Azadlıq qiymətinə foto

Azadlıq qiymətinə foto
Maraqlı məlumatlar
10.09.2017 10
Ömrün
ayrı-ayrı anlarına güzgü tutan xatirələrimiz kolleksiyaçıların
topladığı bahalı əşyalar kimidi. Onları pulumuz, vaxtımız hesabına,
bəzən də lap həyatımız bahasına "alıb” xatirələr muzeyinin eksponatına
çeviririk. Elə-belə, "müftə” olanı, "nəfə” qalanları daha çoxdu,
beləsindən danışmıram.



Şirinli-acılı
min-min xatirənin içində ən yadda qalanı ən "baha” alınanıdı.
Xatirələrin dəyəri ona çəkilən "xərc”i gözəyarı da olsa qiymətləndirəndə
bilinir. Bunu hər kəs hesablaya bilər. Bax, mən: Rumıniyanın Braşov
kurort şəhərində dostların fantastik məbləğ deyib imtina elədikləri bir
gecəlik xatirə üçün cibimdəki pulun, yalan olmasın, hamısını
xərcləmişdim; Ağdamdan Şuşaya qalxanda vertolyota dəyən güllənin
doğurduğu xatirə lap "baha çıxmışdı” – bütün ömrə çatası qorxunu bir
neçə dəqiqədə "israf” eləmişdim; Krımda dağ başındakı "Çufut-Kala”
muzey-şəhərinin sehrinə düşmək üçün isə qızıl kimi neçəsə saatımdan
keçmişdim.



Amma
bu yazıda öz xatirələrimdən yox, başqa birinin hələ 24 il əvvəl bir
ətək pul töküb aldığı fotosunun yaşatdığı xatirədən söz açacam.



*** 



Uzun
illər öncə bir çex dostum Milan Kunderadan yerlisi kimi fəxrlə
danışanda, onun eyniadlı əsəri əsasında çəkilmiş "Varolmanın dözülməz
yüngüllüyü” filminə baxmağı tövsiyə edəndə heç ağlıma da gəlməzdi ki,
orda cərəyan edən siyasi hadisələr bir vaxtlar Ağdamda yaşadığımız
olayların oxşarıymış. İllər uzunu heç bir kanalda rastlamadığımın
səbəbini dünən baxanda bildim. Filmin xeyli erotik səhnələri də varmış. 



Bu
yazının ərsəyə gəlməsinə səbəb internetdə baxdığım həmin filmdəki bir
epizod oldu – xüsusi xidmət orqanı əməkdaşları 1968-ci ilin məşhur Praqa
nümayişlərində iştirak edənləri çəkilən foto və videolardan müəyyən
edib tuturdular. Çexoslovakiya lideri Dubçekin siyasi islahatları,
cəmiyyətin liberallaşması insanlarda SSRİ-dən asılılığı azaltmağa,
azadlıqların bərqərar olmasına ümid yaratmışdı. Çox çəkmədi, ümidlər
"Brejnev doktrinası” ilə 300 min əsgərin çəkməsi, 7 min tankın tırtılı
altında qaldı.



Praqanın
qanlı baharı 20 il sonra, 1988-ci ilin fevralında Ağdamda təkrarlandı.
Sabahın dalğası dərya dərinliklərində bu gün toparlanır. Ağdamda
minlərin başladığı mitinq sonra Bakıda milyonların etiraz dalğasına
çevrildi. 



Həmin
ilin 21 fevralında Ağdamda müasir Azərbaycan tarixinin ilk etiraz
mitinqi keçirildi. Səhəri gün Stepanakertə sarı izdihamlı yürüş qərarı
da elə o mitinqdə verildi. Eynən Praqadakı kimi burda da yürüşün
qarşısına sovet-rus ordusu çıxdı. Azərbaycanın müstəqilliyi ilə
sonuclanacaq yolun başlanğıcında ilk qurbanlar Əsgəran qalası
yaxınlığında verildi – Əli, Bəxtiyar öldürüldü, Sahib Şükürov, adını
bilmədiyim neçə-neçə adam yaralandı. 



Yürüş silah gücünə dayandırıldı! Etiraz səsləri batırıldı! Arxasınca kütləvi həbslər başladı!



İstintaq
vaxtı adamların mitinq-yürüşdə iştirakı gizli çəkilmiş fotolarla sübut
edildi. Vətənin müdafiəsinə qalxanlar dövlət əleyhinə hərəkətdə ittiham
olundular. Praqa hadisələri ilə oxşarlıq elə buradaca bitdi!



Bundan
o yana hadisələr Azərbaycansayağı cərəyan elədi. Pulu olmayan tutuldu,
pul tapan azadlığını satın aldı. Deyilənə görə o hadisədə mitinqçilərdən
yığılan pul 1970-ci illərin maddi-mənəvi mirası olan pambıq
"pripiska”sından əldə olunan gəlirdən də çox imiş. Bu, torpaq təəssübü
çəkən insanların inamını əzmə, iradəsini sındırma, vətəndən incik salma
siyasətinin başlanğıcı idi. 



Sonra vətənsevənlər bir-bir sıradan çıxarılacaq, vətənin başına vətənsoyanlar gələcəkdi. 



Müharibəsi bitməyən ölkədə qəhrəmanlar fərarilərə nökər olacaqdı!



Bu
gün ölkəni idarə edənlər arasında vətən uğrunda müharibədə, müstəqillik
yolunda mübarizədə iştirak edəni varmı? Amma hakimiyyət zirvələrində
müstəqilliyin əleyhinə səs verən, bayrağı təhqir edən, xalq hərəkatı
iştirakçılarını tutduran nə qədər desən hakimi-sahib taparsınız! 



Çexiyada,
oxşar tale yaşayan başqa ölkələrdə belə olmadı. Həbs olunanlardan
rüşvət alıb buraxmadılar, mövcud qanun və siyasət çərçivəsində hərəkət
etdilər. Sonralar bu siyasət cinayətkar elan olunacaq, qanunlar qüvvədən
salınacaq, arxivlər açılıb gizlinlər aydınlığa çıxarılacaq, həmin
dövrün hakim zümrəsi xalqın ictimai qınaq obyektinə çevriləcəkdi. Bu
qınaq o qədər güclü olacaqdı ki, o vaxtın hakimiyyət təmsilçiləri yeni
cəmiyyətdə yaşamağın tək yolunu xalqın lənətlədiyi soyadlarından
ailəlikcə imtina edib, tanınmamaq üçün yenisini götürməkdə tapacaqdılar.



Bizdə isə tamam əksinə oldu. Əksi elə bu günümüzdü...



***



Yazı-pozu
adamı olduğumu bilən bir tanışım neçə il əvvəl mənə bir şəkil
göstərmişdi. Şəkildə o, çoxlu adam əhatəsindəydi. Danışırdı ki, bu
fotonu "keqebeşniklər” 1988-ci ildə Ağdamdan Stepanakertə yürüş vaxtı
çəkiblər. Sonra onu tutublarmış. Fotonu göstərib yürüşdə iştirakını
sübut ediblərmiş. 



"Qohum-əqrəbadan,
dost-tanışdan istədikləri məbləği topladım. Pulu verəndə müstəntiqdən
xahiş elədim ki, o şəkillərin birini mənə versin. Vermək istəmirdi,
"istintaq materialıdı” deyirdi. Uzun çək-çevirdən sonra ala bildim. Bax
beləcə, şəkil mənə bir "Jiquli”nin qiymətinə başa gəldi”. 



Həmin
dövrdə Ağdamda o istintaqı aparanlar, onların rəisləri, o rəislərin
nazirləri, həmin nazirləri yetişdirən siyasi rejim yönəldiciləri
istintaq bir yana, heç xalq qınağına da tuş gəlmədi! Onlar çex
həmkarları kimi nəinki soyadlarını dəyişdilər, əksinə, fəxrlə
soyadlarını tarixə, tarixin ironiyasına bax, özü də müstəqil
Azərbaycanın tarixinə yazdıqmaqdadılar. 



...Sonra da bəlalarımızın səbəbini orda-burda, onda-bunda axtarırıq.



Müəllif: Vahid Qaziскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!