Gürcüstanın mineral suları: SXALTUBO

Gürcüstanın mineral suları: SXALTUBO
Qadınlar.Co
10.09.2017 45
Demək olar ki, bütün gürcü xalq nağıllarında yaraları sağaldan və
gücü qaytaran dirilik suyunun adı çəkilir. Yaşlı insanlar həmin
nağılları oxuyarkən bu cür suyun mövcudluğunu şübhə altına alır. Lakin
həmin su heç də uydurma deyil, və onun mənbəsini belə tapmaq mümkündür,
məsələn elə Sxaltubada. Sxaltubanın mineral suyunun nadir kimyavi
tərkibi var: bu suyun tərkibində radioaktv və ya digər zərərli
elementlər, palçıq və qatışıqlar yoxdur; onun yaşı isə təxminən 100-150
min il təşkil edir. Sxaltuba Gürcüstanın ən qədim kurortu hesab edilir.
Burdakı suyun müalicəvi xüsusiyyətləri haqqındakı yazılar XII-XIII
əsrlərə aiddir. Müasir balneoloji kurort kompleksinin inkişafı isə
1926-ci ildə başlamışdır ki, elə həmin vaxtda burada ilk qonaq evləri və
müalicəvi korpus inşa edilmişdir.
50-ci illərdə Sxaltubada 19
sanatoriya və pansionat, müalicəvi vannalarla doqquz kompleks, kurort
parkı, Kurortologiya və Fizioterapiya Elmi Tədqiqat Institutunun filialı
tikilmişdir. Şübhəsiz ki, son 30 il ərzində bu kompleks əvəzedilməz
itkilər verib, amma yüksəliş başlayıb və artıq bu gün üç və ya
dörd-ulduzlu oteldə qalıb təmirdən yenicə çıxmış müalicə zallarındakı ən
son avadanlıqlardan istifadə etmək olar.
Vanna otaqlarının
yerləşdiyi mənbələr azradonlu (2-22 Maxe), azotlu və termaldır
(34-35dərəcə). Onlar sulfatlı-hidrokarbonatlı-xloridlı,
kalsiumlu-maqneziumlu turş (ph 7,2) su sinfinə aiddir. Həmin su son
dərəcə sabit kimyəvi tərkibə malikdir və aşağı dərəcəli minerallaşması
var. Onlar bədənin həyat fəaliyyətində mühüm rol oynayan bioloji
cəhətdən fəal mikroelementlərlə zəngindir: yod, brom, manqan, litium,
bor, sink, stronsium, mis. Müalicə zamanı suyun tərkibində olan təbii
qazlardan da istifadə olunur: azot, radon, helium, arqon. Mənbə sularını
vanna, suvarma və inhalyasiya üçün də tətbiq edirlər. Sxaltubanın
balneoloji sanatoriyasında özünəməxsus vanna hazırlama üsulu tətbiq
olunur: yeni su daima vannalara axır və bütün prosedur boyunca
eyniləşir. Hazırda sanatoriyanın üç hövzəsi və təxminən 50 vannası var.

Qeyd etmək lazımdır ki, qonaqlar müalicə mərkəzində deyil məhz
onlar üçün nəzərdə tutulmuş bir neçə sanatoriya və otellərdə qalır. Biz
rahat otaqları və səmimi abu-havası ilə bizi qarşılayan Tskaltubo Spa
Resort 4* otelində yerləşdik. Müalicə prosedurlarından keçmək üçün
oteldən sanatoriyanın binasına gündə iki dəfə pulsuz transfer təşkil
edilmişdir. Bütün müalicə proqramları sanatoriyada fərdi şəkildə
hazırlanır və 10-21 günlük müddət üçün nəzərdə tutulur. Məhz
prosedurlardan öncəki və sonrakı uyğunlaşma müddətini əhatə edən
20-günlük proqram əla müalicə kursuna zəmanət verir. Bunu nəzərə alaraq
oteldə yaşayış və müalicəvi prosedurlar üçün xüsusi paketlər
hazırlanmışdır.

Sxaltubo ətrafındakı karst mağaralarının
müalicəvi və quru havası var. Məsələn, Kumistavi kimi də tanınan
Prometey mağarasını ziyarət etdikdən sonra valehedici təəssüratlarla
qalacaqsınız. Bu, nəinki təbiət abidəsi, həm də yeraltı sularda qayıqnan
gəzmək imkanlı və işıq-səs şoulu düşünülmüş turizm attraksionudur.
Mağaranın ümumi uzunluğu 11 kilometrə yaxındır; ziyarətçilər üçün 1,5
kilometrlik bir ərazi nəzərdə tutulub ki, onu da gəzib-baxmaq üçün ən
azı iki saat lazımdır. Burada havanın daimi temperaturu 15-17 dərəcədir.
Duzlarla zəngin havanın tozluluq və bakterial çirklənmə dərəcəsi çox
aşağıdır, ona görə də bu hava hətta uzun sürməyən səfər zamanı xroniki
bronxial astma, stenokardiya, hipertoniya, nevroz və xroniki
pnevmoniyaya duçar qalmış insanlara müsbət təsir göstərir.







Sxaltuba
balneoloji kurortu hərəkət orqanları, qan dövranı və sinir sistemi
xəstəliklərinin müalicəsinə istiqamətlənir. Onu da qeyd etmək lazımdır
ki, burada qida mübadiləsinin pozulması və endokrin sistemi
xəstəliklərinin terapiyası da xüsusi nəticələr verir. Məsələn, burada
ilkin və alimentar-konstitusional piylənmənin, tireotoksikozun və
diabetin müalicəsi üçün müvafiq proqramlar işlənib hazırlanmışdır.
"Suyun zəngin olduğu kalsium və maqnezium ionları damar tonusunun
tənzimlənməsində birbaşa iştirak edir, əzələlərin boşalma və gərginləşmə
prosesini yaxşılaşdırır və digər prosedurlarla birgə bədənin
gəncləşməsinə və normal qida mübadiləsinin bərpasına, zərərli şlakların
və zəhərlərin bədəndən çıxarılmasına yardım edir. Mineral vanna qəbulu
dəri qatlarındakı qan dövranını gücləndirir ki, bunun da sayəsində
onların qidalanması yaxşılaşır və bərpa prosesləri tez və daha effektiv
həyata keçir. Müxtəlif masajlar, hidrokolonoterapiya, pəhriz terapiyası,
peloidoterapiya (palçıq terapiyası) çəkini qısa zaman kəsiyində və
zərərsiz şəkildə azaltmağa yardım edir; ətrafdakı otellərin idman
infrastrukturu isə əldə edilən nəticələri daha da möhkəmləndirməyə imkan
verir. Müalicə mərkəzində Rusiya və xarici ölkələrin istehsalı olan
tamamilə yeni avadanlıqlar quraşdırılmışdır. Bir çox prosedurlar yalnız
cari ilin əvvəlindən tətbiq edilməyə başlanmışdır. Otaqların əksər
hissəsi təmir olunub. Qeyd edim ki, bəzi vannaları olduğu kimi
saxladıq, çunki bəzi qonaqlar məhz keçmiş illərdə bu kurortlarda
istirahət etmiş sabiq hakimiyyət nümayəndələrinin istifadə etdikləri
vannaları qəbul etmək istəyir.”, deyə 6 saylı vanna binasının (Stalin
mənbəsi) baş həkimi Mziya Jorjoliani qeyd edir.

Müalicə
proseduru kursuna parkda gəzintilər də daxildir. Ətraf təpələri
həmişəyaşıl kolluqlarla örtülmüş fıstıq meşələri ilə əhatə olunmuşdur;
kurort parkında təxminən 100 növ subtropik flora nümayəndəsi təqdim
olunub. Həkimlər müxtəlif diaqnozlar üçün uzunluğuna və mürəkkəbliyinə
görə müxtəlif marşrutlar hazırlayıb. Parkın ərazisində bir neçə
müalicəvi və içməli mineral, kimyavi və s. su mənbələri var. Yerli
mineral suyunda olan radon və sulfid birləşməsi mikrob və intihablara
qarşı mübarizə aparmaqla yanaşı həm də bərpaedici xüsusiyyətlərə
malikdir ki, bu da dəri və saç xəstəliklərini müalicə etməyə imkan
verir. Burada həmçinin allergiya, psoriaz, neyrodermit, ekzemanı,
dazlaşma kimi xəstəliklər də uğurla müalicə olunur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!