Unudulmuş tək məzar

Unudulmuş tək məzar
Şeirlər - Hekayələr
10.09.2017 24
Bu gün məni səyyar xəyal,

Öz dünyamdan qoparmışdır...

Qulağı kar,dili də lal

Bir aləmə aparmışdır.

Nə şadlıq var orda,nə səs,

Torpağı dərd,suyu qəmdir.

Onu heç kəs keçə bilməz,

O,tilsimli bir aləmdir...

Bilinməyir onun yaşı,

Köhnə adı qəbristandır.

Hər fikirli qəbir daşı

Elə bil ki,bir insandır-

Göz yumaraq yerə,göyə

Qərq olmuşdur düşüncəyə...

Nələr vardır orda,nələr,

Göy sərvlər,göy çinarlar.

Bir də mərmər abidələr

Dayanmışdır qatar-qatar

Heykəllər də durur səf-səf,

Hava tutqun,zaman qışdır.

Qəbiristanda dörd bir tərəf

Bahar kimi gül açmışdır

Yazın seli,qışın qarı,

Əsən külək,yağan yağış

Daşlardakı yazıları

İllər boyu pozammamış.

Nələr deyir bu mənzərə!

Düşünürəm aram-aram:

Bizdən ayrı düşənlərə

Borcumuzdur bu ehtiram!

Hər türbədən bir qəhrəman

Sanki baxıb deyir bizə:

"Alovların arasından

Yollar açdım eşqinizə.”

Oğul doğan,qız böyüdən

Ağ birçəkli bir ananın-

O müqəddəs qəhrəmanın

Baş əyirəm önündə mən...

Dahilərin,şairlərin

Gözlərində dan sökülür...

Düşünürəm dərin-dərin,

Ürəyimə nur tökülür...

Elə bil ki qanadı var

Qartal kimi heykəllərin.

Gəlin,deyir,seyrə gəlin

Öz qələmi,öz əliylə,

Öz işıqlı əməliylə

Min zülməti boğanın da,

Adi inək sağanın da

Öz ünvanı,öz adı var.

Nələr deyir bu mənzərə!

Düşünürəm aram-aram:

Bizdən ayrı düşənlərə

Borcumuzdur bu ehtiram!

Orda min bir qəbir saydım

Canlı kimi hava udur.

Mən cənnətə inansaydım,

Deyərdim ki,cənnət budur....

Bu xəyalla gəzdikcə mən

Qəbristanı qarış-qarış, 

Gözlərimə dəydi birdən

Üstünü ot,alaq almış

Bir məzar ki,nə baş daşı,

Nə ünvanı,nə adı var,

Nə həmdəmi,nə sirdaşı,

Nə doğması,nə yadı var.

Fikrə getdi qəlbim bir an...

Qəbristana keşik çəkən,

Gül basdırıb,ağac əkən

Dünya görmüş bir qocadan

Soruşdum ki: sən bilərsən,

Kiminkidir bu tək məzar?

Nə yazısı,nə daşı var,

Nə üstünə gəlib gedən?

Qoca bir az gülümsədi,

Sonra qəbrə baxıb dedi:

-Qafil,özün bilməyirsən?

Səninkidir o tək məzar,

Onu dövran verdi bada;

Çox danışıb az yazanlar

Unudulur bu dünyada.

Evə gəldim can pərişan,

Keçən ömrü soraqladım.

Bu fikirlə xeyli zaman

Kitablari varaqladım.

Ağıllı söz,yaxşı şeir,

Yazmışammı,varsa,hanı?

Gördüm qoca doğru deyir,

Uçdu könlüm xanimanı...

Boğulduqca göz yaşıma

Dedim ömür yoldaşıma:

Qapıları tez ol,bağla

Otağı da bir az qızdır.

Sən də bil ki,təmtəraqla

Keçən günlər vəfasızdır!

Hanı qələm?Hanı kağız?

Tez ol gətir,a dildarım!

Barı gəzsin ağız-ağız

İndən belə yazdıqlarım...



Müəllif- Səməd vurğunскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!