İquanalar

İquanalar
Maraqlı məlumatlar
10.09.2017 16
Son zamanlarda dünyada maraqlı tendensiya yaranıb: heyvansevərlər vəhşi və daha ekzotik heyvanlar saxlamağa üstünlük verirlər. Evlərdə saxlanılan ən dəbli heyvanlar sırasında ekzotik iquanalar da var. Dünyanın müxtəlif yerlərində il ərzində yüzlərlə cavan iquana alınır. Bəlkə düşünürsünüz ki, iquanalar evlərdə belə asanlıqla saxlanırsa, deməli, onların pişiklər və ya itlərdən heç bir fərqi yoxdur. Əgər belə düşünürsünüzsə, səhv edirsiniz. Kənardan çox rəngli, sevimli və maraqlı görünən iquanalar əslində o qədər də asan xarakterə malik deyillər. Bu maraqlı, ekzotik heyvanların rəngli dünyasına kiçik bir səyahət etməyə nə deyirsiniz?

İquanalar tarixdə
İquana adı ədəbiyyatda ilk dəfə 1553-cü ildə Pedro Sesa de Leonun “Perunun xronikası” adlı əsərində çəkilir: “Antioça şəhərindən Kartaxenaya doğru yol alıb, getdiyimiz yerə çatdıqdan sonra kapitan Xorxe Robledo burada bol balıq ehtiyatı kəşf etdi, biz balıqları əlimizdəki odun parçaları ilə vurub kənara yığırdıq. Burada çayın kənarındakı ağaclarda iquana adlanan və ilana bənzəyən qəribə görünüşlü heyvanlar yaşayır. Əgər müqayisə etsək, heyvan İspaniyada rast gəldiyimiz kərtənkələlərə də bənzəyir. Tək fərqi odur ki, iquananın başı daha böyük, quyruğu uzun, özü də daha vəhşidir. Amma rənginə və quruluşuna görə kərtənkələdən heç nə ilə fərqlənmir. Biz onu tutub, dərisini çıxarıb bişirdikdə anladıq ki, iquananın əti dovşan əti qədər yumşaq və dadlıdır. Məncə, dişi iquanalar daha ləzzətlidir, çünki onların həm yumurtaları olur, həm də ətləri yumşaqdır. İquananın əti balığa da bənzəyir. Bəlkə bu onunla əlaqədardır ki, quruda gəzən iquana bəzən rahatlıqla suya girir və üzür”.

Heyvanın ilk elmi təsnifatı isə 1758-ci ildə isveçli həkim, təbiətşünas Karl Linneyin “Təbiətin sistemləri” kitabında verilir. Son dövrlərdə iquananın müxtəlif növləri və ya iquanaya bənzəyən 17 növ heyvan tapılıb. Amma yaşıl iquanadan başqa, onların heç biri həqiqi sayılmayıb. 2000-ci illərin ilk yarısında Amerikanın Utah Valley Universitetinin əməkdaşları iquanalar üzərində araşdırma aparırlar. Araşdırmalar göstərir ki, heyvanın ana vətəni Cənubi Amerikadır, yalnız sonralar heyvan Mərkəzi Amerika və Karib adalarına yayılıb və Cənubi Amerika növləri ilə yeni yaranan növlər arasında ciddi təkamül fərqləri nəzərə çarpır. Heyvanın adının mənşəyi Karib adalarında yaşayan Taino tayfasının dilindəki “ivana” sözündən götürülüb. İspanlar heyvanın adını öz tələffüzlərinə uyğun olaraq, “iquana” adlandırırlar. Sonralar ad həm elmi ədəbiyyata, həm də avropalıların dilinə məhz ispanların səsləndirdikləri kimi keçir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!