Yekaterinanın ilk xəyanəti və digər eşq macəraları

Yekaterinanın ilk xəyanəti və digər eşq macəraları
Maraqlı məlumatlar
10.09.2017 39
Potyomkinə
qədər Yekaterinanın coşqun həyatında dörd macərası – rəsmi favoriti
olmuşdu. Saltıkov, Ponyatovski, Orlov, Vasilçikov – özünün hökmdar ərinə
(III Pyotra) ilk xəyanətindən keçən 22 il ərzində "şimal Messalinası”
adlandırılan bir xanım üçün elə də böyük göstərici deyil.

 

Bu
siyahının qısalığı daha çox keçmiş Sofiya Frederik Avqustun
sabitliyindən, onun hər bir var-dövlət və hakimiyyət axtarıcısında hələ
uşaqlıq çağlarında, rahat və darıxdırıcı Serbstdə (Almaniyada şəhər –
tərc.) arzuladığı həmin yaraşıqlı prinsi görmək meylindn xəbər verirdi. 

 

Fikhen
(onu evdə belə çağırırdılar) knyaz Xristian Anhalt-Serbstski və gənc
İohann Yelizavetanın ilk övladı idi. Valideynləri oğlan gözləyirdilər və
qız uşağının dünyaya gəlməsi onları çox kədərləndirir. 

 

Sonralar
Yekaterina öz "Memuarlar”ında ailədə ona qarşı olan münasibət haqqında
yazırdı: "Mənim varlığıma zorla dözürdülər, tez-tez acıqla, hətta
qəddarcasına danlayırdılar, həm də heç də həmişə haqlı olmurdular. Atamı
gec-gec görürdüm, o, məni mələk sanırdı: anam isə mənimlə az məşğul
olurdu”.    

 

Qız
böyüdükdən sonra isə anası onunla daha çox maraqlanmağa başlayır –
İohanna Sofiyanın uğurlu nikahı sayəsində Avropanın kral ailələrindən
biri ilə qohum olmağı düşünürdü. Lakin Serbst knyaginyasının ən
şöhrətpərəst planlarında belə, onun Fikheninin sahəsi Avropanın bütün
dövlətlərinin birlikdə götürülmüş ərazisindən daha böyük olan bir
ölkənin imperatriçəsi olmasına dair xülya yox idi.

 

Yekaterinanın
xatirələrinə görə, anası "prinsessa böyük qızı” ilə birlikdə
Peterburqa, imperatriçənin qəbuluna gəlmək dəvətini alanda çox
həyəcanlanır və demək olr ki, bir neçə günə uzaq səyahətə hazır olur. 

 

Demək
olmaz ki, uzaq qohumu və potensial nişanlısı olan knyaz Pyotr
Fyodoroviç ilk görüşdə Serbst prinsessasının çox xoşuna gəlmişdi. "Mən
çox tez anladım ki, - deyə o, xatirələrində yazırdı – o, hökranlıq
etdiyi xalqa ehtiram bəsləmir... rus mühitini sevmir və ümumiyyətlə,
hələ lap uşaqdır”.

 

Bununla
belə, Pyotrun həyat yoldaşı olmaq üçün Yekaterina ciddi-cəhdlə rus
dilini öyrənməyə başlayır və ən əsası da lüterantlıqdan provaslav
təriqətinə keçir. "Qəlbim yaxşı heç nəyi vəd etmirdi, - o, öz
"Memuarlar”ında etiraf edirdi. – Mənə yalnız şöhrətpərəstlik duyğusu
hakim idi. Qəlbimdə nə isə heç bir şübhə yeri olmadan deyirdi ki, mən
özüm hər şeyi əldə edəcəm və rus imperatriçəsi olacam”.

 

Knyaz
Pyotr Fyodoroviçlə nişanlanandan sonra Yekaterina üçün tamam başqa
həyat başladı. Həm də öncə o, nəhayət, "kişi və qadın arasındakı
münasibətlərin sirrindən” agah oldu. Gələcək imperatriçə xatırlayırdı
ki, artıq on üç yaşından onda həssaslıq baş qaldırmışdı. Zaman keçdikcə
onda anlaşılmaz həyacanlı hallar baş verirdi. Bunun səbəblərini o zaman
başa düşmürdü, anası və tərbiyəçisi Babet Kardel isə bu barədə onunla
danışmırdılar. 

 

Əlbəttə,
ərə gedənədək Yekaterina artıq cinsi məsələlərdən xəbərdar idi, lakin
ancaq nəzəri baxımdan. Əlinə düşən oxuduğu kitablar prinsessada
məhəbbətə bir qədər romantik münasibət formalaşdırmışdı və o, sevdiyi
kişinin simasında təkcə sevgili deyil, həm də ən yaxın həmdəm görmək
istəyirdi. O, bunu ilk növbədə öz ərində axtarmışdı. Lakin hövsələsiz və
fərasətsiz Pyotr Fyodoroviç gənc zövcəsinin sevgisini çox erkən nifrətə
çevirə bildi. Buna görə isə taxt-tacı ilə, sonra isə həyatı ilə cavab
verməli oldu.

 

 Orlov
qardaşlarından Qriqoridən və Alekseydən də arzulanan sevgili alınmadı –
onlar yeni hökmdar xanımdan tamahkarcasına çox şey tələb edirdilər.
Yekaterina üçün bu yaxşı dərs olur: dövlət maraqlarını nəzərdə tutaraq
düşünməyə adət etdiyindən o, bir daha vurulmamağa söz verir.    Artıq
vaxt da keçmişdi: imperatriçə qırxı aşmışdı. Onun yaşında olan bəzi
xanımlar artıq nəvə gəzdirirdilər, aşiq olmaq nədir?

 

Lakin
romantik təbiəti sağlam düşüncəni üstələyir və o, kamer-yunker
(inqilabdan qabaq Rusiyada kamergerdən kiçik olan saray rütbəsi – tərc.)
Vasilçikovla macəra yaşayır. Lakin dayaz düşüncəli kamer-yunker
Yekaterinaya nə dövlət işlərində məsləhətçi, nə də layiqli həmsöhbət ola
bilir.

 

Rus
dilini, yeni təbəələrinin adət-ənənələrini öyrənsə də, etiqadını
dəyişsə də imperatriçə "sehrli rus qəlbini” sonadək dərk edə bilmədi.
Yalnız kişi – ağıllı, cəsur və sevən kişi bu böyük yad ölkəni anlamaqda
və idarə etməkdə ona kömək etmək gücündə idi. Favoritlərini dəyişmk
səbəblərindən biri də məhz bu idi. Baxmayaraq ki, başqa bir səbəb də var
idi – imperatriçənin təbii həssaslığı. 

 

Sarayda
pıçıldaşırdlar ki, o, yalnız kişinin ağuşunda yuxuya gedə bilir. Və
həqiqətən də "favoritsiz” keçən qısa sürələrdə Yekaterina çox əsəbi
olur, hər şeyə irad tutur, qulluqçulara qışqırır və düşünülməmiş
qərarlar qəbul edirdi. Belə ki, dövlətin maraqları onun yanında sınanmış
birinin olmasını tələb edirdi. Belələrinin seçilməsi ilə imperatriçənin
sadiq kameristkası (keçmişdə xanımların xüsusi xidmətində olan qulluqçu
– tərc.), paytaxtın kübar həyatında parlayan bütün gənc, yaraşıqlı və
ucaboylu (boyu bir metr səksən santimetrdən aşağı olmayan) kişilər
haqqında xanımına hərtərəfli məlumat verən Marya Savvişna Perekusixina
məşğul olurdu. 

 

Doğrudur,
bəzən imperatriçə Perekusixinanın yardımı olmadan da keçinə bilirdi.
1773-cü ilin sonlarında da belə olmuşdu. İmperatriçə yeniçə təyin
olunmuş, türklərlə müharibədə fərqlənmiş general Qriqori Potyomkinə
iltifatlı məktub yazıb onu Peterburqa dəvət edir. Yekaterina Potyomkinlə
ilk dəfə hələ 1762-ci ildə tanış olmuşdu. Potyomkin Yekaterinanı taxta
çıxaran çevrilişdə iştirak etmişdi. O vaxt zəngin Smolensk mülkədarının
oğlunun cəmi 22 yaşı var idi və o, imperatriçənin xoşuna gəlmək üçün
dəridən-qabıqdan çıxırdı. Yekaterina xatırlayırdı ki, o, məzəli sözlər
danışıb-gülür, insanların və heyvanların səslərini yamsılayırdı. Bir-iki
dəfə Yekaterina onu saraya ziyafətə çağırmışdı, lakin Potyomkinin ona
tuşlanmış sevgili baxışları Orlov qardaşlarının xoşuna gəlməmişdi. 

 

Tezliklə
faciə baş verir: Potyomkin gözünün birini itirir. Özünün dediyinə görə,
gözləri uğursuz müalicə üzündən görmək qabiliyyətini itirib. İsitmə
xəstəliyinə tutulan Qriqori türkəçarə həkimə müraciət edir. O da xəstəyə
kəskin, yandırıcı məlhəmlərlə təpitmə edir. Lakin şayiə gəzirdi ki,
onun gözünü quldur Orlov qardaşları ilə davada vurub çıxartmışdılar.
Hələ üstəlik ona "siklop” (yunan əsatirində təpəgöz – tərc.), - deyə
rişxənd də edirdilər. Potyomkinin qohumu Samoylov yazırdı ki, ümdsizliyə
qapılan Qriqori kəndə çəkilir və hətta monstıra getmək istəyir. Ancaq
sonra axır ki, paytaxta qayıdır və uzun illər sarayda əhəmiyyətsiz bir
vəzifədə batıb qalır. Onun zamanı 1769-cu ildə sarayın cansıxıcı
həyatından bezib türklərlə müharibəyə könüllü qoşulduğu an gəlib çatır.
Bu müharibə ona nəinki cəsurluğunu, hətta sərkərdəlik istedadını da
göstərməyə imkan verir. İndi o, artıq şən və zarafatcıl gənc deyildi,
həyatında çətinliklər yaşamış yetkin kişi idi.   

 

Əlbəttə,
görüş zamanı Yekaterina fərqi hiss etmişdi, lakin imperatriçə hər
şeydən əvvəl qonağın zahiri görünüşünə fikir vermişdi: uca boy, səliqə
ilə daranmış şabalıdı saçlar, həssas dodaqlar və qüsursuz ağ dişlər –
bu, o zaman üçün nadir hal idi. Sağ gözü boz-yaşıl, sol, görməyən gözü
isə daima qıyıq idi. Bu isə simasına vüqarlı bir görünüş verirdi.  

 

Əvvəllər
heyran olduğu imperatriçəni görəndə onun necə bir hiss keçirdiyini
demək çətindir – tarix bu görüşə aid heç bir məlumatı qoruyub
saxlamayıb. O vaxt Yekaterina balaca boy (157 sm) və dolu olmasına
rəğmən kişilər üçün yenə də gözəl və cazibədar xanım idi. Əlbəttə, bu
cazibədarlığın böyük bir payı da hakimiyyət magiyasının üzərinə
düşürdü.  Potyomkin də ona qarşı laqeyd deyildi: artıq bir neçə gündən
sonra hər şeyi bilən Avropa diplomatları öz paytaxtlatına məlumat
vermişdilər ki, Yekaterinanın yeni "əhvalatı” başlayıb. 

 

İngiltərə
səfiri Hunninq bildirirdi ki: "Onun (Potyomkin nəzərdə tutulur – tərc.)
nəhəng və qeyri-proporsional fiqurası var. Zahiri görkəmi isə qətiyyən
cəlbedici deyil. Bununla belə, o, insanları yaxşı tanıyır və
həmvətənlərinə nisbətən çox fərasətlidir”. Alman Solmsın dedi-qodusu isə
bundan ibarət idi: "General Potyomkin demək olar ki, xanımın otağından
çıxmır... Gəncliyi və ağlı sayəsində Orlovun imperatriçənin qəlbindəki
yerini tutmaq ona asan olacaq. Vasilçikov onu əlində saxlaya
bilməmişdi”.   

 

Elə
belə də olur – iki il Yekaterina və Potyomkin ayrılmaz cütlüyə
çevrilirlər. Bu sevgi münasibətinin yüksəliş mərhələlərini çar
fərmanları addım-addım izləyirdi: 1774-cü ilin martında favorit
Preobrajenski polkunun podpolkovniki təyin edilir (polkovnik çariçanın
özü idi), iyunda Hərbi kollegiyanın vitse-prezidenti olur, növbəti il
isə qraf titulu alır. 

 

Potyomkinin
yüksək mövqeyi hələ qarşıda idi: o, çox tezliklə Qış sarayına köçür və
Yekaterinanın buduarı ilə dolama pilləkənlə birləşən otağa yerləşir.
Favorit eyni otaqları Böyük Çarskoselski sarayında da alır, lakin orada
Potyomkinin xanımın yataq otağına olan yolu uzun soyuq dəhlizdən keçirdi
və Yekaterina qayğıkeşliklə tapşırırdı ki, "ayaqyalın gəzmə,
soyuqdəymədən yaxa qurtarmaq istəyirsənsə, tütün qırıntılarını iylə”.   

 

Potyomkin
Yekaterinanın yaxın adamlarını şoka salaraq sarayda xalatda, yaxud da
lüt bədənə geydiyi xəzdə, ev başmaqlarında və çəhrayı gecə papağında
gəzirdi. Həm də həmişə nə isə çeynəyirdi – alma, piroq, turp qalıqlarını
isə utanmadan döşəməyə atırdı. Bəzən camaatın içində dişlərini
qurdalayır, hansısa nazir və ya səfirlə söhbətə aludə olduğundan isə
hətta çox vaxt dırnaqlarını da yeyirdi. Başqası olsaydı, rüsvayçılıqla
saraydan atardılar, sevimli imperatriçəsi isə onu yalnız "imperiyanın
ilk dırnaqyeyəni” adlandırmışdı. 

 

Doğrudur,
imperatriçə onu tərbiyənləndirməyə çalışır, sarayda davranış
qaydalarını yazdırıb divarlardan asdırırdı. Bu qaydalar içərisində belə
bir bənd də var idi: "Şən olmaq. Lakin heç nəyi korlamamaq, qırmamaq və
heç nəyi gəmirməmək”. Öz əşyalarını onun otağına səpələdiyinə görə də
imperatriçə sevgilisini danlayırdı: "Bu, nə vaxtacan belə olacaq,
əşyalarını niyə mənim otağımda unudursan?”  

 

Yekaterina
özünü elə göstərirdi ki, guya inciyir – ciddi alman qanunları ilə
tərbiyələnmiş Yekaterina üçün Potyomkinin pintiliyi də, sadəlövh
zarafatları da sevimli olmuşdu: "Əzizim, dünən sən necə bir cəfəngiyat
danışırdın. Hələ bu gün də sənin sözlərinə gülməyim tutur. Mən səninlə
necə də xoşbəxt anlar keçirirəm!” İmperatriçə ondan ayrılan kimi
darıxmağa başlayırdı. Əgər gecələr kart oynamağa qalıb onun yanına
gəlmirdisə, yuxuya gedə bilmirdi; bir dəfə Yekaterina onun otağının
yanında yelçəkəkn yerdə iki saat dayanıb gözləmişdi, içəridə adamlar
vardı deyə, içəri keçə bilməmişdi. Potyomkindən fərqli olaraq o,
qaydalara məhəl qoymayıb axşamlar onun otağına keçə bilmirdi. "Mən sənin
yanına gəlmək üçün yol axtarırdım, - deyə çariça şikayətlənirdi. –
Lakin yolda o qədər qayduk və lakeylər vardı ki, fikrimdən əl çəkdim...
"Sərhədlərimiz” arada veyillənən hər cür heyvanlarla doludur". Əlbəttə,
o, yaxşı başa düşürdü ki, özünü hökmdar xanım kimi aparmır və bunu onun
özünə də etiraf edirdi:  "Cənab Potyomkin, bu necə təəccüblü bir şeydir.
İndiyədək Avropada ən qüdrətli xanım kimi tanınan Yekaterinanın ağlını
əlindən almısınız? Utancdır, ağılsızlıqdır, günahdır! İkinci Yekaterina
ağılsız bir ehtirasın ona hökmranlıq etməsinə yol verir!” 

 

Yekaterina
və Potyomkinin bir-birlərinə yazdıqları yüzlərlə məktub qorunub
saxlanılıb və "Ədəbi abidələr” seriyasının bir cildini təşkil edir.
Bunlar əsasən iş-gücdən təklikdə qala bilməyən sevgililərin gündə bir
neçə dəfə yazdıqları qısa yazışmalarından ibarətdir. İmperatriçə daha
çox və nəvazişlə yazır, sevgilisi üçün saysız-hesabsız sevimli ləqəblər
fikirləşib tapırdı -  "canım mənim”, "mənim əziz oyuncağım”, "ən
qiymətlim” və s. Potyomkin daha təmkinli idi və Yekaterinanı "anam”,
"hökmdarım” adlandırırdı. O, öz məhəbbətini başqa cür izhar edirdi –
məktubu aparan nökərə əmr edirdi ki, Yekaterina onu oxuyub cavab
yazanacan diz çökərək gözləsin.   

 

Saray
əyanları fikirləşməkdən "başlarını sındırmışdılar”: Potyomkin çariçanı
nə ilə fəth edib? Cürbəcür şaiyələr gəzirdi: həqiqətə uyğun olanları da
vardı, olmayanları da. Deyirdilər ki, Potyomkin çariçanı əyləndirir,
dövlət işlərindən yayınmaqda (yəni, dincəlməkdə) ona yardımçı olur.
Bəziləri isə deyirdilər ki, o, qara magiya ilə məşğuldur və Yekaterinanı
sehrli iksirlə ovsunlayıb. Heç kim inanmırdı ki, çariça onun ağıl və
qabiliyyətini qiymətləndirir. Halbuki əsl həqiqət məhz bu idi.

 

Potyomkin
bütün mühüm dövlət sənədlərini oxuyur və onlara uyğun tövsiyələrini
verirdi və şübhəsiz ki, bunlar işə yarayırdı. Faktiki olaraq rus
ordusuna komandanlıq edən Potyomkin onu sanki yenidən qurur, Pyotrun
vəfatından sonra çökmüş hərbi donanmanı bərpa edir. Xarici ölkələrlə
münasibətlərdə böyük uğurlar əldə edir – misalçün, Avstriya ilə ittifaq
bağlayır və buna görə Müqəddəs Roma imperiyasının şöhrətli knyazı
tituluna layiq görülüb. Bu məsələ ilə bağlı qəbulda Yekaterina hamının
yanında Potyomkini qucaqlayıb deyir ki, Rusiyada sənin başından yaxşı
baş yoxdur.

 

Qriqori
Aleksandroviçin məhz başı imperatriçəni onların münasibətlərini
qorumağa sövq edirdi. O, Potyomkinin hər cür kobudluğunu, etiket
qaydalarına etinasızlıq göstərməsini də, melonxoliya tutmalarını da (bu
isə tez-tez baş verirdi) buna görə bağışlayırdı. Hələ üstəlik Qriqori
əməlli-başlı qısqanclıq edirdi və Yekaterina dəfələrlə özünə bəraət
qazandırmaq üçün dəridən-qabıqdan çıxırdı: "Yox, Qrişenka, ola bilməz
ki, mən sənə xəyanət edim. Bir özün düşün: səndən sonra kimisə sevmək
mümkündürmü? Məncə, sənin kimi birisi yoxdur”. 

 

Sevgilisinin
şübhələrinə son qoymaq üçün Yekaterina cəsarətli bir addım atır –
onunla gizli nikaha girir. Belə bir versiya var ki, bu, 1774-cü ilin
iyununda Vıborq tərəflərdə kiçik bir kilsədə baş verib. Onların nikahını
təsdiqləyən sənəd yoxdur, lakin məhz bu povestdən sonra Yekaterina
məktublarında onu "əziz həyat yoldaşım”, özünü isə "sədaqətli zövcə”
adlandırmışdı. 

 

Yekaterina
ilə Potyomkinin macərasının kulminasiya nöqtəsi Moskvaya uzun-uzadı
səyahətləri oldu. Onlar türklər üzərində qələbəni və Puqaçov üsyanının
yatırılmasını qeyd etmək niyyətində idilər.

 

1775-ci
ilin yanvarında imperatriçə Potyomkinlə birlikdə Rusiyanın paytaxtını
gəzməyə çıxır. Sevgililər hər yerdə birlikdə görünürdülər. Onlar Moskva
ətrafındakı Çyornaya Qryaz kəndinə də birlikdə getmişdilər. Yekaterina
burada möhtəşəm bir saray tikdirmək istəyirdi. Bu tikintinin şərəfinə
yerin adını dəyişdirib Çariçıno qoyurlar. İyulda Xodınsk çölündə
düzənlənən bayramda Potyomkin özü özünü ötüb keçir. Ərazidə park
salınır, "Don” və "Dnepr” adlı kiçik çaylar çəkilir, qəsrlər, minarələr
ucaldılır. Fişənglər səmada imperatriçənin venzelini (ad və familiyanın
baş hərflərinin bir-birinə keçirilərək qəşəng yazılışı – tərc.) yazırdı.
On minlərlə qonaq fəvvarələrdən şərab içir və şişdə qızardılmış öküz və
qoyuna qonaq olurlar.

 

Gizlədilən qanunsuz "vərəsələr”

 

İyulun
on ikisində imperatriçə ağrılarının başlaması səbəbindən  bayram
şənliyini tərk edir və iki gündən sonra bir qədər də yaxşılaşmış,
qədd-qaməti düzəlmiş halda gəlib çıxır. Sonralar Yelizaveta Qriqoryevna
Tyomkina adı ilə tanınan qız məhz bu günlərdə dünyaya gəlmişdi. O, qraf
Samoylovun ailəsində böyümüşdü və Potyomkin həmişə ona diqqət və qayğı
göstərirdi. Şayiələr gəzirdi ki, bu, Yekaterinanın o zamanki adətə görə,
atasının qısaldılmış familiyasını daşıyan qızıdır. Doğrudur, çariça özü
Tyomkina ilə maraqlanmırdı, lakin o, Qriqori Orlovdan olan oğluna –
Bobrinski qafına da elə böyük diqqət ayırmırdı. O da başqa bir ailədə
tərbiyə almışdı. 

 

Gizli
ər statusu Potyomkini sakitləşdirmədi: o, imperatriçəyə qarşı daha
sərbəst, bəzən isə hətta kobudcasına davranmağa başladı. Görüşləri
getdikcə azalırdı: indi o, təkcə axşamları deyil, gecələri də kart
stolunun arxasında keçirirdi və onun başqa qadınlarla əlaqələri haqqında
şayiələr imperatriçəyədək gəlib çatırdı. Ancaq daha pisi hələ bu
deyildi: rus nağıllarının qəhrəmanları kimi bu həyatda hər şey əldə edən
və daha çatacaq bir zirvə qalmadığını anlayan Potyomkin açıq-aydın
darıxmağa başlamışdı. Potyomkin öz qohumu Engelqardtla nahar süfrəsi
arxasında etiraf etmişdi ki, "məndən xoşbəxt insan ola bilərmi? Mənim
bütün arzularım, bütün istəklərim sanki bir sehrbazın çubuğu ilə
gerçəkləşib. Mən yüksək rütbə tutmaq istəyirdim -  buna nail oldum;
ordenlər almaq istəyirdim – aldım; qumar oynamağı sevirdim – istənilən
qədər uduza bilərəm; ləl-cəvahirat sevirdim – məndə olan nadir, gözəl
zinətlər heç kimdə yoxdur. Bir sözlə, bəxtəvərəm”. Potyomkin bu sözləri
deyib stolun üstündən çox qiymətli servisin boşqabını göturub döşəməyə
tolazladı və yataq otağına çəkildi. 

 

Yekaterina
uzun müddət sevgilisinin halındakı dəyişikliyin səbəblərini anlaya
bilmirdi. Gah hədiyyələrlə könlünü anlamağa çalışır, gah nəvaziş
göstərir, gah da əksinə, kobud şəkildə məzəmmət edirdi. Bir-iki gün
barışırdılar, sonra o, yenə melonxoliyaya qapılır, sarayda ruh kimi
dolaşırdı. Nəhayət, Yekaterinanın alman qanı özünü göstərdi: o,
Potyomkinə başa saldı ki, ayrılmalıdırlar. Lakin çariça onun
məsləhətlərindən məhrum olmamaq və yaxud da sadəcə, ona hələ də əziz
olan surəti hər gün seyr edə bilmək üçün Potyomkini "tam istefaya
göndərmədi”.  

 

Bəzən belə də olur...

 

Qarşılıqlı
razılığa əsasən qərara alındı ki, o, sarayı tərk edəcək, lakin
istənilən vaxt ora gəlmək hüququnu saxlayacaq və ən başlıcası
Yekaterinaya layiqli sevgili tövsiyə edəcək. Belə də olur: 1775-ci ilin
dekabrında Pyotr Zavadovski – o qədər də gənc olmayan yaraşıqlı general
artıq Yekaterinanın qonağı idi. Onun parlaq isdedadı olmasa da,
Potyomkinə sonsuz sədaqəti vardı. 

 

Potyomkinin
Rusiyadakı və xaricdəki düşmənləri onun hakimiyyətdəki mövqeyinin zərrə
qədər də azalmadığını görüb çox məyus olmuşdular. Minlərlə kəndlisi
olan yeni torpaqlar onun sərəncamına verilmişdi. Keçmiş favoritinin
mükafatlara olan sevgisini bilən Yerkaterina əksəriyyəti ilə qohumluq
əlaqələri olan Avropa hökmdarlarına üz tutub Potyomkini ali ordenlərlə
təltif etməklərini istəmişdi. Yekaterina onu hətta Kurlyandiya hersoqu
etməyi də planlaşdırmışdı. Ancaq onun bu niyyəti baş tutmadı, çünki
Qriqori gözlənilmədən bəyan etdi ki, artıq imperatriçadan belə
hədiyyələr qəbul etmək istəmir. 

 

"Aradüzəldən”
rolu birdən-birə ona həqarətli görünmüşdü və o, çox böyük ümidsizliyə
qapılaraq imperatriçəni qısqandırmağa çalışırdı. Özü isə "görünməmiş
əxlaqsızlığa” qurşanmışdı. Gah Zavadovskinin saraydan qovulmasını tələb
edir, gah da təşrifinə razılıq verirdi. Günlərin birində isə monastıra
çəkilməyi qərar alır: "Bir halda ki, mənə Sizin hüzurunuzdan qovulmaq
nəsib olub, yaxşısı budur ki, bu, çox az adam içində baş versin.
Ləngimədən geri çəkilirəm, halbuki bura mənimçün yaşamağa bərabərdir”.  

 

Axırda
nəhayət ki, Yekaterina Potyomkini tatar hücumları üzündən insansız
qalan Novorusiyanın general-qubernatoru təyin edərk saraydan göndərməyi
qərara alır. 

 

Novorusiya necə salındı...

 

Növbəti
bir neçə ildə Qriqori Aleksandroviç Peterburda, demək olar ki,
görünmədi. O, çox böyük işlər gördü: qala tikməkdən tutmuş mallara
qiymətlətin qoyulmasına kimi. 

 

Onun
səyi ilə Novorusiya torpaqlarında bəzi vergilər ləğv olunmuşdu. Bu
səbəbdən də nəinki rus və ukraynalı kəndlilər, həmçinin yadellilər də -
yunanlar, bolqarlar, serbiyalılar, yəhudilər də buraya can atırdılar.

 

İmperatriçə
isə bu aralar favoritlərini tez-tez dəyişirdi: Zavadovskini Yermolov
tezliklə oyundan çıxarır, sonra Zoriç, sonra gənc, vaxtsız vəfat etmiş
Aleksandr Lanskoy (onun ölümünü də Yekaterinanın sevgi acgözlüyü ilə
bağlayırdılar). Bu dövrənin mexanizmini əvvəllər bir müddət Potyomkinin
katibi olmuş fransız Sen-Jan açır: "Knyaz çoxsaylı əlaltılarının verdiyi
məlumatlar əsasında özünün də iki il ərzində tutduğu mövqeyi tutmaq
üçün zəruri keyfiyyətləri olan gənc zabitləri axtarıb tapırdı. Sonra o,
namizədlərin portretlərini sifariş verir və onları imperatriçənin
seçiminə təqdim edirdi”.  

 

Bu,
göstərir ki, Yekaterina əvvəlki kimi təkcə Potyomkinə etibar edir və
onu eşidirdi. Hamı bunu bilirdi və buna görə də xarici səfirlər nazir və
senatorların deyil, məhz onun yanına gəlir, mühüm kağızları göndərir,
incidilənlər də şikayətə məhz buraya üz tuturdular.

 

Potyomkinin
səyi ilə Qara dəniz donanması sıfırdan yenidən yaradıldı. Mənlumdur ki,
bu, hələ I Pyotrun arzusu idi. Yeni Odessa və Nikolayev şəhərləri
gəmiqayırmanın mərkəzlərinə çevrildilər. Novorusiyanın insan yaşamayan
düzlərində başqa şəhərlər də - Yekaterinoslav, Herson, Mariupol
şəhərləri də salındı. Rus məskənləri getdikcə Krıma daha çox
yaxınlaşırdılar. Potyomkin Yekaterinaya yazırdı:  "Elə bilin ki, Krım
artıq sizindir və "burunun üstündəki həmin ziyillər artıq yoxdur” –
budur, sərhədlərin vəziyyəti əladır”. 1783-c ildə sonuncu Krım xanı
Şahin Gəray xan hakimiyyətdən uzaqlaşdırılır. İmperatriçə verdiyi
manifestlə Krımı Rusiya torpağı elan edir və adını dəyişdirərək Tavriya
quberniyası (Tavriçeskaya quberniya) adlandırır. İmperatriçənin fərmanı
ilə Potyomkinə Tavriya knyazı titulu verilir. 

 

1787-ci
ilin yazında Yekaterina yeni torpaqlarına baxmaq üçün, bəlkə də
Qrişenkasından ötrü darıxdığından cənuba səyahətə yollanır. Onu
xidmətçilər karvanı müşayiət edirdi. Hətta Müqəddəs Roma imperiyasının
imperatoru II İosif də Yekaterina ilə gedirdi. İmperatriçə yeni
torpaqlarını ona göstərmək istəyirdi. Mənzərə gözləniləndən daha
heyrətamiz idi - əvvəllər uzanıb gedən çılpaq düzənlərdə xeyli əhali
yaşayan şəhərlər, kəndlər, əkin sahələri salınmışdı. Hər şeydən
şübhələnən, ehtiyat edən xaricilər də hətta etiraf edirdilər ki, gözləri
qarşısında sərgilənən bu əlvan dekorasiyanı çariçanın göstərişi ilə
Potyomkin yaratmışdı.    

 

Saksoniya
səfiri Gelbrix qayıdan kimi bu barədə kitab yazır və ilk dəfə
"Potyomkinin kəndləri” ifadəsini də o, işlədir. Əlbəttə, görüntü üçün
olan işlər də vardı: hökmdar kortecinin keçdiyi yerlərdə təcili olaraq
hasarlar boyanmış, sakinlər isə qəşəng paltarlar geymişdilər. Ən
başlıcası isə Novorusiyanın məskunlaşdırılması və onun
abadlaşdırılmasını hörmətli knyaz nə qədər istəsə də saxtalaşdıra
bilməzdi.  Bu, Sevastopolda xüsusilə nəzərə çarpırdı. Burada rus
donanması qonaqların qarşısına bütün toplardan yaylım atəşi açaraq döyüş
nizamı ilə çıxdı.  

 

Səyahətin
iştirakçısı olmuş fransız prinsi de Lin yazırdı: "İmperatriçənin
səyahətini möcüzə adlandırmaq olar. Demək olar ki, hər addımda
gözlənilməzliklərlə qarşılaşırdıq. Bir tərəfdə eskadraları (hərbi-dəniz
donanması gəmilərinin böyük birləşməsi – tərc.), o biri tərəfdə atlı
dəstələri, başqa yanda bir neçə verst yayımlanan işıqfəşanlıq, burda isə
bir gecədə salınmış bağlar!”  

 

Süqut onu da haqladı...

 

Potyomkinin
"ulduz saatı” həm də onun gözdən düşməsinin başlanğıcı oldu. Elə həmin
yay Türkiyə ilə yeni savaş başladı. Potyomkinin qoşunu sayca az idi,
döyüş sursatı da çatışmırdı, üstəlik bədbəxtlikdən onda malxülyanın
növbəti kəskin tutmaları da başlamışdı. O, donquldanırdı ki, hər şey
məhv oldu, müharibə uduzulmuşdur və yaxşısı budur, Krımı türklərə geri
qaytaraq. Doğrudur, Potyomkin türklərin qalasını ələ keçirə bilir, lakin
buna yarım il vaxt sərf etməli oldu. 

 

Qələbə
ilə Peterburqa varid olan general hiss edir ki, imperatriçə onunla
nəzakətlə, lakin soyuq davranır. Tezliklə Qriqori Aleksandroviç öyrənir
ki, bu soyuqluğun səbəbi Platon Zubov adı idi. Yaraşıqlı poruçik
Yekaterina ilə cənub səyahətində tanış olmuş və tədricən
imperatriçəninən yaxın adamına çevrilmişdi. Poruçikin 22, imperatriçənin
isə 60 yaşı vardı. Zubov onun sevgilisi olduqdan sonra öz mövqeyinin
sabitliyinin təminatını çariçanın bütün əvvəlki favoritlərini və ilk
öncə də Potyomkini ləkələməkdə gördü. Hərbi uğursuzluqlar da,
Novorusiyadakı qarışıqlıq da, onun yaxınlarının xəzinəni qarət etməsi də
Potyomkinin ayağına yazılırdı.    

 

Sözsüz
ki, Zubovun söylədiklərinin heç də hamısı yalan deyildi: hətta o dövrkü
zahiri dəbdəbə zamanında belə Potyomkinin davranışı qıcıq oyadırdı.
Onun qonağı olan general Lanjeron xatırlayırdı ki, hara baxsan qızıl və
gümüş parıldayırdı. Knyaz gümüşü saplarla toxunmuş, gümüşü saçaqlarla
haşiyələnmiş, lent və güllərlə bəzədilmiş çəhrayı örtük çəkilmiş divanda
zərif və bahalı ev paltarında öz libaslarından daha gözəl olan
qadınların əhatəsində oturmuşdu. Onların qarşılarında isə qızıl külqabı
vardı. Otağın ortasında qızıl qablar düzülmüş şam stolu qoyulmuşdu”. 

 

Potyomkinin hərəmxanası

 

Yekaterinanın
gözlərini generalın şəxsi həyatına da açdılar. Əgər imperatriçə kişisiz
ötüşə bilmirdisə, o da qadınsız həyatı ağlına sığışdıra bilmirdi.
Admiral Senyavinin qızı, Polşa generalının arvadı, gələcək Pototsk
qrafinyası Sofya de Vitt,  hətta İtaliya kahininin arvadı, Peterburqa
cəmi bircə həftəliyə gəlmiş Kaliostro da onun məşuqəsi olmuşdu. Ərinə
sədaqətdə ad çıxarmış sonuncu qadını Potyomkin yoldan çıxaracağına mərc
gəlmişdi.  

 

Lakin
əsas qalmaqal Potyomkinin öz doğma bacısı qızlarından düzəltdiyi
hərəmxana oldu. Qriqori Aleksandroviç onları bacılarının vəfatından
sonra özü tərbiyə eləmişdi, həm də təlim-tərbiyə kursuna əks cinslə
münasibət elminə dair kurs da daxil idi.  

 

Bir
neçə ildən sonra bacıların böyüyünü çox zəngin və dəbdəbəli cehizlə ərə
verdilər. Onun yerini yaşca növbəti bacı tutur. Bütün bunlar hər gün
bir az daha çoxalan dedi-qodu üçün çox böyük material verir və
Potyomkinin başı üzərində hökmdar qəzəbinin partlayışı hədəsini də
getdikcə daha da artırırdı. 

 

O,
sevimli silahı – comərdliklə müdafiə olunmaq qərarına gəlir. 1791-ci
ilin yazında Yekaterina və üç min nəfərlik saray əyanı üçün paytaxtın
Tavriya sarayında dəbdəbəli bayram təşkil edir.  

 

Peterburq
hələ belə bayram görməmişdi: "Böyük və nəhəng çilçıraqlar parıltını
ikiqat artırırdı. Hər yanda parlaq ulduzlar və yaqut, zümrüd, topaz
daşların ətrafa səpələnən şəfəqləri bərq vururdu. Saysız-hesabsız
güzgülər və billur piramidalar bu sehrli mənzərəni əks etdirirdi.
"Doğrudanmı biz əvvəl olduğumuz yerdəyik?”, - deyə imperatriçə təəccüblə
Potyomkindən soruşmuşdu.   

 

Qəzəb
sönür: Yekaterina yaşa dolmuş və kökəlmiş knyazda əvvəlki qocaq,
təcrübəli və ağıllı favoriti gərərək Qriqori Alekseyeviçi yubanmadan
rumın şəhəri olan Yassaya gedib türklərlə sülh bağlamağa göndərir.

 

1791-ci
ilin yağışlı payız günü idi. Yolda Potyomkini qızdırma tutur və o,
Yassaya tamam xəstə halda gəlib çatır. Bir neçə gündən sonra vəziyyəti
daha da pisləşir. Ancaq şahidlər söyləyirdilər ki, o, hələ də öz həyatı
uğrunda mübarizə aparırdı və son yeməyində böyük bir sala dilimi, bütöv
bir qaz, bir neçə cücə yeyir, inanılmaz qədər kvas, bal və şərab içir.
Və dərhal sonra onu Nikolayevə aparmalarını əmr edir. Lakin yolda
qəfildən müşayiətçilərə deyir: "Bəsdir! Artıq gediləsi bir yer yoxdur:
mən ölürəm. Məni faytondan düşürün, yerdə ölmək istəyirəm”.  Onun istəyi
yerinə yetirilir və oktyabrın 5-də Tavriya knyazı gözlərini əbədi
yumur. Potyomkinin cəsədini Hersona aparıb özünün tikdirdiyi baş kilsədə
dəfn edirlər. 

 

Potyomkindən
beş il çox yaşayan Yekaterina alman baronu Qrimmə ünvanladığı məktubda
onun ölümü haqda belə yazırdı: "Dünən sanki baltanın küt tərəfi ilə
başıma bir zərbə endirdilər... Şagirdim, dostum, demək olar ki,
səcdəgahım knyaz Potyomkin Tavriçeski vəfat etdi. O, yüksək əqlə, nadir
zəkaya və çox gözəl ürəyə malik bir insan idi”.  Bu sözlər göstərir ki,
impratriçənin qəlbindəki keçmiş sevgi hissi artıq çoxdan özünü başqa bir
duyğuya vermişdi. Lakin məhəbbət nifrətə deyil, sakit bir ehtiram
hissinə güzəstə getmişdi.

 

Eynilə
belə bir dəyişiklik Potyomkində də baş vermişdi, son nəfəsinədək o,
vətəninə və imperatriçəyə sadiq qalmışdı. Məhz buna görə də onlar tarixə
əl-ələ verərək Rusiyanı yaradan böyük insanlar kimi daxil olublar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!