Qıcıqlanan bağırsaq sindromu

Qıcıqlanan bağırsaq sindromu
Xəstəliklər və müalicəsi
10.09.2017 24
Qıcıqlanan Bağırsaq Sindromu (QBS) yoğun bağırsağın funksional pozğunluğu olub bir çox əlamətləri özündə birləşdirir.   QBS zamanı qarında ağrı ilə müştərək bir-birini əvəz edən qəbzlik və ishal qeyd oluna bilər. Qıcıqlanan Bağırsaq Sindromu (QBS) həkimlərin ən çox rast gəldiyi şikayətlərdən biridir. Amma heç də QBS-i olan hər bir kəs həkimə müraciət etmir. Yalnız daha həsas və şikayətləri kəskin olan insanlar həkimə müraciət edirlər. Belə hallarda həkimə müraciət etmə alqışlanmalıdır. Çünki siz əmin ola bilərsiniz ki, şikayətləriniz digər daha ciddi patologiyadan qaynaqlanmır. QBS kişilərə  nisbətən qadınlarda daha çox rast gəlinir.



Səbəbləri

QBS-nin dəqiq səbəbini müəyyən etmək çox çətindir. QBS zamanı bağırsaqlarda heç bir patoloji struktur dəyişikliyi müəyyən edilmir. Bir neçə mümkün hesab edilən səbəblər təklif edilir, məsələn:

- Bağırsaq əzələsində hərəki pozğunluğu. Normada bağırsaq daxilindəki qidanı hərəkət etdirmək üçün yığılıb açılır. Amma bəzən bu proses sürətlənərək ishal, qaz toplanması, genişlənmə, bəzən isə zəifləyərək qəbzlik törədə bilər.

- Bağırsağın genişlənməsinə və hərəkətinə qarşı dözümlülüyün zəif olması. Bunu bəzi alimlər mərkəzi sinir sistemi ilə əlaqələndirirlər.

- Bəzi alimlər hormal dəyişikliklərin QBS zamanı əhəmiyyətli ola bilməsi inancındadırlar. QBS-dən əziyyət çəkən qadınlarda menustrasiya zamanı şikayətlərin daha da kəskinləşməsi bu ideyanı dəstəkləyir.



Əlamətləri

- Qarında ağrılar və ya sancılar

- Qarında köp

- Ağrı ilə müşayət olunan xroniki ishal

- Ağrı ilə müşayət olunan xroniki qəbzlik

- Ağrıların nəcis ifrazından sonra keçməsi

- Ürəkbulanma və qusma

- İştahanın itməsi

- Depressiya

- Nəcisdə seliyin olması



Risk faktorları

- Lifli qidaların az qəbulu

- Əsəbi və gərgin iş rejimi

- Qəbzlik zamanı işlədici dərman və vasitələrin (Laksativlərin) istifadəsi

- İnfeksion ishalın olması

- Digər qısamüddətli bağırsaq iltihabının keçirilməsi



Müayinələr

Adətən aparılan müayinələr heç bir nəticə vermir. Fəqət onların aparılması digər xəstəlikləri inkar etmək nöqteyi nəzərindən əhəmiyyətlidir. Həkiminiz aşağıdakı müayinələri təklif edə bilər:

- Kolonoskopiya

- Qarın boşluğu orqanlarının ultrasəs müayinəsi

- Qanın ümumi analizı

- Nəcisdə gizli qanın təyini

- Bəd xassəli törəmələri inkar etmək üçün qanda bəzi onkomarkerlərin yoxlanılması



Müalicə

Müalicənin əsas məqsədi əlamətlərin aradan qaldırılmasıdır. Bəzi insanlarda pehriz əlamətlərin aradan qalxmasına kömək edir. Bağırsaqları qıcıqlandıran qidaların (məsələn, kofein) qəbul edilməməsi gərəkli ola bilər.  Aşağıda göstərilən vasitələrdə QBS əlamətlərinin itməsinə gətirib çıxara bilər:

- Stresi aradan qaldıran tədbirlər, məsələn, idmanla məşğul olma

- Yeməkdən öncə antixolinergik dərmanların qəbulu

- Güclü təşviş və ya dərin depressiya zamanı dostlarla ünsiyyət

- Diarreya əleyhinə dərmanların qəbulu

- Aşağı dozalı antidepressantların qəbulu



Yadda saxlamaq lazımdır ki, QBS insanı onun bütün həyatı boyu müşayət edə bilər, amma onun yaratdığı şikayətlər müalicə vasitəsilə yaxşılaşa bilər və ya tam aradan qalxa bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!