Otit - qulağın iltihabı

Otit - qulağın iltihabı
Xəstəliklər və müalicəsi
10.09.2017 141
Qulağın müəyyən şöbəsinin iltihabi prosesi otit adlanır. Burdan belə nəticəyə gəlmək olar ki, insanın qulağı anatomik cəhətdən bir neçə şöbəyə bölünür və hər bir şöbənin də özünəməxsus funksiyaları və xəstəlikləri vardır. Beləliklə, qulaq üç hissədən ibarətdir: xarici, orta və daxili qulaq. Xarici qulaq əsasən dəri ilə örtüldüyündən, dəriyə xas olan iltihabi proseslərə (sızanaq, furunkul və s.) burada da rast gəlmək mümkündür.



Qulağa birbaşa aid olan xəstəliklər daxili və orta otitlərdir. Daxili otitlərə az rast gəlinsə də, bu çox təhlükəli xəstəlikdir. Xəstəlik əsasən sərbəst əmələ gəlmir, daha çox orta otitin və ümumi infeksion xəstəliklərin ağırlaşması hesab olunur. Çox zaman bir və ya hər iki qulaqdan ifrazatın olması və ağrı məhz orta otitlə bağlı olur. Orta otitlər daha çox yayıldığına görə, "otit" termini işlənərkən də əksərən orta qulağın iltihabı nəzərdə tutulur.



Səbəbləri və növləri

Orta qulaq iltihabının əmələ gəlməsi tez-tez yuxarı tənəffüs yollarında baş verən iltihabi xəstəliklərlə əlaqədar olur. Qeyd etdiyimiz kimi burada da ümumi infeksion xəstəliklər, məsələn, kəskin respirator virus infeksiyası və immun sistemin zəifləməsi mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, burun-udlaqda baş verən hipertrofik rinit, adenoid və burun çəpərinin əyriliyi kimi patologiyalar da otitlərin əmələ gəlməsinə zəmin yaradır. Orta qulaq əsasən təbil boşluğundan ibarət olduğundan iltihabın bir səbəbi də bu boşluqda təzyiqin dəyişməsidir. Məsələn, suda üzərkən və ya suya baş vurarkən, hündürlüyə qalxarkən (enərkən) atmosfer təzyiqinin kəskin dəyişməsi təbil boşluğundakı təzyiqə təsir edir və nəticədə buradakı selikli qişanın zədələnməsinə və iltihabi prosesin yaranmasına səbəb olur.



Otitlər, daha çox uşaqlarda müşahidə olunur. Bu da onların burun-udlağının anatomik quruluşundan, immunitetlərinin zəif olmasından və bir sıra digər subyektiv səbəblərdən asılıdır.



Gedişinə görə kəskin və xroniki otitlər ayırd edilir. Kəskin otit dedikdə, eşitmə borusu da daxil olmaqla orta qulağın bütün hissələrində gedən iltihabi proses nəzərdə tutulur.



Simptomları

Xəstələrin şikayətləri qulaqda və qulaqətrafına yayılan ağrılar, qulağın tutulması, eşitmənin zəifləməsi, küy, temperatur və bəzən qulaq pərdəsinin deşilməsi ilə müşahidə olunan ifrazatın və irinin gəlməsindən olur. Lakin xəstədə bu göstərilən şikayətlərin hamısı eyni zamanda müşahidə olunmaya da bilər.



Diaqnostikası

Həkim bilavasitə otoskopiya etməklə təbil pərdəsinin vəziyyətinə və şikayətlərə əsasən rəy verməlidir. Əgər yuxarıda sadalanan simptomlar müşahidə olunarsa və bundan öncə xəstə soyuqdəyməyə məruz qalıbsa, o zaman diaqnozu təyin etmək çətinlik törətmir. Şikayətlərdən əlavə mütləq audioqramma aparmaq və bəzən qulaqdan yaxma götürüb mikrobları yoxlamaq lazım gəlir.



Müalicəsi

Yerli və ümumi aparılır. Yerli olaraq antiseptik məhlullar, antibiotik damcılar, ağrıkəsicilər və iltihab əleyhinə hormonlar istifadə olunur, qulağı isti saxlamaq və burun tənəffüsünü yaxşılaşdırmaq üçün tədbirlər həyata keçirilir. Ümumi şəkildə isə antibakterial terapiya, sulfanilamid preparatları və immunitetin yüksəlməsinə kömək edən vasitələrdən istifadə olunur. Bununla yanaşı, burun tutulmasına səbəb olan faktorlar  (adenoidlər, burun çəpərinin əyriliyi, allergik rinitlər və s.) varsa, onlar da aradan qaldırılmalıdır. Əgər aparılan müalicə fonunda yaxşılaşma müşahidə olunmazsa, əksinə, prosesin xronikləşməsi və beyindaxili ağırlaşma əlamətləri müşahidə olunarsa irinin cərrahi yolla xaric edilməsi vacibdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!