Qızlar arasında qısqanclıq

Qızlar arasında qısqanclıq
Xəstəliklər və müalicəsi
10.09.2017 42
Həyatda
bizim sevdiyimiz insanlar yalnız valideynlərimiz, ailə
üzvlərimiz deyil. Sevdiyimiz insanlar sırasına məktəbdə,
universitetdə bizlə birgə oxuyan həmyaşıdlarımızı, iş
yoldaşlarımızı və s. aid edə bilərik. Onların hər birinin həyatımızda tutduqları
yer bizim onlara verdiyimiz statusdan asılıdır. Kimisinə adi bir
tanış, kimisinə yoldaş, kimisinə yaxın insan və s. adını
verərik. Lakin vaxtımızı birgə keçirdiyimiz, sirlərimizi
paylaşdığımız və ya yanımızda olmasa belə emosional bağlılığımız olan
insanlar olur ki, biz onu "rəfiqə” adlandırırıq. Bəs rəfiqəmizlə
konflikt yaşayırıqmı? Müşahidələr rəfiqələr arasında yaranan
konfliktlərin əsas səbəbinin qısqanclıq olduğunu göstərir. Rəfiqə
sözünün məhz qadınlara aid olduğunu, qadınların isə emosional,
hislərə önəm verən biri olduğunu bilirik. Bu səbəbdən qadınların
rəfiqəlik münasibəti qısqanclıq hissi olmadan ötüşmür. Bəs
rəfiqələr arasında olan qısqanclıq hissi nədən yaranar?
Ümumiyyətlə rəfiqələr arasında olan qısqanclıq normal hal hesab
olunurmu?

İtirmək qorxusu. Çox zaman qısqanclığın yaranma səbəbi kimi məhz
itirmək qorxusu ön planda durur. Bəs həqiqətənmi qısqanclıq itirmək
qorxusundan yaranır? Bu sualın cavabı qısqanclıq hissi keçirən
insanın keçmişindən, yaşadıqlarından və bizə qədər olan rəfiqəlik
münasibətlərindən də asılıdır. Əgər rəfiqəlik etdiyimiz şəxsin keçmiş
rəfiqəsi ilə münasibətində itirmək qorxusu ilə bağlı travma yaranıbsa
onun bizi aşırı dərəcədə qısqanması mümkün haldır. Bu mövzunu
onunla müzakirə etməklə bu halı aradan qaldırmaq olar.

Qısqanclıq, yoxsa paxıllıq? Qısqanclığın bir növü də məhz paxıllıq
hissindən doğar. Rəfiqəmizin həyat tərzinə, onun əldə etdiklərinə
və bir çox uğurlarına paxıllıq hissi ilə yanaşmaq bizim öz
daxili dünyamızı məhv edər. İçimizdə rəfiqəmizə qarşı paxıllıq hissi
varsa münasibətlərə göz gəzdirmək vaxtıdır. Onun bizim üçün əsl rəfiqə
olması şübhə altındadır.
Ona paxıllıq edəcəyimiz zamanı özümüzə sərf edib daha böyük uğurlara imza
ata bilərik.

Qibtə hissi. Əslində paxıllıq hissi heç də bütün hallarda
neqativ mənalı olmur. Paxıllığın qarşımızdakı insana olan qibtə
hissindən yaranması onu qısqanclıq formasında təzahür etdirər.
Rəfiqəmizin ona olan qibtə hissimizi paxıllıq, yaxud qısqanclıq
kimi anlamasından ehtiyat edərək onun uğurlarına və sevincinə
şərik olduğumuzu ona hiss etdirək.

Qısqanclıq sevginin ölçüsüdürmü? Rəfiqəmizi başqası ilə bölüşmək
qorxusu, yaxud da bizə olan sevgisinin azalacağından narahat
olmamız bizdə normal sayılan qısqanclıq yarada bilər. Lakin bu
qorxu qarşımızdakı insanı bizdən bezdirməyə xidmət edərsə və insani
münasibətləri öldürəcək həddə gəlib çatarsa burada sevginin
ölçüsündən söhbət belə gedə bilməz.

Qısqanclıq zəiflikdirmi? Bəli, əslində qısqanclıq bizim özümüzün
özümüzə qarşı ən böyük zəifliyimizdir. Rəfiqəmizi başqasına
qısqanmağa sərf etdiyimiz vaxtı onun həyatındakı yerimizi
böyütməyə sərf etsək həm özümüzə güvənimiz artar, həm də onun
üçün ən dəyərli insanlardan biri olarıq.

Qısqanclığımızı nifrətə çevirməyək. İnsanın həyatımızdakı rolundan
asılı olaraq ona duyduğumuz qısqanclığın bizdə yaratdığı əlavə
hislər və həmin insana qarşı duyduğumuz münasibət fərqli olur.
Məhz rəfiqəmizin bizlə eyni cinsdən olması qısqanclığımızın ona
qarşı nifrət yaratmasına səbəb olar. Bu halda rəfiqəliyimizin
pozitiv münasibətlər üzərində qurulmadığı aşkarlanar.

Qısqandığımız insan həqiqətən rəfiqəmizdirmi? Əslində "rəfiqə”
sözü nisbidir və hər kəs üçün müxtəlif mənalar kəsb edir.
Qısqandığımız şəxsin bizim üçün hansı mənanı ifadə etdiyinə
diqqət yetirək. Bəlkə rəfiqə dediyimiz insanla məcburiyyətdən,
yaxud da vaxt keçirmək istəyindən münasibət qurmuşuq? Rəfiqəmizlə
məhz nə üçün rəfiqə olduğumuzu düşünək, ilk tanışlığımızı
xatırlamağa çalışaq. Əgər ona qarşı bəslədiyimiz hislər
neqativdirsə və qısqanclıq bizə rahatlıq vermirsə, o zaman ondan
uzaqlaşmağın vaxtıdır. Bunu tək onun üçün deyil, özümüz üçün
də edək: həyatımızı sağlam münasibətlər üzərində qurmaq bizi
daha xoşbəxt edər.

Müəllif: "Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin psixoloqu

Mənbə: /Qadınlar.Biz/
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!