Səhv düşəndə yerimiz...

Səhv düşəndə yerimiz...
Şeirlər - Hekayələr
10.09.2017 9
Duman dağı dolanar,

Qiyamət olar.

Duman yola sallanar,

Müsibət olar.

Müsibət oluruq biz,

Səhv düşəndə yerimiz.



Ümman gəmisi çayda

Oturar, üzməz!

Çay gəmisi, dağ boyda

Dalğaya dözməz!

Dözümsüz oluruq biz,

Səhv düşəndə yerimiz.

Muğan həsrət yağışa,



Buludlar xəsis...

Yağış tökür Talışa,

Hey-hey gərəksiz...

Gərəksiz oluruq biz,

Səhv düşəndə yerimiz.



Küt bıçaq parıldayıb

Xırçıltı salıb.

Qılınc qında pas atıb

Qında korşalıb...

Heyf... korşalırıq biz,

Səhv düşəndə yerimiz.



Ağ biləklər, gül əllər

Tarlada qabar.

Bir qeyrətsiz yekəpər

Qızılgül satar.

Qeyrətsiz oluruq biz,

Səhv düşəndə yerimiz.



Tarın pərdələrini

Düzənə qurban!

Yerdəyiş et birini,

Xaric vurarsan.

Xaric səslənirik biz,

Səhv düşəndə yerimiz.

 

Qabilскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!