Qobustan abidələri

Qobustan abidələri
Maraqlı məlumatlar
10.09.2017 14
Dünyada
ən qədim insan məskənlərindən birinə səyahət etmək istəyirsinizsə,
yolunuzu dürüst tarixi hələ də məlum olmasa da, Mesopotomiyadan daha
qədim olan Qobustan abidələrindən salın.

Üzərində
günəş təsvirləri olan qayıq rəsmləri bir anda hərəkətə gəlib sizi 15000
il əvvələ - paleolit dövrünə aparacaq. Bəşər cəmiyyətinin ilkin
dövründə yaşayan insanların həyat tərzi, məişəti, məşğuliyyəti,
mədəniyyəti, incəsənəti ilə yaxından tanış olmağa imkan
tapacaqsınız.Açıq səma altındakı muzeydə qayaüstü rəsmlər, təsvirlər,
dünyanın ən qədim təqvimi, "Günəş saatı”, "Qavaldaşı” və sirlər dolu bir
dünya sizi heyrətləndirəcək.



Bakıdan
54 kilometr cənubda - Böyük Qafqaz dağlarının Xəzər dənizinə qovuşan
daşlı-kəsəkli ətəklərində yerləşən Qobustan Dövlət Bədii Qoruğunun
sahəsi 4000 hektardan artıqdır. "Səma altında muzey”in əsas eksponatları
Böyükdaş, Kiçikdaş və Çıngirdağ adlanan ərazilərdəki 4400-ə yaxın
qayaüstü rəsmlər - petroqliflərdir. Bugünə kimi qoruq ərazisində
6000-dən artıq qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan
aşkar edilib.

Dünya
tarixçilərinin ümumu rəyinə görə, Qobustan petroqliflərinin ən qədim
hissəsi bəşəriyyətin inkişafının ilkin çağlarında yaranıb. Sadəliyinə və
primitivliyinə baxmayaraq bu rəsmlər ibtidai insanın özünüifadə
vasitəsi kimi olduqca qiymətlidir. Bu rəsmlərdə heyvan təsvirləri, balıq
ovu, məişət səhnələri, kollektiv rəqslər, müxtəlif rəmzlər, o cümlədən
fəza cisimləri, Günəş, bürclər, əks olunub.



Gələcəyə üzən qayıqlar



Bir
zamanlar Xəzərin ləpələri Qobustana kimi uzanardı. Qobustan qayalarında
yüzdən artıq qayıq təsviri var. Formasına görə, bu qayıqları üç qrupa
bölürlər: xətti siluet və hörmə görünüşlü qayıqlar daha qədim qayıqlar
hesab olunur. Çünki arxeoloqlar bu fikirdədirlər ki, Qobustanda
qayıqların tarixi yalnız mezolit - orta daş dövründən başlayır.

İlk
qayıqlar əsasən ağac gövdəsindən düzəldilmiş, kiçik ölçülü və
təknəşəkilli olmuşdur. Belə qayıq təsvirləri Böyükdaş və Kiçikdaş
dağlarının ətəyindəki daşlar üzərində daha çoxdur. Qayalara döyülmüş
kölgəvari, enli gövdəli qayıq təsvirləri ikinci tipə daxildir. Qamışdan
və qarğıdan hazırlanmış qayıqlar isə e.ə. VII-VI minilliklərə aid
edilir. Qədim insanlar bu qayıqlarla balıq ovuna çıxardılar. Böyükdaşa
həkk olunmuş balıq təsvirləri bu baxımdan maraqlıdır. 29 saylı qayadakı
səhnə təxminən belə oxunur: qayıq səfərdən uğurla qayıdıb. Sahildəki
adamlar sevinclərini, şadyanalıqlarını rəqs edərək bildirirlər.

Qayıq
təsvirləri təkcə ovçuluğu deyil, həm də dənizçiliyin tarixi,
su-nəqliyyat vasitələrinin tarixini öyrənmək baxımından olduqca
dəyərlidir. Qayıqların burun hissəsində təsvir olunan günəşin təsviri
isə fəza cisimlərinə inamı, işıqlı həyatı əks etdirir. Xəzər Qobustanın
qədim sakinləri üçün ümmansız, sonu görünməyən bərəkətli bir dəniz idi
və günəş də hər gün onun mavi suları arasından doğurdu.

Qobustan abidələri



Qədim insanların "Günəş saatı”



Astronomların
fikrincə, qədim insanlar Qobustandakı bu qayalardan Günəş rəsədxanası,
yaxud "Günəş saatı” kimi istifadə edirlərmiş. Mülahizələrə görə, qədim
insanlar ilin uzunluğunu da öyrənmiş, saat, ay, mövsümü rüblərlə bağlı
təsəvvürə də malik olmuşlar. Qədim qobustanlılar ili hər biri 40 gündən
ibarət 9 aya bölürlərmiş. Qayaüstü rəsmlərdə bunun izləri açıq-aydın
hiss olunur. Bu, Neolit dövrünün ən böyük kəşflərindən sayılır.

Astronom
A.Rüstəmov qayaüstü rəsmləri tədqiq edərkən həm də onu aşkar edib ki,
Qobustan qayalarında işıq-kölgə prinsipi ilə işləyən "Qnomon təqvimi”
dünyada bənzəri olmayan ən mükəmməl təqvimlərdən biridir.



Qədim insanların incəsənət əsərləri



Qazma
üsulu ilə qayalar üzərinə həkk olunan qadın və kişi obrazları bəzən öz
təbii böyüklüyündə təsvir olunub. Təsvirlərdə kişi rəsmləri daha çoxdur.
Kişilər uca boylu, silahlı, ov ovlayan, qurub-yaradan güclü və əzmli
bir qüvvə kimi təsvir və tərənnüm olunub.

Təsvirlərdə
təkrar-təkrar qadın gözəlliyi və ülviliyi ilə qarşılaşmaq mümkündür.
Ana nəslinin ibtidai icma quruluşunda tayfalara başçılıq etməsi, yol
göstərməsi bu təsvirlərlə təsdiqlənir. Qadınların bədəni döyülmüş
şəkillərlə bəzədilib. Bəlkə də bu şəkillər geyim mədəniyyətinin
otlardan, yarpaqlardan hazırlanan ən qədim nümunələridir.



Tarix dərsi və ya qayalarda gizlənən tarix



Ulu
əcdadlarımız olan albanlar ilk sinfli cəmiyyətdə bu torpağın əsl
varislərindən biri kimi şöhrət qazanmışlar. Mənbələrdə deyilir ki,
eradan əvvəl I əsrdə albanlar romalılara qarşı 60 min piyada, 22 min
süvari qoşun çıxarmış, böyük igidliklə vuruşmuşlar. Bizim eranın 90-cı
illərində romalıların yenidən Azərbaycana hücumunu, Xəzər sahillərinə
qədər gəlmələrini Qobustandakı Böyükdaşda sal qaya üzərinə həkk olunmuş
latın yazısı təsdiq edir. Həmin daş kitabədən oxuyuruq: "İmperator
Domisian Sezar Avqust Germanisinin dövrü, Lutsi Juli Maksim ildırım
sürətli XII legion centurionu”. Bu yazıdan məlum olur ki, imperator
Domisianın hakimiyyəti zamanı (eranın 81-96-cı illəri) Roma legionu
Azərbaycanda olmuş, Qobustan ərazisinə qədər gəlib çıxmışdır. Çox güman
ki, qədim romalılar Qobustana valeh olmuş, öz tarixlərindən də bu
qeydləri daş kitabələrə həkk etmişlər. Son iki əsrdə dünyanın bir sıra
ölkələrində - Afrika, Fransa, İspaniya, Orta Asiya, Sibirdə, Ağ dəniz
sahillərində on minlərlə qaya təsvirlərinə təsadüf edilsə də, Qobustan
qaya rəsmləri qalereya çoxəsrliyi, zənginliyi və sənətkarlıq baxımından
kamilliyi ilə daha qiymətlidir.

Dünya
şöhrətli Norveç alimi və tədqiqatçısı, qədim nəqliyyat vasitəsi kimi
gəmiçiliyin tarixini araşdıran Tur Heyerdal 1981-1994-cü illərdə
qayaüstü rəsmləri tədqiq etmək üçün Qobustana xüsusi səfər təşkil edir.
Qobustanı gəzərkən öz heyranlığını gizlədə bilmir. Qayıqlar aləminə
tamaşa edərkən sevincini gizlədə bilmir. "Dünyada qaya təsvirlərində
əksini tapan qayıqların yaşı 3500 ildən çox deyil, bəs niyə sizinkilərin
sorağı səkkiz minillik öncədən gəlir?” - deyə soruşur. Qayaların
dibindən aparılan arxeoloji qazıntılardan aşkar edilən təsvirləri
göstərəndə məşhur səyyah sevincdən əllərini qaldırır: "Bax, mən təslim.
Bu qaya təsvirləri dünya mədəniyyət beşiklərindən olan beynəlnəhrdən də
qədimdir. Görünür, Azərbaycan da belə qədim ocaqlardan olub. Bu
yadigarlardan sonra şübhələnməyə dəyməz” - deyir.

Dünyanın
beş qitəsinin qaya təsvirləri arasında zənginliyi ilə seçilən Qobustan
abidələri Dünya Mədəni İrs Siyahısına daxil edilib. Xatırladaq ki,
dünyada 800 abidə bu siyahıya daxildir ki, onların da ikisi -
"İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu və Qobustan Dövlət
Tarixi-Bədii Qoruğu Azərbaycana məxsusdur. Demək, Qobustan tək
Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə məxsusdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!