Davranış mədəniyyəti

Davranış mədəniyyəti
Maraqlı məlumatlar
10.09.2017 24
Bəzən
alicənab, tanınmış, cəmiyyətdə rəğbət qazanmış bir insan haqqında xoş
sözlər deyiləndə ən yaxşı fikirlərin içində «mədəni insandır» ifadəsinə
də rast gəlinir. Əslində bu nə deməkdir? İnsan elə mədəni olmalıdır.
Amma həyat göstərir ki, həmişə belə olmur. Bəs kimə mədəni insan
deyilir? Mədəni olmağın şərtləri çoxdur. Bu, elə bir mənəvi məziyyətdir
ki, onu libas kimi geyinib-soyunmaq mümkün deyil. O insanın içində,
varlığında olmalıdır. Böyüdüyün mühit, aldığın tərbiyə, bilik, öz
qabiliyyətin, gendən gəlmə xüsusiyyətlər, dərin müşahidə, mütaliə və
nəhayət, özünü cəmiyyətdə həqiqətən səliqəli apara bilmək səriştəsi…
Bütün bunlar da insanın hərəkətində, danışığında, ətrafdakılara
münasibətdə özünü mütləq göstərir. 



Vaxtilə
ali məktəblərdə «Etika» adlı bir fənn keçilərdi. Təəssüf ki, bu fənn
barədə keçmiş zamanda danışırıq. Etik normaları gözləmək, təbliğ etmək
indi kütləvi informasiya vasitələrinin və telekanalların üzərinə düşür.
Son illər bu istiqamətdə o qədər qüsurlar baş alıb gedir ki, bəzən
anlamaq olmur kim dürüst danışır, kimin dedikləri yalandır. İllər boyu
xalqımızın ən gözəl adət və ənənəsi olan toyun ekranlara keçməsi və
nəticədə xəcalət hissinin ölməsi bir çox xoşagəlməz söz-söhbətin
cücərməsinə səbəb olur. Bir televiziya kanalında eyni vaxtda 72 yaşlı
kişi ilə 19 yaşlı qız çıxıb ailə qurmaq istədiklərini bildirirlərsə,
onda hansı etik normalardan, adət-ənənələrdən danışmaq olar?

Müasirlik
mentalitetə balta vurmaq deyil. Klassika ilə modern birləşəndə gözəl
olur. Təəssüf ki, bizə təqdim olunan proqramlarda nə qədimlik var, nə
müasirlik. Tamam başqa ovqatdır. Danışmağa da utanırsan, baxmağa da.
Utanmaq hissi itən yerdə abır-həya yoxa çıxar. Abır-həya tapılmayan
yerdə isə mədəniyyət olmaz. Mədəniyyət olmayan yerdə isə hansı
nəzakətdən, qabil davranışdan, dürüst insan münasibətlərindən,
xeyirxahlıqdan, böyük arzulardan, ideyalardan, Vətən məhəbbətindən, yurd
sevgisindən danışmaq olar?



Tarixən
bütün uğurların, qabiliyyətin başında mədəniyyət dayanıb. Hətta ən
qızğın döyüşlərdə də mədəniyyət gözlənilməlidir. Tarixən igidlərimiz öz
düşmənlərinə arxadan zərbə vurmayıblar. Mədəniyyət ən iti qılıncdan da
kəsərlidir. Gəlin razı olmayaq ki, bu qılınc ovxardan düşsün.

Əlbəttə,
bu çox geniş mövzudur. Mən sadəcə olaraq gündəlik rastlaşdığımız adi
davranış qaydalarından danışmaq istəyirəm. Onsuz da ömrümüz elə uzun
deyil ki, onu adi qayğılarla çapıb-talayaq.

Yaşından,
başından, vəzifəsindən, ictimai durumundan, maddi vəziyyətindən asılı
olmayaraq hər bir insanın özünə hörmət etməsi çox vacibdir. Bu, onun
mənəvi dünyasının göstəricisidir. Özünə hörmət isə nə səliqəli
geyinməkdir, nə cibində pulun çox olmasıdır, nə öz rahatlığını təmin
etməkdir, nə də yalnız övladlarına, qohum-əqrəbana gün ağlamaqdan
ibarətdir. Yox, Allah-təala hamını eyni hüquqda yaradıb. Ədalətin
ölçüsünə bax ki, eyni cür doğulan insanın bu dünyadan gedişində də fərq
yoxdur. Kasıbın da qazancı, varlının varidatı da elə bu dünyada qalır.
Əbədi olan yaxşı addır, yaşayan xeyirxah əməllərdir, mənəvi
sərvətlərdir...

Özünə
hörmətin birinci yolu ətrafdakılara bəslənən münasibətdən, yanaşma
xüsusiyyətlərindən, daxildən gələn nəzakətdən və rəftardan asılıdır.
Vəzifəcə səndən yuxarıda dayananın qarşısında baş əyib, səndən aşağıda
durana təpinmək isə… Bu insanlığa sığışmır axı. Bir əlində şərbət, bir
əlində zəhəri necə saxlamaq olar?!

Əslində
milli-mənəvi dəyərləri şərtləndirən məqamlar çoxdur. Böyüklərə hörmət,
yaşlılara, xəstələrə, əlillərə, qadınlara ehtiram göstərmək, uşaqlara
qayğı ilə yanaşmaq milli-mənəvi dəyərlərin tərkib hissəsidir. Ailədən
gələn, məktəbdə yetişən, cəmiyyətdə formalaşan bu dəyərlər insanın həyat
yolunu istiqamətləndirməkdə, mənəvi zənginliklərini qoruyub saxlamaqda
mühüm amildir. Bir də ehtiyacı olana mərhəmət göstərmək, yaşlı bir kəsi
yoldan keçirmək, kiminsə qolundan tutmaq özü savabdır. Elə dinimizdə də
bu tələblər var. Bəzən çox kiçik görünən adi davranışın arxasında böyük
bir mənəvi dünyanın olub-olmaması dayanır. İnsanın ikiləşməsi,
təbdən-təbə düşməsi, gah pələngə dönməsi, gah dovşana çevrilməsi
qəbuledilməzdir. Bütün canlıların alisi sayılan insan ali mədəniyyətə də
malik olmalıdır. Xüsusilə də ətrafdakılarla münasibətdə tarazlıq
pozulmamalıdıır.

Çoxumuzun
yaxşı yadındadır, hələ sovet dövründə «Oqonyok» jurnalının Bakıda olan
bir əməkdaşı şəhər nəqliyyatında gördüklərindən heyrətə gələrək kiçik
bir yazıda öz təəssüratını bildirmişdi ki, Azərbyacanda qəribə bir adət
var. Hər yerdə gördüm ki, yaşlı insanlara, qadınlara ehtiramla
yanaşılır. Xüsusilə də, avtobuslarda gənclər dərhal ayağa qalxaraq
özündən böyüklərə yer verir. Qadınlara, yaşlı insanlara hörmət
göstərilir. Bəlkə də ilk baxışda bu münasibətlərdə bir o qədər də
qeyri-adilik yoxdur. Amma bütün adiliklərin içində bir adillik olmaq
gərəkliyi var. Həmişə görmüşük ki, əliuşaqlı xanımların, yaşlı
qadınların uzun növbələrə dayanmasına heç kəs razı olmayıb və bu elə bir
qəribə hal yaratmışdı ki, qadınlar özləri ayrıca növbəyə dayanırdılar.



Bu
yaxınlarda şəhər nəqliyyatında müşahidə etdiyimiz bir məqam, açığı,
ürəyimi ağrıtdı. Vətən torpaqları uğrunda canını fəda etmiş
igidlərimizin — Mübariz İbrahimov və Fərid Əhmədovun məzarlarının
ziyarətindən qayıdan yaşlı xanımlar avtobusa qalxmalı oldular. "Sədərək”
ticarət mərkəzindən şəhərə gələn avtobusda tünlük idi. Ağır dərdin
əlindən üzülmüş bu qadınlar isə əyləşməyə yer tapmadılar. Ətrafa nəzər
saldıqda keçirdiyimiz sıxıntıdan nə edəcəyimizi bilmədik. Qulaqlarında
qulaqcıq, bir əlində telefon, ağzında saqqız, o biri əli ilə də özü kimi
cavan qızı qucaqlamış qara gödəkcəli oğlanın isə dünya vecinə deyildi.
Başqa bir oturacaqda əyləşmiş gənclər isə şit-şit danışıb gülürdülər. Bu
təzadlı mənzərədən süzülən əsəbi gərginlik yaşlı bir kişinin
deyinməsinə gətirib çıxardı: «Belə də iş olar? Biz də cavan olmuşuq.
Vallah, heç vaxt özümüzdən böyüyün yanında əyləşməmişik. Bu zamananın
uşaqları niyə belədir? Böyük-kiçik tanımırlar».

Oturacaqda
əyləşənlərdən biri şar kimi şişirtdiyi saqqızı əlinə alaraq
kinayəqarışıq ahənglə dedi: «Dayday, axı sənin bu avtobusda nə işin var?
Evində otura bilmirsən? Hələ bizi bir borclu da çıxarırsan? İntiresni
adamsınız, mən nəyə görə ayağa durmalıyam, sənə borcum var?». Təbii ki,
ağzının sözünü bilməyən, ailə tərbiyəsi görməyən birisinə yaşlı kişi
cavab verməyərək biçarəliklə köksünü ötürdü. Abrına sığınmış bu haqlı
insanın gözləri dolmuşdu. Özünü birtəhər ayaqüstə saxlayırdı. Bu
«dialoq»dan sonra, nəhayət, bir oğlan «qeyrtə» gəlib ayağa durmaq
istəyəndə, yanındakı qız onun gödəkcəsindən dartaraq «eto tebe nada?» —
deyərək narazılığını bildirdi. Oğlan dərhal əyləşərək özündənrazı
şəkildə dişlərini ağartdı.

Açığı
harda olduğumuzu, hansı millətin gəncləri ilə bir avtobusun
sərnişinlərinə çevrildiyimizi anlamadıq. İnsanı əzən məqamlardan biri də
budur ki, şəhər nəqliyyatında narahatçılıq doğuran səbəblərin sayı
çoxdur. Sürücü də, onun «pul yığan»ları da harada kefi istəyir, maşını
saxlayır, insanların necə yerləşməsindən, hansı şəkildə getməsindən
nəinki narahat olmur, heç veclərinə də almırlar. Əksinə, səsini
çıxaranlara, narazılıq edənlərə kobud sözlər deyir, sonda da
bildririrlər: «xoşun gəlmir, düş, taksi ilə get» (Bu hal Bakıda
sərnişindaşınma nəqliyyatının bütün marşrutları üzrə hərəkət edən
avtobusların əksəriyyətində müşahidə edilməkdədir). Təbii ki, hamının da
imkanı yoxdur ki, şəxsi maşını olsun, ya da taksi harayına düşsün.

Sərnişinlərin
xeyli hissəsi düşdükdən sonra gözləmək olardı ki, salonda qismən
rahatlıq yaranacaq. Amma bu dəfə də avtobus yerindən tərpənmədi. Yenə də
basa-bas düşdü. Arxada əyləşənlərdən kimsə dözməyərək gileyləndi: «Ay
bala, sür gedək, səninlə eyni vaxtda çıxan martşurtlar getdi, niyə yatıb
qalırsan?”. Sürücünün cavabı həm gülüş doğurdu, həm də… «O yatıb
yuxusunu alıb, ona görə gedir, mənim də yuxum burda gəlir...»

Beş
addımlıq ömür yolunda insanın düçar olduğu adi münasibətlər, gündəlik
rastlaşdığımız «ürəkaçan mənzərələr» əsəblərin sıradan çıxmasına səbəb
olur. «Bizi belə böyütməyiblər», «biz belə olmamışıq» — deyənlərin haqlı
iradlarını bəzən təhlilə çəkəndə anlamaq olmur ki, nədən milli-mənəvi
dəyərlərimizi belə sürətlə itirməyə məhkum olanlar var. Hərdən qəribə
vəziyyət də görürsən. Gənclər ayaqüstə dayanıblar. Oturacaqlar da
boşdur. Soruşanda, niyə əyləşmirsiniz? — cavabında onsuz da duracağıq
deyirlər. Bəli, ailə tərbiyəsi görmüş gənclərimiz də var. Amma nədən
hamısı belə deyil? Bütün bunlara bütün cəmiyyətdən təpki gəlməlidir.



Öncə
hər bir avtobusun salonuna mütləq yazılı lövhə vurulmalıdır. Necə ki,
sovet dövründə var idi. Oturacaqların yerləşdiyi salonun divarında
yazılırdı: «bura yaşlı adamlar üçündür» və yaxud da «bu yer əlillər
üçündür» və s. Eləcə də hər bir avtobusun sürücüsü dayanacaqlarda elan
etməlidi: «yaşlılara yer verin». Necə ki, Bakının metrostansiyalarında
biz bu xəbərdarlığı tez-tez eşidirik. Bu cür yolla da hər bir xoşagəlməz
görüntünün qarşısını almaq olar. İnsanlarda da vərdiş yaranar. Yoxsa
cavanlar əyləşir-əyləşsin, yaşlılar, əliuşaqlı qadınlar və qocalar
ayaqüstə dayansın, sürücünün də vecinə olmasın, yaramaz axı.
Dədə-babadan qanmayanı qandırmağa çalışıblar, bilməyəni öyrətməyə.
Öyrənib bilməyin isə heç kimə ziyanı yoxdur. Vay o gündən ki, bilən
öyrətməsin, öyrənən öyrəndiklərinə əməl etməsin.

Bütün
söylədiklərimiz gündəlik müşahidə edilən və asan islah olunan
nöqsanlardır. Amma təəssüf ki, bizim kiçik saydığımız, bəzən də
əhəmiyyət vermədiyimiz bu xoşagəlməz hallar sabah daha böyük qüsurların
yaranmasına səbəb olur. Bütün bəlaların kökü laqeydlikdən başlayır.
İnsan münasibətində biganəlik olarsa, onda daha ali hisslərdən, davranış
mədəniyyətindən danışmağa dəyməz. Mədəniyyət təkcə mədəni görünmək
deyil, mədəniyyət insanın daxilində, varlığında, rəftar və
hərəkətlərində büruzə verməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!