Bitişmələr - sonsuzluğun səbəbi

Bitişmələr - sonsuzluğun səbəbi
Xəstəliklər və müalicəsi
10.09.2017 11
İnsanın qarın boşluğunda və kiçik çanaqda yerləşən daxili orqanlar hərəkətlidir.



Bu hərəkətlilik orqanların normal fəaliyyətini təmin edir. Belə ki, bağırsaqların hərəkətliliyi onların normal boşalmasını təmin edir, uşaqlıq borularının hərəkətliliyi yumurta hüceyrəsinin bura düşməsini təmin edir və s. Bu hərəkətlilik pozulduqda, orqanın normal fəaliyyəti də pozulur.



Bəzən sonsuzluğun müalicəsinə görə həkimə müraciət edən cütlükdə heç bir ciddi patologiya aşkar olunmur - spermoqramma, hormonal analizlər, ovulyasiya və s. norma daxilindədir, lakin hamiləlik baş tutmur. Bir çox hallarda bunun səbəbi qadının kiçik çanağında olan bitişmələr olur.



Hal hazırda ginekologiyada bitişmə xəstəliyinə çox tez-tez təsadüf edilir. Bitişmə xəstliyi zamanı nə baş verir? Müxtəlif səbəblərə görə (infeksiya, travma, əməliyyat və s.) uşaqlıq borularının ətrafında birləşdirici toxuma əmələ gəlir, uşaqlıq boruları uşaqlığa, yumurtalığa, çanağın divarlarına bitişir ki, bu uşaqlıq borularının hərəkətliliyini pozur. Uşaqlıq borularının normal hərəkətliliyi hamiləliyin baş tutması üçün çox vacibdir.



Ovulyasiya zamanı yumurta hüceyrəsi yumurtalıqdan çıxdıqda uşaqlıq borusu onu tutur. Daha sonra uşaqlıq borusunun ampulyar hissəsində mayalanma (yumurta hüceyrəsinin və spermatozoidin birləşməsi) baş verir. Mayalanmış hüceyrə uşaqlıq borusu ilə hərəkət edərək uşaqlığa çatır və burada implantasiya edir (uşaqlığın divarına yapışır). Beləliklə, uşaqlıq borusu hərəkətsiz və ya özünə xas olmayan vəziyyətdə olarsa (uşaqlığa və ya yumurtalığa bitişmiş vəziyyətdə) yumurta hüceyrəsini bura düşməyəcək. Bu isə mayalanmanın və nəticəsində hamiləliyin baş verməsinə mane olacaq.



Bitişmələr tək uşaqlıq borularının ətrafında deyil, borunun daxilində də əmələ gələ bilər. Bu halda borunun mənfəzi bağlı olur və boru mayalanmada iştirak edə bilmir.



Bitişmələrin səbəbləri:



- kiçik çanaq orqanlarının iltihabları. Buna uşaqlıq, yumurtalıqlar və periton qatının (qarın boşluğu divarlarını və üzvlərini örtən seroz qişa) iltihabları aiddir.



Belə iltihabların səbəbləri arasında: uşaqlıq daxili "spiral"lar, abort, cinsi yolla keçən infeksiyalar (xlamidioz, ureaplazmoz, trixomoniaz, mikoplazmoz, süzənək).



İltihab zamanı kiçik çanaqda peritonun üzərində fibrin əmələ gəlir. Bu xüsusi maddə yaxında yerləşən toxumaları sanki biri birinə yapışdırır ki, iltihab daha da yayılmasın. Bu orqanizmin qoruyucu mexanizmidir. Daha sonra bu yapışmış toxumaların arasında bitişmələr yaranır.



- qarın boşluğu orqanların iltihabı (məsələn, appendisit). Bir çox hallarda məhz keçirilmiş appendisit qadınlarda kiçik çanaqda bitişmələrə səbəb olur.



- travmalar, cərrahi əməliyyatlar. Uşaqlıqdan kənar hamiləlik, yumurtalığın yırtılması (apopleksiya), qadın cinsiyyət orqanlarında aparılan müxtəlif əməliyyatlar, peritonun travmaları nəticəsində kiçik çanaqda bitişmələr əmələ gələ bilər.



- endometrioz xəstəliyi zamanı normada yalnız uşaqlığın daxilində olan toxuma (endometrium) uşaqlıqdan "çıxaraq" digər yerlərə yayılır və bu da bitişmələrin əmələ gəlməsinə səbəb olur.



Təbii ki, qarın boşluğunun və kiçik çanağın istənilən iltihabları bitişmələrə səbəb olmur. Müalicə vaxtında başlandıqda və düzgün aparıldıqda, bitişmələrin əmələ gəlməsi riski azalır.



Beləliklə, bitişmə xəstəliyi sonsuzluğa səbəb ola bilər. Bu səbəbdən sonsuzluğa görə müayinədən keçən qadında xəstəlik də istisna olunmalıdır.



Ginekoloq adi gikekoloji müayinə zamanı bitişmələrdən şübhələnə bilər - müayinə qadında ağrılara və xoşagəlməz hisslərə səbəb olur, kiçik çanaq orqanları azhərəkətlidir və s. Diaqnozun dəqiqləşdirilməsi üçün qadın cinsi yolla keçən infeksiyalara yoxlanmalı, USM-dən, lazım olduqda MRT-dan keçməlidir. Laparoskopiya bitişmələrin diaqnostikasında ən dəqiq müayinə metodu sayılır. Qadının qarın boşluğunda kiçik kəsiklər aparılır və bu kəsiklərdən laparoskop (videokamera ilə təchiz olunmuş nazik borucuq) və xüsusi alət daxil edilir. Görüntülər monitora ötürülür və həkim xəstəyə dəqiq diaqnoz qoyur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!