Bu gün səni gördüm

Bu gün səni gördüm
Şeirlər - Hekayələr
10.09.2017 41
Bu gün səni gördüm kaş görməyəydim,
Duydum ki, nə böyük günahım olmuş.
Nahaqdan incidib qəlbinə dəydim,
O qəlb ki, bir zaman pənahım olmuş.
 
Bu gün səni gördüm yenə təzə-tər,
Elə bil zərrəcə dəyişməmisən.
Baxış o baxışdır, gözlər o gözlər,
Duydum o əllərin istisini mən.
 
Bu gün səni gördüm o gülüşlərin,
Küsüb barışmağın düşdü yadıma.
Yenə də gülürsən sən şirin-şirin,
Mənsə kədərliyəm çat imdadıma.
 
Yox çata bilməzsən, əlin çatarmı,
Kəsmiş aralığı dağlar, dərələr.
Daha indən belə mənası varmı,
Gecikmiş sevdaya baxanlar gülər.
 
Bu gün səni gördüm o vüqarınla,
O saf ürəyinlə əlimi sıxdın.
Zaman imtahandır düz ilqarınla
Hər sorğu-sualdan sən haqlı çıxdın.
 
Bu gün səni gördüm kaş görməyəydim.
Dedim tanımaram qarşıma çıxsan.
Durmusan önümdə kim inanar, kim
Ah, necə yaxınsan necə uzaqsan...


Müəllif: Qasım Qasımzadəскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!