Təzədən

Təzədən
Şeirlər - Hekayələr
10.09.2017 16
Bu şirin sevdaya düşəndən bəri
Neçə yol ayrıldıq bir-birimizdən.
Ayrılıq günləri, hicran günləri
Uzandı...
Ömrünə ömr aldı bizdən.
 
Biz ki, öyrənmişik hicrana artıq.
Cövrü yadda qalır, qəm unudulur.
Sevən könüllərçün, gülüm, uzaqlıq
Ən böyük, ən gözəl yaxınlıq olur.


Yağış dayandımı?
Qalın buluddan
Sıyrılıb yenidən təzə gün doğur.
Hər uzun ayrılıq, hər qısa hicran
Səni mənim üçün təzədən doğur.


Həsrət, ürəyimdə qaladan möhkəm,
Hicran çöplərindən bir yuva qurmuş.
Sənin yanında da sənə həsrətəm,
Həsrət ayrılıqdan uzun olurmuş
 
Görüş qışdan sonra gələn bahardır,
Ayrılıq, görüşlə bitir... tez olur.
Eh! Ona nə var ki, müddəti vardır,
Həsrətsə ölçüsüz, müddətsiz olur.
 
Bil yaman gündə də, yaxşı gündə də,
İstərəm qovuşam, mən yetəm sənə.
Gözüm gözlərinə dikiləndə də
Həsrətəm, həsrətəm, həsrətəm sənə!


Müəllif: Bəxtiyar Vahabzadəскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!