Yuxu və yuxu yozumu

Yuxu və yuxu yozumu
Maraqlı məlumatlar
10.09.2017 50
İnsan ruh və bədənin birləşməsindən ibarətdir. Ruh bədəndən öz evi kimi
istifadə edir. Belə ki, ruh insan yuxuda olduğu vaxt çıxıb gedir və
oyandığı vaxt geri qayıdır. Ölən bədən uçmuş ev kimidir; yenidən
tikilənə qədər ruh oraya qayıtmır. Aşağıdakı ayə bu məsələdən bəhs edir:



"Allah ölüm(ü) vaxtı ruhları alır, ölməyənlərinkini də yuxuda alır.
Ölümünə hökm etdiyini saxlayır, digərini müəyyən bir vaxtadək təxir
edir. Düşünən bir qövm üçün bunda əlamətlər vardır".

Yatan və ölən bədəndir. Ruh nə ölür, nə də yatır. Qurani-Kərim bizə ölmüş bədəndən çıxan ruhun danışacağı sözləri bildirir:



"Onlardan birinə ölüm gələndə deyər: "Rəbbim! Məni geri qaytarın.
Bəlkə, tərk etdiyim dünyada yaxşı bir iş görərəm". Xeyr, bu onun dediyi
sözdür. Onların arxalarından yenidən diriləcəkləri günədək bərzəx
(maneə, sədd) var". (Müminun, 23/99-100)



Deməli, ölən insanın ruhu ilə yatanın ruhu eyni yerə gedib
bir-birilə görüşür. Fikirləşən hər bir şəxs bununla yuxu arasında əlaqə
qura bilər. Bir-birinə rast gələn ruhlar danışa və bir-birinə məlumat
verə bilər. Peyğəmbərimizin babası Abdulmuttalib gördüyü yuxuya əsasən
uzun müddətdən bəri yox olub gedən Zəmzəm quyusunu və oradakı xəzinəni
tapıb çıxartmışdı.



Qurani-Kərimdə yuxu ilə əlaqədar çoxlu misallar var. Belə ki,
Quranda (Yusuf surəsində) Yusuf peyğəmbərin yuxusu, onunla birlikdə
həbsdə olan iki nəfərin yuxuları və hökmdarın yuxusundan danışılır.
Saffat surəsinin 102-ci ayəsindən 110-cu ayəsinə qədər İbrahim
peyğəmbərin yuxusu, Fəth surəsinin 27-ci ayəsində isə Muhəmməd
peyğəmbərin yuxusu danışılır. Bu yuxular hansısa izaha ehtiyac olmayacaq
şəkildə açıq-aydındır.



YUXU YOZMAQ

İndi isə Yusuf peyğəmbərin gördüyü yuxunu qiymətləndirib yuxu yozmaq məsələsini başa düşməyə çalışaq:



"Misir hökmdarı belə demişdi:

"Mən yeddi kök inəyi yeddi arıq inəyin yediyini görürəm; yeddi
yaşıl sünbül və bir o qədər də quru sünbül görürəm. Ey əyanlar! Yuxu
yozmağı bacarırsınızsa, mənim yuxumu doğru-dürüst yozun".



Əyanlar: "Bunlar qarmaqarışıq yuxulardır. Biz bu yuxuların yozumunu bilmərik", - dedilər.



Zindandan azad olan iki nəfərdən biri xeyli vaxtdan sonra Yusufu
xatırlayıb: "Mən sizə o yuxunun yozumunu bildirəcəyəm, mənə icazə
verin!", - dedi. Sonra Yusufun yanına gəldi. Yusuf da yuxunu yozub belə
dedi:



"Yeddi il fasiləsiz əkin, bütün məhsulu yeyəcəyiniz az bir hissə
istisna olmaqla sünbüldə saxlayın. Bunun ardından yeddi qıtlıq ili
gələcək və bütün yığdıqlarınızı tədarük etdiyiniz az bir hissə istisna
olmaqla yeyib qurtaracaq. Sonra (bunun ardınca) xalqın rahatlığa
qovuşacağı bir il gələcək; o vaxt da sıxıb sağarlar (bolluq olar)".
(Yusuf, 12/43-49)



Yuxu yozmağı bacarmaq üçün gündəlik həyatdakı bir hadisənin yuxuda
hansı simvola oxşadığını bilmək lazımdır. Bu əlaqəni qura bilməyənlər
yuxu yoza bilməzlər. Misir hökmdarının adamları məhz bu əlaqəni qura
bilmədiklərinə görə hökmdarın yuxusunu yoza bilməmişdilər.



RUHLA BƏDƏN ARASINDAKI ƏLAQƏ

İnsan ruhla bədənin vəhdətindən ibarət olduğuna görə bədənlə ruh
arasında sıx bir əlaqə var. Düzgün yuxu bu əlaqənin ən aşağı dərəcəyə
düşdüyü vaxtda - bədənin dincəldiyi və ruhun rahatlıq tapdığı bir anda
görülür. Ruh bu vəziyyətdə onu məşğul edən şeylərdən və gündəlik
həyatdakı hadisələrin təsirindən uzaqlaşmış olur. Biz bunu
peyğəmbərimizin aşağıdakı sözündən başa düşürük:



"Ən sadiq yuxu səhər vaxtlarında görülən yuxudur". (Tirmizi, Röya, 3 (2275)

Səhər vaxtı bədən dincəlmiş, mədə boş, beyin və ruhun məşğuliyyəti ən aşağı dərəcəyə enmiş olur.



İnsanın fiki-zikri bir şeyə yönəlibsə, yaxud bir məsələ onun
şüurunda özünə yer edibsə, bu, yuxu kimi görülə bilər. Məsələn, bir qıza
aşiq olan və onunla evlənmək xəyalları quran bir oğlan yuxusunda o
qızla evləndiyini görə bilər. Lakin bu, həqiqi yuxu olmaz.



Şeytan Allahdan insanları yoldan çıxartmaq üçün səlahiyyət aldığına
görə öz işini yuxuda da davam etdirə bilər. Peyğəmbərimiz belə buyurub:



"Yuxu üç növdür: Biri səhih yuxudur; bu, Allahdan bir müjdədir.
İkincisi insanın ruhu ilə danışması, başqa sözlə, bədənin ruha
pıçıldamağıdır. Üçüncüsü isə şeytanın insanı kədərləndirməsidir. Əgər
sizin biriniz yuxuda xoşuna gəlməyən (xoşagəlməz) bir şey görsə, durub
namaz qılsın və o yuxunu heç kimə deməsin". (Müslim, Röya, 6, hədis
nömrəsi 2263)



Peyğəmbərimizin bu məsələ ilə əlaqədar digər bir sözü belədir:

"Aranızdan bir nəfər xoşuna gələn bir yuxu görsə, bilsin ki, o yuxu
Allahdandır. Bunun üçün Allaha həmd edib həmin yuxunu danışsın. Bundan
başqa xoşuna gəlməyən bir şey görsə, bu, şeytandandır. Şeytanın
şərrindən Allaha sığınsın və yuxusunu heş kimə danışmasın. O yuxu ona
zərər verməz". (Buxari, yenə orada).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!