Təzədən yaratsın yaradan bizi!

Təzədən yaratsın yaradan bizi!
Şeirlər - Hekayələr
10.09.2017 14
Yalan mamırlanıb ürəyimizdə
Haram maya tutub çörəyimizdə.
Yalana inandıq, doğrunu dandıq,…
Yalandan nə bezdik, nə də utandıq.
Həqiqət qovuldu həyatımızdan,
Yalan bazannda satıldı vicdan.
Xəyanət gözüylə baxdıq hər şeyə,
Təpədən dırnağa döndük hiyləyə.
Hiylə zəhərindən o qədər içdik,
İndi yalan axır damarımızdan.
Sirat körpüsündən kələklə keçdik,
Dönmək istəmədik öz karımızdan.

Zamanın şər ilə söz birliyindən,
Haqqın zor əlində əsirliyindən
Qəlbimiz o qədər yaralanıb ki,
Hiylələr o qədər haqqı danıb ki,
Kələyi ağıldan seçə bilmirik,
Gerçəyi nağıldan seçə bilmirik.
O qədər əyriylə çulğalaşmışıq,
O qədər dolaşıq yollar aşmışıq
İndi hamar yoldan keçə bilmirik.

Tamam unudulub əcdaddan gələn
Gözəl xislətimiz, təbiətimiz,
Bu gün özümüzə yad olmuşuq biz.
Kiminsə dərdinə alışıb yanmaq,
Kiməsə əl tutmaq ar gəlir bizə.
Kimisə aldatmaq, nəyisə danmaq
Elə bil çevrilib xislətimizə.
Gözümüz önündə haqq ölən zaman
Fəryad qopardıqmı?
Yox, susan olduq!
Biz ömür qazanıb susmağımızdan
Amma insanlığı uduzan olduq.

Bu gün üzümüzə qabarır zaman,
Biz necə keçmişi bu gündən danaq?
Biz indi dünənin çirkablarından
Necə təmizlənək, necə paklanaq?

Fikrimiz o qədər hədələnib ki,
Ruhumuz o qədər zədələnib ki,
Anlaya bilmirik astar nə, üz nə
İndi baxammırıq düzün gözünə.

Yalan mamır tutub ürəyimizdə
Bu qalın mamırdan arınmaq çətin!
Günün damğası var kürəyimizdə,
Damğa bizimlədir çox illər, yəqin.

Könlümü gəmirən fikirlərimi
Dünən öldürmüşəm bir cəllad kimi.
Mən kiməm?
Ağlımın kəsilən dili!
Mən fikir qatili, əməl qatili!
Bu gün ədalətli bir insan kimi
O qatil ömrümü ömür sayımmı?
Özümün özümə xəyanətimi
Bu gün mən özümə bağışlayımmı?
Tərsinə yaşadıq bir qanş ömrü
Hələ sağım solda, solum sağdadır.
Dünənki günlərin köləlik möhrü
Hələ ruhumuzda yaşamaqdadır.

Necə təmizləyək dünən kirlənən
Bu gün saflıq uman ürəyimizi?
Haqqa çətin gələr haqqından dönən,
Təzədən yaratsın yaradan bizi!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!