Köhnə sözlər

Köhnə sözlər
Şeirlər - Hekayələr
10.09.2017 99
Ramiz Rövşən - Köhnə sözlər

Daş gərək bezməsin öz bərkliyindən,

Bayquş da bezməsin

öz təkliyindən.

Tanrı özü yazıb yazılanları,

ha pozmaq istəsən -

bir xeyri yoxdu.

Demə: "Balıq deyil su ilanları...",

sevin ki onların zəhəri yoxdu.

Hamı söz çıxarır sözün içindən,

şair öz sözündən bezməsin gərək.

Demə: "Göz dünyanı görmək üçündü...",

kor da öz gözündən bezməsin gərək.

... Bu köhnə sözlərə

kimdi o gülən,

Hanı təzə sözün, atam balası?!

Allah bu dünyadan

bezmirsə hələ,

Bəndə niyə bezsin, atam balası?!

Daha dil dəyəməyən söz qalmayıb,

Nə təzə dərdim var,

nə təzə sözüm.

Demə: "Yaşamağa həvəs qalmayıb...",

Mənim ölməyə də

yoxdu həvəsim.

Çoxları bəyənmir, yemir sözümü

nə çıxır un kimi söz ələməkdən?

Burdan yamayırsan, ordan süzülür,

əl çək bu dünyanı təzələməkdən.

Bu köhnə dünyadı; elə beləcə

gördüyü kimidi, özgə cür deyil.

Hamı öz ömrünü alıb-verəcək,

hamı alverdədi,

kim tacir deyil?!

Ana sevgisinə, ata gücünə

havayı aldığın ömrü baha sat.

Aldanma heç kimə, satma heç kimə,

satsan öz ömrünü, sən Allaha sat!..

Amma Allaha da satma sözünü,

demə ki satdığın varaqda sözdü.

Allah necə alsın özü-özünü,

Allahın canı yox,

Allah da sözdü!..

Nə çoxdu dik gəzib

ucuz söz satan,

Nə çoxdu yendirən ayağa

sözü

Sən özün tapdana-tapdana, atam,

Necə çatdırmısan Allaha sözü?!

Allahı dünyayla barışdırmısan,

qıraqda gəzməsin gözün Allahı.

Dünyanı Allahla bölüşdürmüsən;

Allahın qulusan,

Sözün Allahı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!