Sürətli arıqlama insanı xəstə edir

Sürətli arıqlama insanı xəstə edir
Dieta - Fitnes
10.09.2017 29
Hal hazırda arıqlama dəbdədir. Qadınlar (və bəzən də kişilər) kütləvi şəkildə müxtəlif pəhrizlər, "möcüzəli" arıqladan həblər, arıqladan çaylar və qəhvələri sınaqdan keçirirlər.



Qadınların əksəriyyəti az bir müddət ərzində çox çəki atmaq istəyir. Çoxsaylı İnternet saytları 1 aya 10-15 kq arıqlamış insanlardan bar-bar bağırır. Lakin, təəssüf ki, belə sürətli arıqlamanın böyük təhlükələrindən İnternetdə məlumat tapmaq çox çətindir. Bu təhlükələr hansılardır?



- Kəskin arıqlama orqanizmin hormonal fonuna çox mənfi təsir edir. Qadınlarda menstrual dövr pozula bilər və ya menstruasiyalar tamamilə kəsilə bilər. Qalxanvari vəzinin və böyrək üstü vəzilərin fəaliyyəti pozula bilər.



- Ürək-damar sistemində müxtəlif pozulmalar inkişaf edə bilər. Təzyiq gah qalxır, gah da düşür, ürək nahiyəsində ağrılar olur, insanı tez-tez təkrarlanan baş ağrıları və başgicəllənmələr narahat edir.



- Sürətli arıqlama nəticəsində immun sistemi çox kəskin şəkildə zəifləyir. Bu səbəbdən hətta yüngül soyuqlama və ya infeksiya ağır xəstəliyin inkişafına təkan verə bilər. Həmçinin immunitetin zəifləməsi insanda olan xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər. İmmun sisteminin kəskin zəifləməsi fonunda insanda hətta xərçəng xəstəliyi inkişaf edə bilər.



- Sürətli arıqlama sinir sisteminin vəziyyətinə də olduqca mənfi təsir edir. İnsan əsəbi, gərgin olur, depressiyaya düşür, onun yuxusu tamamilə pozula bilər. İnsanda anoreksiya kimi ağır psixiki pozulma inkişf edə bilər. Anoreksiyadan əziyyət çəkən insan hətta çox arıq olduqda özünü kök hesab edir, qida qəbulundan imtina edir, qida qəbul etdikdən sonra özünü zorla qusdurur və s. Ağır anoreksiya insanın ölümünə səbəb ola bilər.



- Mədə-bağırsaq sistemi sürətli arıqlamadan xüsusilə çox əziyyət çəkir. İnsanda arıqlama fonunda qastrit, mədə və 12 barmaq bağırsağı xorası kimi xəstəliklər inkişaf edə bilər (və ya kəskinləşə bilər).



Kəskin arıqlama bağırsaqların da fəaliyyətini pozur.



Orqanizmin filtri olan qara ciyər güclü yükləmələrə məruz qalır. Çünki, sürətlə və xeyli dərəcədə arıqlama zamanı, bədəndən xaric edilməli olan artıq piy toxumaları qanın tərkibinə sovrularaq, emal edilmək üçün, qara ciyərə tərəf "hücuma keçirlər". Qara ciyər, xeyli miqdarda parçalanmış olan bu piy toxumasının emal edilməsinin öhdəsindən gələ bilmədiyi üçün, artıq məhsulların bir hissəsi onun özündə toplanmağa başlayır. Bu isə qara ciyərin fəaliyyətində müxtəlif pozulmalara səbəb olur.



Əgər insan arıqlamaq üçün hər hansı dərman preparatı (hətta otlar əsasında) istifadə edirsə, bu daha da təhlükəlidir. Bu preparatların bir çoxusu heç bir kliniki testlərdən keçməliyib və onların orqanizmə olan təsiri məlum deyil. Bu isə zəhərlənmələrin, ağır allergik reaksiyaların, mədədə və 12 barmaq bağırsağında xoraların, qara ciyərdə ağır pozulmaların riskini kəskin şəkildə artırır.



Beləliklə, sürətli arıqlama insana yalnız və yalnız ziyan verə bilər. Bunu istənilən həkim və dietoloq təsdiq edəcək. Əgər siz arıqlamaq istəyirsinizsə, bunu savadlı şəkildə tədriclə etmək lazımdır. Normal sağlam arıqlamanın qaydası - 1 ayda bədən çəkisinin 2-3%-nin itirilməsidir. Əgər insanın bədən çəkisi, misal üçün, 70 kq-dırsa, 1 ay ərzində 1,4-2,1 kq çəki itirə bilər. Bu onun sağlamlığına ziyan gətirməyəcək.



Bir çox psixoloqlar arıqlama epidemiyasının səbəbini müasir insanların özünə olan inamsızlıqla nə özündən narazılıqla əlaqələndirirlər. Müasir insanların bir çox hissəsi özündən, ailəsindən, işindən və s.-dən narazıdır. Bu narazılıq özünü müxtəlif formalarda büruzə verir - bəziləri arıqlayır, digərləri burunlarını, dodaqlarını, sinələrini və s. plastik əməliyyat etdirir və s. Lakin istədiyi çəkiyə, buruna, dodaqlara və s. nail olduqdan sonra insanlar hiss edir ki, bu onlara nə xoşbəxtlik, nə sevinc, nə sevgi, nə..., bir sözlə - heç nə gətirməyib. Beləliklə, səbəb kilolarda, burunda, sinədə və s.-də deyil, səbəb insanın beynində, insanın qəlbindədir. İnsan özünü kök, arıq, uzunburun, nazikdodaq və s. qəbul etməli və  sevməlidir. Yalnız özünə olan inam və özünə olan sevgi insanı xoşbəxt edə bilər və yalnız belə insan ətrafdakıları da xoşbəxt edəcək.



Beləliklə, arıq və bədbəxt olmaqdansa, kök və xoşbəxt olmaq daha yaxşıdır. Təbii ki, söhbət həddən artıq köklükdən getmir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!