“Az aşım, ağrımaz başım” - Ömrü sağlam keçirin

“Az aşım, ağrımaz başım” - Ömrü sağlam keçirin
Kökəlmə sirləri, Qidalanma qaydaları
10.09.2017 14
Novruz ən sevimli bayram olduğundan hamı çalışır ki, bu özəl günü təmtəraqla qeyd etsin. Xüsusilə bu bayramda süfrələrimiz öz zənginliyi ilə fərqlənir. Bayram süfrələrini plovsuz, şəkərburasız, paxlavasız təsəvvür etmək olmur. Təbii ki, bu zənginlik milliliyi ilə gözəldir. Amma bayram günlərində bu təamlardan qədərindən artıq istifadə sağlamlığımız üçün problemlər də yarada bilər.



Novruz süfrəsinin əsas xörəyi plovdur. Plovu və onun aş qarasını hazırlamaq üçün düyüdən, ətdən, kərə yağından, şabalıd və ərik qurusundan, kişmişdən istifadə olunur.

Əvvəlcə bu ərzaq məhsullarının ayrı-ayrılıqda orqanizmə təsirini nəzərdən keçirək.



1. Düyü.

İnsan orqanizmi üçün saysız-hesabsız faydaları olan düyü bədəni enerji ilə təmin edir, dərini gümrah saxlayaraq kənar təsirlərdən qoruyur, ürək-damar sisteminə müsbət təsir göstərir, təzyiqi tənzimləyir, zehni fəaliyyəti yaxşılaşdırır, xolesterinin miqdarını aşağı salır, həzmi asanlaşdırır, onkoloji xəstəliklərə tutulma riskini azaldır, böyrəklərdə daşın əmələ gəlməsinin qarşısını alır.



2. Ət.

Plovun aş qarasının hazırlanmasında zövqə uyğun olaraq mal, toyuq və qoyun ətindən istifadə edilir.



Mal əti B, E, A, C, PP vitaminləri, mis, kobalt, sink, dəmir, maqnezium, natrium və kaliumla zəngindir. Pəhriz üçün ət məhsullarının sırasında ən münasibi mal ətidir. Mal əti bədəni qüvvətləndirir, orqanizmin enerjisini artırır.

Qoyun ətinin tərkibi də olduqca zəngindir və orqanizm üçün bir çox faydaları var. ABŞ-ın Pensilvaniya Universitetinin əməkdaşları müəyyən ediblər ki, gündəlik rasionda yağsız qoyun ətinin olması xolesterinin ümumi miqdarının aşağı düşməsinə gətirib çıxarır. Amma unutmayaq ki, söhbət yağsız qoyun ətindən gedir. Alimlərin apardığı eksperiment nəticəsində xolesterenin miqdarı çox olan insanların rasionuna sutka ərzində 100-150 qram yağsız qoyun əti daxil ediblər. Bir müddətdən sonra həmin insanlarda xolesterenin miqdarı 10 faiz aşağı düşüb. İstər qoyun , istərsə də mal ətindən istifadə edərkən bu ət məhsullarından faydalanmaq üçün çalışmaq lazımdır ki, ətin piyli və yağlı hissələrindən istifadə olunmasın.

Toyuq əti mineral maddələr, mikroelementlər və vitaminlərlə zəngindir. Toyuq ətində digər ətlərlə müqayisədə xolesterin azdır. Həmçinin bu ət az yağlılığı, zülal baxımından isə zənginliyi ilə faydalıdır. Toyuq ətində orqanizm üçün faydalı olan maddələr ürək-damar sistemi üçün xeyirlidir. O, hüceyrələrin yenilənməsini təmin edir. Mütəxəssislərin tədqiqatları nəticəsində məlum olub ki, müntəzəm olaraq toyuq ətindən istifadə etmək qaraciyər xərçəngi xəstəliyinə tutulma riskini 30 faiz azaldır. Nəzərə almaq lazımdır ki, toyuq ətinin faydalarından bəhrələnmək üçün kənd toyuğundan istifadə etmək lazımdır.



3. Kərə yağı.

Dünyanın demək olar ki, bütün ölkələrində kərə yağı geniş yayılmış ərzaq məhsullarından biridir. İlk dəfə kərə yağı 5-ci əsrdə İrlandiyada istehsal olunmağa başlanıb. Bu yağın tərkibində olan A vitamininin miqdarı heç bir bitki yağında yoxdur. 50 qram kərə yağı orqanizmin A vitamininə olan gündəlik tələbatının üçdə bir hissəsini ödəyir. Bununla yanaşı onun tərkibi D, K, E, PP və B qrup vitaminləri ilə də zəngindir. Məhz belə zəngin tərkibinə görə kərə yağının orqanizm üçün bir çox faydaları var. Dietoloqlar tövsiyə edirlər ki, sutka ərzində qida rasionuna 20 qram kərə yağı daxil etmək lazımdır.



4. Şabalıd.

Omeqa 3, omeqa 6 yağları, fosfor, maqnezium, xlor, kalsium, dəmir, natrium, kalium mineralları, B1, B2 və C vitaminləri ilə zəngindir. Şabalıd qan dövranını yaxşılaşdırır, yaddaşı gücləndirir, zehni və fiziki yorğunluğu aradan qaldırır, sinir sisteminə müsbət təsir göstərir, əzələləri qüvvətləndirir, qəbzliyi götürür. Şabalıdın enerji tərkibi çox yüksək olduğundan onu qida rasionuna az miqdarda daxil etmək lazımdır. Xüsusilə artıq çəkidən əziyyət çəkənlər şabalıddan məhdudiyyətlə istifadə etməlidirlər.



5. Ərik qurusu.

Müalicəvi xüsusiyyətlərinə görə ərik qurusu nadir qida məhsulları sırasındadır. Bu meyvə qurusu orqanizmdən zərərli maddələrin xaric olunmasında əvəzsiz bir məhsuldur. Kaliumla zəngin olan ərik qurusu ürək xəstəliklərindən əziyyət çəkənlər üçün təbii dərmandır. Həmçinin ərik qurusu xərçəng xəstəliklərinin profilaktikası üçün yaxşı vasitədir. Stressə qarşı mabarizədə də o çox faydalıdır. Ərik qurusu qan təzyiqini aşağı salır. Bu səbəbdən də təzyiqi aşağı olanlara bu meyvə qurusundan istifadə etmək məsləhət görülmür. O cümlədən əriyin şirin sortlarından hazırlanmış meyvə qurusundan artıq çəkisi olanlar məhdudiyyətlə istifadə etməlidirlər. Qida rasionuna yüz qram, yəni 5-6 ədəd ərik qurusu daxil etmək tövsiyə olunur.



6. Kişmiş.

Çərəz kimi sevilən faydalı qida məhsullarından biridir. Kişmiş sinir sistemini və ürəyi möhkəmləndirir, limfaları, ağciyərləri, qaraciyəri və bağırsağı təmizləyir. Kişmiş tərkibində dəmir və kalsiumu saxladığı üçün olduqca faydalıdır. Öz tərkibinə görə kişmiş xüsusilə sümük inkişafına müsbət təsir göstərir, zəiflik, qan azlığı kimi narahatlıqların aradan qaldırılmasında böyük rol oynayır. Yaddaş zəifliyi olanlar üçün kişmiş ən yaxşı vasitələrdən biridir. Kişmişin həmçinin ağrıkəsici xüsusiyyəti vardır. İltihabın qarşısını kəsən kişmiş bəlğəm üçün də olduqca xeyirlidir. Peyğəmbərin (s) nəql etdiyi hədislərin birində göstərilir: "Qurudulmuş üzüm (kişmiş) çox yeyin. O, ödü təmizləyir, bəlğəmi aradan qaldırır, əsəbləri möhkəmləndirir, yorğunluğu götürür, xasiyyəti gözəlləşdirir, nəfəsi təmizləyir və qəm-qüssəni uzaqlaşdırır”. Ancaq bir məsələni də yadda saxlamaq lazımdır ki, kişmiş bir ovucdan artıq yeyilərsə faydasından çox zərəri olar.



Göründüyü kimi plovun hazırlanmasında lazım olan ərzaq məhsulları ayrı-ayrılıqda orqanizm üçün olduqca faydalıdır. Amma bir şərtlə ki, qədərində olsun. "Az aşım, ağrımaz başım” ifadəsinin yəqin ki, bir mənası da elə burdan götürülüb. Süfrənizin zəngin, sağlamlığınızın yerində olması arzusu ilə Novruz bayramınız mübarək...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!