Diyetoloq Leyla Zülfüqarova: “Qış aylarını xəstəliksiz başa vurmaq üçün sağlam qidalanmaq lazımdır” - Foto

Diyetoloq Leyla Zülfüqarova: “Qış aylarını xəstəliksiz başa vurmaq üçün sağlam qidalanmaq lazımdır” - Foto
Dieta - Fitnes
10.09.2017 17
Diyetoloq Leyla Zülfüqarovanın gün.az-a müsahibəsi:



- Artıq payız mövsümünə qədəm qoymuşuq. Adətən fəsil dəyişərkən, xüsusilə də yaz və payız aylarında çəki artımı müşahidə olunur. Bu, nə ilə bağlıdır?



- Payızda insan orqanizmində dəyişikliklər baş verir. İmmun sistem
zəifləyir, orqanizmin müqaviməti aşağı düşür, vitaminlərə qarşı tələbat
ikiqat artır. Bu aylarda immuniteti qoruyaraq daha da gücləndirmək üçün
təsiredici vasitələrdən biri normal paylarda, sağlam və planlı
qidalanmaqdır. Siz doğru qeyd etdiniz, bu hal payızla yanaşı, yaz
mövsümündə də müşahidə olunur.



Deməli, payız mövsümünə girəndə vitaminlərə tələbat artır, insanın
iştahası da yüksəlir. İnsanlar meyvə və tərəvəz qəbulu ilə yanaşı,
yeməkdən də çox istifadə edirlər. Bununla da, qəbul edilən qida kalorisi
ikiyə vurulur. Məhz ona görə də mövsüm dəyişikliyində insanlarda çəki
artımına meyillilik çoxalır. Hardasa, 3-4 kiloqram arasında çəki artımı
müşahidə olunur. Yəni insanlar meyvə-tərəvəzlə qidalandıqları halda,
yeməklərin kalorisini mütləq şəkildə aşağı salmalıdırlar ki, nəticədə
çəkiləri artmasın.



- Bəs qışda çəki artımının müşahidə olunması nə ilə bağlıdır?



- Qışda kökəlmənin səbəbi qanda olan serotonin hormonunun miqdarının
nisbətən aşağı düşməsi, melatoninin çoxalması ilə bağlıdır. Xoşbəxtlik
hormonu saydığımız serotoninin miqdarı azaldıqca insanların daha çox
qida qəbul etmək "ənənəsi” başlayır. Melatonin isə yuxu hormonudur. Bu
hormon çoxalanda insanların tənbəlləşməyə meyli artır. Nəzərə alanda ki,
qış aylarında gəzintilər azalır, müəyyən fiziki aktivlik - üzgüçülük,
fitnes, aerobika ixtisar olunur. İnsan aldığı qədər kalori xərcləmir.
Bununla da orqanizmin metabolizm aparatının sürəti ləngiyir.



Qış aylarında gecənin uzanması ilə əlaqədar vaxtın çox hissəsini yatmış
oluruq. Bununla da yuxu hormonları artır və metabolizm ləngiyir.
Nəticədə xərclədiyimiz kalorinin nisbəti azalır, aldığımız kalori isə
çox şəkildə qalır. Amma xatırladım ki, hər iki hormon orqanizm üçün
olduqca lazımlı və faydalıdır. Və hər iki hormonun qıtlığı orqanizm üçün
çox böyük fəsadlara səbəb ola bilir.



- Müxtəlif fəsillərdə artıq çəki almamaq üçün nə kimi tədbirlər görmək lazımdır?



- Bunun üçün sağlam həyat tərzi birinci növbədə vacibdir. Hər ayın,
fəslin özünəməxsus proqramı var. Məsələn, payızda vitaminlərə tələbat
artırsa, orqanizm özü bizə sağlam rasional qidaya keçməyi diktə edir.
Bunun üçün menyuda tərəvəz və meyvə saxlanılır. Tərəvəz çox qəbul
olunduğu halda isə digər qidalara məhdudiyyət qoyulmalıdır.



Karbohidratları nəzərə almaq lazımdır. Çünki tərəvəzlərin çoxunun
tərkibində karbohidrat var. Biz çox yemək yeyirik. Üstəlik, meyvələrdən
aldığımız vitaminlə yanaşı, karbohidratlarla orqanizmi yükləmiş oluruq.
Bu mövsüm qlükoza ilə zəngin meyvələrin mövsümüdür. İnsanların yanlışı
nədədir bilirsiniz? Üzüm, əncir yeyirlər. Üzərindən də yağlı, ətli,
karbohidratlı qida qəbul edirlər.



İnsanlara məsləhət görərdim ki, məsələn, çörəyi menyuda
məhdudlaşdırdıqları halda, lazım olan karbohidratı digər tərəvəzlə əvəz
etsinlər. Məsələn, yeməyin yanında pomidor-xiyar yemək, çörək yeməyə
bərabərdir. Düzgün qidalanmada digər bir şərt kifayət qədər zülallı
qidalar qəbul etməkdir. Xüsusilə, süd, pendir, qatıq, kəsmik, yumurta,
mal əti, toyuq, balıq kimi qidalar zülalın ən yaxşı mənbəyidir.



Xatırladım ki, bu məsləhətlərə əməl etməklə immun sisteminizi
gücləndirib, infeksiyalardan qoruna bilərsiniz. Soyuq fəsilləri
xəstəliksiz başa vurmağın mümkün olduğuna inamınız artar.



- Daha bir məqama toxunmaq istərdim. Bəzən insanlar mövsüm
dəyişikliyi zamanı, kompleks vitaminlərə, bioloji aktiv əlavələrə (BAƏ)
müraciət edirlər. Halbuki, bunları təbii yolla, meyvə-tərəvəz yeməklə
əldə etmək mümkündür. Necə düşünürsünüz, vitamin və BAƏ-in insan
orqanizminə zərəri varmı?




- Əslində, ABŞ-da və Avropanın bir çox ölkələrində BAƏ-dən müəyyən
formada istifadə edilir. BAƏ-lər bitki tərkiblidir. Sadəcə, düşünürəm
ki, bu əlavələri qəbul edən zaman yaş faktoruna fikir vermək lazımdı.
Məncə, 18 yaşadək insan orqanizmi öz ehtiyatları çərçivəsində
strukturunu qurmalıdır. 18 yaşdan sonra isə müəyyən dozalarda, BAƏ və
vitaminlərə əgər ehtiyac varsa qəbul etmək olar.



- Qış aylarında orqanizmdə daha çox hansı vitaminə tələbat artır? Doğrudur ki, vitamin qəbulu çəki artımına səbəb olur?



- Vitaminlərdən çəkini C vitamini artırır. Bu vitamin iştahanı artırır,
yeməyə tələbat yaradır. Çəki isə bayaq qeyd etdiyim kimi, meyvə və
tərəvəzlərlə yanaşı, qidanın həddən artıq qəbul olunduğu halda artır.
Onu da deyim ki, C vitamini ilə zəngin olan meyvələr bizdə iştahanı
artırsa da, eyni zamanda, yağ hüceyrələrinin parçalanmasında da mühüm
rolu vardır. C vitamini bütün mövsümlərdə aktualdır.



Çünki güclü antioksidantdır, hüceyrələrin təzələnməsində mühüm rolu
oynayır. A vitamini də antioksidantdır. A və C vitaminləri həzm
sistemini gücləndirərək infeksiyalarla mübarizədə orqanizmin
müqavimətini artırır. Demək, bu vitaminləri özündə cəmləyən
meyvə-tərəvəz, göyərtilərə üstünlük vermək lazımdır. Payız aylarında
kök, nar, üzüm, kivi, ananas, sitrus meyvələri - naringi, portağal,
limon, qreypfrut, feyxoa yemək tövsiyə olunur. Bu mövsümdə xüsusilə təzə
sıxılmış meyvə şirələri də mütləqdir. Ən vacib şərt isə meyvə şirəsi
çəkildikdən sonra ilk 5-10 dəqiqə ərzində içilməlidir. Meyvə şirəsi
saxlanıldıqda, tərkibindəki C vitamini istinin təsirindən parçalanır və
itir.



Qarşıdan gələn aylarda məsləhət görərdim ki, qəhvə və çayın əvəzinə
vitamin C ilə zəngin olan itburnu dəmləməsinə üstünlük verilsin. Ara
yeməkləri təzə hazırlanmış salatlarla olsa yaxşıdır. Çünki bu cür
qidalanmaq orqanizmə lazım olan vitaminləri vermiş olur.



Sonda insanlara tövsiyəm budur ki, hər bir mövsümün özünəməxsus
bəslənmə qaydası olduğunu bilib, məhz buna görə qida rasionlarını tərtib
etsinlər.



Aytən Həsənova





 

 

 

 



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!