Həqiqət

Həqiqət
Şeirlər - Hekayələr
10.09.2017 13
Həqiqəti pıçıltıyla dedilər

Haylı-küylü yalanların içində.

Həqiqəti daim başda gördülər,

Oda düşüb yananların içində.



Yeri düşsə qum göyərər, daş çıxar,

Bir doğruyla neçə yalan boş çıxar,

Bacarırsan həqiqətlə baş çıxar

Həqiqəti dananların içində.



Sən doğru de, söyləməmiş başqası,

Söküləcək yalanların maskası,

Qiyməti də artıq olar daş-qaşın

Köhnə, nimdaş palanların içində.



Sovrulacaq bir gün hədər yalanlar,

Öz xeyrini ancaq güdər yalanlar,

Ölülərlə ölüb gedər yalanlar,

Doğru yaşar qalanların içində.



Yalan deyib, gizli-gizli öyüyüb,

Hər yalançı təsəlliyə keyiyib,

Doqquzaylıq bir həqiqət böyüyüb

Saçlarını yolanların içində.



Mən könlümü həqiqətə vermişəm,

Qapısını açıq görüb, girmişəm.

Həqiqəti mən təzə-tər görmüşəm,

Ömrü-günü solanların içində.



Kölgəsinə mahal yığar qoca tut,

Sən üzünü doğru üçün borca tut,

Həqiqətin bayrağını uca tut

Yalan deyən nadanların içində.



Müəllif: Nüsrət Kəsəmənliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!