Psixoloq Narınc Rüstəmova: “Azərbaycanda internetdən asılılıq ciddi problemə çevrilib”

Psixoloq Narınc Rüstəmova: “Azərbaycanda internetdən asılılıq ciddi problemə çevrilib”
Xəstəliklər və müalicəsi
10.09.2017 58
Azərbaycanda internetdən asılılıq ciddi problemə çevrilib. Son zamanlar virtual aludəçiliklər bağlı psixoloqlara müraciət edən insanların sayı artıb. Bu barədə APA TV-də yayımlanan "Sosium" verilişində psixoloq  Narınc Rüstəmova deyib. Onun sözlərində görə, bu problem artıq ailələrin dağılmasına da səbəb olur: "Ailədə ünsiyyət problemi yarandığında kişi və ya qadın çıxış yolunu internetdə tapır. Sosial şəbəkələrdə öz idealını yaradır və özünü qəhrəman kimi hiss edir. Bir zaman isə ayılır ki, əslində reallıqdakı imkanlarını da itirib".
Türkiyə və bir sıra ölkələrdən fərqli olaraq Azərbaycanda həddən çox internet azadlığının olmasını da ciddi problem hesab edən psixoloq bildirib ki, internetdə dövlət səviyyəsində filtrasiyalar həyata keçirilməlidir: "İnternetdə bu qədər azadlıq doğru deyil. Zərərli informasiyaların alınması olduqca asandır. Bu gün istənilən azyaşlı uşaq 16+, 18+ saytlarına asanlıqla girə bilər. Primitiv icazələr var. "18 yaşınız varmı?" sualına "hə" cavabını verməklə uşaq sayta daxil olur. Bu imkanlar məhdudlaşdırılmalıdır".
Böyüklərdən daha çox uşaqların asılılıq baxımdan təhlükə ilə üz-üzə olduğunu deyən psixoloq valideynləri diqqətli və məsuliyyətli olmağa çağırıb: "Valideynlər vaxtının çoxunu internetdə keçirirsə, uşaqdan bunu etməməyi tələb edə bilməz. Ona görə də birinci növbədə valideynlər özlərini internetdən qismən uzaqlaşdırmalıdırlar. Uşaqlara nümunə olmaqla yanaşı, valideynlər həm də övladlarına güvən verərək zaman-zaman onların internetə girişini azaltmalıdır. Qəfil qadağa doğru addım deyil. Bu uşaqlarda aqressiya yarada bilər. Birdəfəlik məhrumetmə ən böyük səhvdir. Bunu həftə ilə, aylarla qaydaya salmaq lazımdır. Kompüter və internet birtərəfli ünsiyyət vasitəsidir. Ona görə də bəzən kompüterdən çox istifadə edən azyaşlılarda nitq qüsuru yaranır. Valideynlər bu məsələdə çox diqqətli olmalıdırlar”.  
İnternet asılılığının həm uşaqlarda, həm də böyüklərdə fiziki və psixoloji travmalar yaratdığını deyən psixoloq  Narınc Rüstəmova bildirib ki, internetdə uzun müddət vaxt keçirən insanlarda əzələlərin gərilməsi, gözlərdə quruluq, miqren tipli baş ağrıları, bel ağrıları, qida rejiminin pozulması, şəxsi gigiyenaya qarşı etinasızlıq, yuxusuzluq kimi fiziki fəsadlar da yaradır.
Araşdırmalara görə  internetdən asılılıq aşağıdakı digər problemlərin yaranmasına da səbəb olur:
- Kompüter arxasında özünü yaxşı hiss etmə və eyforiyaya qapanma;
- Kompüterdən ayrılmağın problemə çevrilməsi;
- Kompüter arxasında keçirilən vaxtın tədricən artması;
- Ailəyə, yaxınlara və dostlara qarşı etinasızlıq;
- Kompüterdən kənarda olarkən mənəvi boşluğun, depressiyanın, əsəb gərginliyinin yaranması;
- Öz fəaliyyəti haqqında işdə müdiriyyətə, evdə isə ailə üzvlərinə yalanlar uydurma;
- İş və ya təhsillə bağlı problemlərin yaranması və s.

Verlişi online izlə
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!