Atalar ilin 4 cəhətini tanıyıb: yaz, yay, payız, qış. Yaz bitirir, yay yetirir, payız yığıb gətirir, qış vurub dağıdır. Bitirən yazınız, təravətli Novruzunuz mübarək! Bu əziz günlərdə qapınızı xoş xəbərlər döysün, mətləbiniz murada yetişsin.



Nigar HƏSƏNZADƏскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!