Arıqlıq köklükdən daha təhlükəlidir

Arıqlıq köklükdən daha təhlükəlidir
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 9
Həddindən artıq arıqlar ömürlərindən 8 ili qısaltmış olurlar



Köklük ümumi bir bəladır. Hər kəs az da olsa zaman-zaman köklüyündən şikayət edir. Az hərəkətli həyat tərzi yaşayanlar, digərlərinə nisbətən çəkinin artmasına daha çox meylli olur. Məsələ bundadır ki, onlar sadəcə olaraq, gün ərzində qida ilə qəbul etdikləri enerjini sərf edib qurtara bilmirlər. Nəticədə artıq qalan kalorilər piy şəklində yığılır. Bu isə insanların sürətlə kökəlməsinə səbəb olur.



Artıq kökəlmək o qədər ciddi problemə çevrilib ki, demək olar, bütün dünya buna qarşı mübarizə aparır. Lakin elmi tədqiqatlar göstərir ki, arıqlıq orqanizm üçün köklükdən daha da təhlükəlidir. Başqa sözlə desək, çox kök və çox arıq insanlar həyatlarını genetik müəyyən olunmuş zaman müddəti qədər davam etdirə bilməmə təhlükəsi altındadırlar.



Kökəlmək asandır. Hər kəs bu fikirdədir. Lakin istəsə belə kökələ bilməyən insanlar da var. Hansı ki, yedikləri qidadan asılı olmayaraq, keçirdikləri həyat tərzinə baxmayaraq kökələ bilmirlər. Belə insanlar arıqlamağa daha meylli olurlar. Belə olan halda ən kiçik xəstəliklər zamanı itirilən olan-qalan çəki də insanı tamamilə çökdürür. Nəticədə insan xəstəliklərə davamsız, narahat və daim özündən narazı qalır. Norveç alimləri bu fikirdədir ki, həddindən artıq arıq olan insanlar ömürlərindən 8 ili qısaltmış olurlar. Həddindən artıq arıqlar arasında bədxassəli şişlər, ürək xəstəlikləri, infarkt və insult səbəbi ilə ölüm halları artmaqdadır. Onlarda eyni zamanda depressiv vəziyyətlərə tez-tez rast gəlinir.



Bakı sakini 23 yaşlı Nəbiyyə Nəbiyeva də arıqlıqdan əziyyət çəkən insanlardandır. Deyir ki, gün ərzində nə qədər qida qəbul etməsindən asılı olmayaraq kökəlmə prosesindən məhrumdur. Daxili heç bir xəstəliyi olmasa da kökəlmək onun ən böyük arzusudur: "23 yaşım var, 44 kiloyam. 174 boy üçün 44 kilo olmaq gəzən ölü deməkdir. Müalicə də almışam, 1 aya 300 qram kökəlib yenidən arıqlamışam. Heç bir xəstəliyimin olmaması halında bu qədər arıq olmağım məni narahat edir. Əllərimə baxanda sümüklərim aydın görünür. Kökəlməyə o qədər həsrətəm, 100 kilo olsam belə narazılıq etməyəcək haldayam".



Dietoloq Nəsimi Quliyevin sözlərinə görə, hər bir orqanizm kökəlməyə meyllidir. Əgər kimsə kökəlməməkdən şikayət edirsə, deməli, hər hansı bir problem mövcuddur və o problemi aradan qaldırmaq lazımdır. Həkimə müraciət etmək, analiz vermək mütləqdir: "Kökəlmənin səbəbləri olduğu kimi kökələ bilməməyin də səbəbləri var. Orqanizmdə bütün proseslər normal getdiyi halda, heç bir xəstəlik olmadığı halda nə kökəlmək, nə də arıqlamaq özbaşına baş verir. Əvvəlcə daxili müayinə lazımdır. Qurd xəstəlikləri insanı kökəlməyə qoymayan başlıca faktordur ki, buna çoxu fikir vermir. Yaşından asılı olmayaraq hər bir insanda qurd xəstəlikləri ola bilər və bu xəstəlikdən əziyyət çəkənin kökəlməsi də mümkünsüzdür. Zobun olması, mədə-bağırsaq sisteminin pozulması, mədə xorası, bir sözlə, həzm traktının pozulması da kökəlmənin qarşısını alır. Həkimin düzgün diaqnozundan, kökələ bilməməyin səbəbi ortaya çıxdıqdan sonra müalicə effektiv nəticə göstərir və kökəlmə başlayır. Əks halda səhv müalicələr, düzgün qoyulmayan diaqnozlar bu problem həll etmir".



Həmsöhbətimiz bildirir ki, kökəlmək kimi arıqlamağın da qarşısını almaq üçün reseptlər var. İnsan heç bir xəstəlikdən əziyyət çəkmirsə, normal qidalanaraq düzgün və sağlam kökələ bilər. Kökəlmək istəyən insan zərərli vərdişlərdən imtina etməlidir. Alkoqol, kofe, çay, siqaretin istifadə səviyyəsini minimuma çatdırılmalıdır. Bunların hamısı, iştahanı azaldır və maddələr mübadiləsini yüksəldir. Tərəziyə baxmaqdan isə çəkinmək lazımdır. "Kilo 1 gündə 2-3 kilo almaq demək deyil. Bu, mümkünsüzdür. Ona görə də hər gün tərəziyə çıxmaq əhvalı korlamaqdan başqa bir işə yaramayacaq" deyən dietoloq məsləhət görür ki, gündə 2 stəkandan artıq çay içmək olmaz. Turşu, istiot və süddən uzaq durulmalıdır: "Kökəlmək yox, sağlam kökəlmək vacibdir. Buna görə də, kökəlmək xatirinə əlinə nə gəldi yemək də düzgün deyil. İçilən bütün mayelərə bal, bəkməz, mürəbbə əlavə edərək içmək kökəlməyə kömək edir. Yatmamışdan öncə şirniyyat yemək kökəldir, lakin bu, məsləhət deyil. Çünki ağır qidaları mədə həzm etməkdə çətinlik çəkir. Yeməkdən sonra şirniyyat qəbul edin. Fındıq, fıstıq, badam, qoz yeyin. Hər gün yumurta qəbul edin. Əridilmiş yağ əvəzinə duru yağlara üstünlük verin".



Psixoloq Firuzə Zeynalovanın sözlərinə görə, kökəlmək insanın keçirdiyi hiss, yaşadığı hadisələrlə də birbaşa bağlıdır. Belə ki, hər bir duyğu hər insanda fərqli nəticələrə gətirib çıxarır. Stress və əsəb bəzi insanları yeməyə həvəsləndirdiyi halda, bəziləri qidadan tamamilə imtina edirlər ki, bu da onların arıqlama və kökəlmələrinə birbaşa təsir edir: "Elə insanlar var ki, stresdən kökəlir, elələri də var ki, əksinə olaraq arıqlayır. Əsəb gərginliyi çəkinin artmasına mane olur. Stress çəkinin sabit qalmamasına, oynamasına, çəkinin oynaması da stressə səbəb olduğu üçün mümkün qədər sakit həyat tərzi keçirmək lazımdır. Narahat edən hisslərdən və düşüncələrdən qurtulmaq lazımdır. Stress hormonu bədənin enerji balansını, metabolik balansı pozduğu üçün piylənmə, eyni zamanda arıqlama ilə nəticələnə bilər".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!