Suçiçəyi - idarəolunmaz infeksiya

Suçiçəyi - idarəolunmaz infeksiya
Xəstəliklər və müalicəsi
10.09.2017 26
Yaz-yay ayları suçiçəyi, qızılca, məxmərək kimi yoluxucu xəstəliklərin intensiv yayılma dövrüdür. Son günlər uşaq bağçalarında, orta məktəblərdə suçiçəyinin yayılması ilə bağlı dərsə davamiyyətin aşağı düşdüyü bildirilir. Təkcə uşaqlar deyil, əhalinin nisbətən yaşlı təbəqəsi arasında da qızılcaya, xüsusən suçiçəyinə yoluxanlar barədə xəbərlər yayılır.



Yeri gəlmişkən, "Neftçi” futbol klubunun əsas hücumçusu Rauf Əliyev suçiçəyinə yoluxduğu üçün Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində oyundan kənarlaşdırılıb.



Vəziyyət kritik deyil, amma..



Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva mövsümlə əlaqədar ölkədə suçiçəyi xəstəliyinin yayıldığını, lakin vəziyyətin kritik olmadığını deyir: "Bir neçə gün əvvəl aparılan monitorinq zamanı da suçiçəyinin yayıldığı müəyyən edilib, amma bu, o demək deyil ki, vəziyyət kritikdir. Əksinə, bu ilin ilk iki ayı ərzində xəstəlik ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Suçiçəyi bizim üçün idarə olunmayan xəstəlikdir. İmmunlaşdırma tədbirləri ilə bir çox xəstəliklərin kökünü kəsmək mümkün olsa da, suçiçəyi ilə bağlı peyvəndləmə apara bilmirik.  Bizdə hələlik suçiçəyinə görə vaksin tətbiq edilmir”.



Suçiçəyinə qarşı vaksin hazırlansa da, bu, uşaqlar üçün vacib sayılan peyvəndlər siyahısına salınmayıb.



Monitorinqlər davam edir



Hazırda Gigiyena və Epidemiologiya Mərkəzi vəziyyətlə bağlı monitorinqləri davam etdirir. Afaq Əliyeva deyir ki, yoxlama zamanı müayinə aparılmaqla yanaşı, əks-epidemik tədbirlər də həyata keçirilir.  Buna görə də xəstəlik ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Xəstəlik əsasən, məktəb yaşlı uşaqlar arasında yayılır. Bu da infeksiyanın hava-damcı yolu ilə keçməsi ilə əlaqədardır.



Direktor müavininin  sözlərinə görə, soyuq aylarda suçiçəyi xəstəliyi daha sürətlə yayılır. Səbəb soyuq hava şəraitində immun sisteminin zəifləməsidir: "Ümumilikdə bu il  xəstəliklər yüngül keçir. Yüksək temperatur və çoxlu səpkilər müşahidə edilmir”.



Xəstə uşaqları təcrid eləmək lazımdır



Paytaxt poliklinikalarına da infeksion xəstəliklərlə bağlı müraciətlərin sayı artıb. 20 saylı uşaq poliklinikasının infeksionisti Fəridə Haqverdiyeva deyir ki, fevral ayından başlayaraq tibb müəssisəsinə infeksion xəstəliklərilə bağlı müraciət edənlər sayca çoxalsa da, bu, kütləvi deyil.



Son günlər isə azyaşlılar, xüsusən məktəblilər arasında infeksion xəstəliklərin artdığını deyən müsahibimizin sözlərinə görə, səbəb ünsiyyətdir. Həkim məsləhət görür ki, valideynlər xəstəliklərin simptomlarını hiss edən kimi evdə müalicəyə üstünlük versin: "Əlamətləri hiss olunan kimi uşaqları təlim-tərbiyə mərkəzlərindən uzaq tutmaq lazımdır. Bu, yoluxmanın qarşısını almaqla, sağalmanı da sürətləndirir”.



Böyüklər xəstəliyi daha ağır keçirir



Xəstəliyin simptomları və müalicə üsulları barədə Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının baş laborantı, parazitoloq Vüqar Cavadzadədən məlumat aldıq.



Müsahibimizin sözlərinə görə, xəstəliyə daha çox uşaqlar yoluxsa da, böyüklərdə də rast gəlinir və ikincilər onu daha ağır keçirir: "İnfeksiyaya ilin bütün aylarında təsadüf edilir. Amma qış-yaz ayları yoluxma intensivləşir. Yaş artdıqca insanlar xəstəliyi daha ağır keçirir, ağırlaşmalar daha çox olur”.

Vüqar Cavadzadə xəstəliyin irsən ötürülməsi fikri ilə razılaşmır: "Suçiçəyinin törədicisi III tip herpes viruslarıdır. Virusla təmasda olan şəxslər xəstəliyə tutulur. Suçiçəyinin gizli dövrü 10-21 gün, orta hesabla 14 gündür. Gizli dövrdən sonra isə xəstələrdə ümumi əlamətlər özünü büruzə verir. Uşaqlarda ilkin olaraq qızdırma, narahatlıq, iştahanın və yuxunun pozulması kimi əlamətlər olur. 2-4 gün sonra üzdə, başın tüklü hissəsində gövdə və ətraflarda qaşınan səpkilər əmələ gəlir. Səpkilər keçənə qədər xəstələr yoluxucu sayılır. Axırıncı səpkidən 5 gün sonra isə artıq xəstənin yoluxuculuq qabiliyyəti itir”.



İnfeksionist deyir ki, suçiçəyi ağırlaşmalar olmadan da sağala bilir: "Xəstələrin müalicəsi evdə, ağırlaşmalar olduqda isə xəstəxanada aparılır. Ev şəraitində xəstələrə vitaminlər, xüsusən C vitamini, antihistamin preparatlar verilir, dəri səthində əmələ gələn suluqların tez quruması üçün brilyant yaşılının (zelyonka) 1 faizli spirt məhlulundan istifadə edilir.



İkincili infeksiyalar qoşulduqda isə xəstələrə antibiotiklər təyin olunur. Suçiçəyi xəstəliyində az hallarda ağırlaşmalar müşahidə edilir. Ağırlaşmalar əsasən, ikincili infeksiyanın qoşulması nəticəsində meydana çıxır. Laringit, otit, bronxit, pnevmoniya, hətta sepsis kimi ağırlaşmalara da rast gəlinir.  Bəzi hallarda virus mənşəli meninqoensefalitlərə də təsadüf olunur. Ağırlaşmalarsız 1-2 həftə ərzində xəstə sağalır".

İkinci dəfə də yoluxmaq mümkündür



Həkimin sözlərinə görə, xəstəlikdən sonra insanda immunitet yaranır. Nadir hallarda təkrar xəstələnmə də mümkün hesab olunur. Yəni bəzi şəxslər bu xəstəliyə nadir hallarda ikinci dəfə tutulur ki, bu da tez-tez infeksion xəstəliklərə yoluxanların immunitet zəifliyi səbəbindən baş verir.



Həkimlər xəstəliyə yoluxmuş şəxslərin iki vacib qaydaya əməl etmələrini məsləhət görür. Birincisi soyuqdan qorunmaq, ikincisi isə gigiyenik qaydalara diqqət etməkdir.



Xəstənin alt paltarlarını hər gün, yataq dəstlərini isə 2 gündən bir dəyişmək lazımdır. Dırnaqları qısa kəsmək, əlləri tez-tez yumaqla virusun çoxalmasının qarşısını almaq olar. Hər qida qəbulundan sonra ağız boşluğunu yaxşıca qarqara etmək, yataq otağının havasını tez-tez dəyişmək vacibdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!