Şəkərli diabet zamanı böyrəkləri zədələnmədən qorumaq mümkündür

Şəkərli diabet zamanı böyrəkləri zədələnmədən qorumaq mümkündür
Xalq təbabəti
10.09.2017 22
"Hazırda
şəkərli diabet dünyada ən çox yayılan xəstəliklərdən biridir.
Azərbaycanda da belədir, şəkərli diabet gündən-günə gəncləşir.
Xəstəliyin ən ağır fəsadlarında biri də diabetik nefropatiya, yəni
böyrəklərin zədələnməsidir". Azadqadın.Az bildirir ki, bunu APA TV-nin
"Öncə sağlıq" proqramında həkim-nefroloq, tibb üzrə fəlsəfə doktoru,
Mərkəzi Neftçilər Xəstəxanasının əməkdaşı Elnur Fərəcov deyib.  
Ümumilikdə müxtəlif böyrək xəstəliklərinin olduğunu deyən mütəxəssis
bildirib ki, onların əsas müalicə prinsipi səbəbi, yəni böyrək
toxumasını zədələyən, orada çapıq yaradan halı aradan qaldırmaqdır:
"Böyrək zədələnməsi davam etdikcə böyrək çatışmazlığı yarana bilər.
Böyrək xəstəlikləri iki mərhələdən ibarət olur. Birincisi, böyrək
çatışmazlığına qədər olan mərhələ, ikincisi, böyrək çatışmazlığı
diaqnozu qoyulan mərhələ. İkinci artıq  geri dönməyin mümkün olmadığı
bir mərhələ olur. Ona görə də xəstələrin, onların yaxınlarının,
ümumiyyətlə, hamının diqqətini birinci mərhələyə yönləndirmək lazımdır.  
Birinci və ikinci tip, yəni insulinə bağlı olan və olmayan şəkərli
diabet xəstələrinin hamısında qanda şəkərin miqdarı yüksək olur. Şəkərin
miqdarının yüksək olması ilk növbədə böyrəklərdə filtrasiyanı artırır.
Şəkərli diabeti olanlarda filtrasiya sürətlənir, nəticədə böyrək
toxuması öz unikal strukturunu itirir. Belə olan halda qanda olan
maddələr, ələlxüsus zülallar filtrasiya olunaraq sidikdə aşkarlanır. Ona
görə də şəkərli diabetin böyrəyi zədələməsinin ilk işartısı sidiyin
ümumi müayinəsi zamanı zülalın təyini, yəni sidikdə zülalın
aşkarlanmasıdır. İstənilən halda sidikdə zülal təyin olunandan sonra
ciddi müayinələrdən keçmək lazımdır".   Həkim təəssüflə qeyd edib ki,
Azərbaycanda bir çoxları böyrəklərdə ciddi zədələnmələr başlayandan
sonra mütəxəssisə müraciət edirlər, onda isə çox gec olur: "Ağırlaşmalar
baş verməsin deyə ilk növbədə şəkərli diabet xəstələrində qanda şəkərin
miqdarını nəzarətdə saxlamaq zəruridir. Ən başlıca tədbir bu olmalıdır.
Daim qanda şəkərin miqdarı normada saxlansa, hətta şəkərli diabetin
yaranmasından 30-40 il keçsə belə, nə böyrəklərdə, nə də digər
orqanlarda ciddi fəsadlara rast gəlinir. Amma qanda şəkərin miqdarına
nəzarət etməyən, yaxud düzgün nəzarət etməyən şəxslərdə şəkərli diabet
aşkarlanandan 10-15 il sonra böyrək çatışmazlığı yaranır. Bu isə elə bir
prosesdir ki, bu zaman böyrəyi qorumaq, prosesi geri qaytarmaq mümkün
olmur. Əfsuslar olsun ki, belə hallar hemodializ müalicəsi və böyrək
transplantasiyası ilə nəticələnir".  Mütəxəssis vurğulayıb ki, qanda
şəkəri normada saxlamaq üçün ilk növbədə pəhriz rejimi və həyat tərzində
dəyişiklik zəruridir:  "Problem aşkarlanan kimi xəstəni tez bir zamanda
dərmanlara yönəltmək lazım deyil. Təbii ki, qanda şəkərin miqdarı
yüksəkdirsə, fəsadlar yaranmasın deyə dərmanlar təyin olunur, amma
müalicəni tamamilə dərmanların üzərində qurmaq düzgün deyil. Zamanında
tədbir görülsə, demək olar ki, 80-90 faiz hallarda böyrəklərdə
zədələnmələr yaranmır. Yəni bu problemlə bağlı profilaktika çox önəmli
bir yer tutur".  E. Fərəcov onu da deyib ki, problem zamanı ən önəmli
məqamlardan biri arterial təzyiqlə bağlıdır. Şəkərli diabet
xəstələrində, xüsusilə stajlı xəstələrdə arterial təzyiq probleminin də
inkişaf etdiyini bildirən mütəxəssis bunun səbəblərindən birinin
diabetin böyrəkləri zədələməsi olduğunu vurğulayıb: "Hər kəs bilməlidir
ki, böyrək xəstəliyinin əsas əlaməti yüksək təzyiqdir. Əgər bir insanda
heç bir problem olmaya-olmaya birdən-birə yüksək arterial təzyiq
müşahidə olunursa, böyrək problemindən şübhələnmək lazımdır. İkinci əsas
şikayət isə göz altında və ayaqlarda şişkinliklərin olmasıdır.  
Problemin yaranmasında əsas faktorlardan biri duzlu qidaların daha çox
qəbul olunmasıdır. Ona görə də ən önəmli məsələ həm də duzsuz pəhriz
məsələsidir. Duzdan mümkün qədər az istifadə olunmasına diqqət etmək
lazımdır. Azərbaycan şəraitində gündəlik olaraq duzu qida rasionundan
çıxarmaq lazımdır. Çünki bizim gündəlik qəbul etdiyimiz bəzi
məhsullarda, məsələn, çörəyin tərkibində yetərincə duz var və duza olan
ehtiyac da bununla ödənilir.  Əlavə olaraq duz qəbul olunmasa, bədən
çəkisi normada olsa, ciddi nəticələr əldə etmək olar. Aparılan bəzi
araşdırmalar göstərir ki, çəkinin bir kiloqram itirilməsi təzyiqi bir
vahid aşağı salır. Yəni insan 10 kiloqram çəki itirəndə təzyiq də 10
vahid aşağı düşür. Qanda şəkərin miqdarını, arterial təzyiqi nəzarətdə
saxlamaqla böyrəklərin zədələnməsinin qarşısını almaq, ən azı bu prosesi
ləngitmək olar".

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!