Azərbaycan ədəbiyyatı - Qədim dövr

Azərbaycan ədəbiyyatı - Qədim dövr
Maraqlı məlumatlar
10.09.2017 144
Azərbaycan ədəbiyyatı – Azərbaycanlı şair və yazıçıların Azərbaycan mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri.



Qədim dövr

Azərbaycan yazılı ədəbiyyatının ən qədim nümunəsi e.ə. VI əsrdə Midiya dövləti (e.ə. VII-VI əsrlər) ərazisində meydana çıxmış və müəllifliyi Zərdüşt peyğəmbərə aid edilən "Avesta" dır. Burada Azərbaycan xalqının dualist dünyagörüşü, ibtidai insanın xeyirlə şərin mübarizəsi haqqındakı təsəvvürləri öz bədii əksini tapmışdır.

Kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları b.e. XI əsrdə "Kitabi-Dədəm Qorqud" adı altında yazıya alınmış, əlimizdə olan nüsxələr isə XVI əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Bədii abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti Qədim Yunanıstanda yaranmış analoji süjetlərin yaranmasına (Siklop) təkan vermişdir.

Azərbaycan ərazisində yaranmış və yazısının tarixi V əsrə gedib çatan alban ədəbiyyatı da klassik yazılı ədəbiyyatımızın qaynaqlarından sayılmalıdır. Alban hökmdarı Cavanşirin ölümünə şair Dəvdəkin yazdığı ağı bir çox cəhətlərinə görə qədim türk hökmdarı Alp Ər Tonqaya həsr edilmiş ağıya bənzəyir.

VII-VIII əsrlərdə islam xilafətinin mərkəzi şəhərləri olan Mədinədə və Məkkədə yaşayıb yaratmış Azərbaycan köklü şairlərdən Əbu Məhəmməd ibn Bəşşar, Musa Şəhəvat və İsmayıl ibn Yəssarın şeirləri mübariz tənqidi ruhu, orijinal sənətkarlıq xüsusiyyətləri ilə o dövr ərəb poeziyasından müəyyən dərəcədə seçilir. Bunu mütəxəssislər də təsdiq edirlər. Ərəb dilində bədii əsərlər yazmaq ənənəsi Azərbaycan şairləri arasında XI-XII əsrlərə qədər davam edir, Xətib Təbrizi, Məsud ibn Namdar kimi sənətkarlar bu dildə Azərbaycan ədəbiyyatını zənginləşdirən bədii örnəklər ərsəyə gətirirlər. Dövrünün görkəmli filoloqu olan Xətib Təbrizinin ədəbiyyatşünaslıq sahəsində böyük xidmətləri vardır. Onun "Şərhül-Həmasə" adlı əsəri min ilə yaxındır ki, şərqşünas və ədəbiyyatşünaslar arasında öz böyük nüfuzunu saxlamaqdadır. Bu əsər haqqında onlarla elmi araşdırma yazılmış və nəşr olunmuşdur.

XI əsrdən Qətran Təbrizinin (1012-1088) yaradıcılığı ilə Azərbaycan poeziya məktəbi başqa bir dildən – dari dilindən istifadə etməklə yeni inkişaf mərhələsinə qədəm qoyur. Qətranın müasir dövrə gəlib çatmış "Divan"ı əsas etibarilə dövrün hökmdarlarına yazılmış mədhiyyə-qəsidələrdən ibarət olsa da, bunların giriş-nəsib hissələrində heyranedici təbiət təsvirləri özünə yer tapmış və Azərbaycan poeziya məktəbinin sonrakı inkişafında mühüm rol oynamışdır.

1054-cü ildə Azərbaycanın oğuz türklərinin yaratdığı Səlcuqilər dövlətinin tərkibinə daxil olması elmin, incəsənətin və ədəbiyyatın inkişafına təkan verməklə yanaşı, türkdilli Azərbaycan xalqının formalaşmasını da başa çatdırmış oldu. XI əsrin ən böyük Azərbaycan şairlərindən olan Qətran Təbrizinin əsərlərində Azərbaycan-türk ruhu, Azərbaycan dilinə xas olan bir çox söz və cəhətlər öz dərin izlərini qoymuşdur. Şair bəzən ərəb və fars dillərində lazım olan qafiyəni tapmaqda çətinlik çəkərkən öz ana dilinə müraciət edir. Qətran Təbrizi poeziyasının dili – azərbaycanca (türkcə) düşünüb farsca yazan bir sənətkarın dilidir və bu xüsusiyyət, farsdilli Azərbaycan poeziyası üçün səciyyəvidir. Bunu, Qətran Təbrizi dövründə yaşamış və şairlə şəxsən tanış olmuş məşhur İran şairi və alimi Nasir Xosrov da etiraf etmiş və Qətranın fars dilini o qədər də yaxşı bilmədiyini özünün "Səyahətnamə" əsərində qeyd etmişdir.

XII əsrdə Azərbaycan ədəbiyyatında bütövlükdə Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatlarının sonrakı inkişafına güclü təsir göstərmiş poeziya məktəbi öz formalaşmasını başa çatdırır və onun Xaqani Şirvani, Nizami Gəncəvi kimi dünya şöhrətli korifeyləri meydana gəlir.

Saray ədəbi mühitində – XII əsr Azərbaycan dövlətlərindən Şirvanşahlar və Atabəylərin mesenatlığı altında Əbül-üla Gəncəvi (1096-1159), Məhsəti Gəncəvi (1089-1183), Xaqani Şirvani (1126-1199), Fələki Şirvani (1126-1160), Mücirəddin Beyləqani (1130-1190),İzzəddin Şirvani kimi əsərləri indi də öz yüksək bədii-estetik əhəmiyyətini itirməmiş sənətkarlar yetişmişdilər. XII əsr Azərbaycan poeziya məktəbinin nümayəndələrinə yüksək şair professionallığı, sözün poetik imkanlarından maksimum istifadə bacarığı, poetik vahidlərdə özünə möhkəm yer tutmuş fikir çoxmənalılığı xas idi. Bununla yanaşı, xalq sənətinə, folklor obrazlarına, canlı xalq dilindən gələn söz və ifadələrə, aforizmlərə meyl də güclü idi.

Dövrün ən böyük şairlərindən biri kimi tanınan Əfzələddin Xaqani (1126-1199) yaradıcılığında diqqəti ən çox çəkən cəhət, hər beytdə, hər misrada özünü göstərən dərin obrazlılıq və elmilikdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!