Depressiya - ağır pozulma

Depressiya - ağır pozulma
Xəstəliklər və müalicəsi
10.09.2017 15
Depressiya,
gündəlik hadisələr nəticəsində yaşanan kədər və qəmdən fərqli olaraq,
fərdin əhval ruhiyyəsinə uzun müddət təsir göstərən, ətraf tərəfindən
hiss edilən psixi problemdir.

Depressiyanın
əsas xüsusiyyətləri: pessimizm, halsızlıq, çarəsizlik və həyatdan zövq
almamaq. Depressiv şəxslərdə dəyərsizlik hissi, heç bir işdə bacarığının
fərqinə varmama, gələcəklə bağlı ümidsizlik, özgüvən əksikliyi kimi
əlamətlər üstünlük təşkil edir. Məsələn: fərd öz işində uğursuz
olacağına, ailəsini məmnun etməyəcəyini düşünür, sağlamlığıyla bağlı
təşviş keçirir, mütəmadi olaraq hər problemdə özünü günahlandırır,
gündəlik hadisələrə qarşı laqeyd yanaşır, həyatdan zövq almır. Bütün
bunlar depressiya zamanı tez-tez rastlanan simptomlar siyahısındadır.
Depressiyada olan insanda ümidsizliklə yanaşı həyatın yaşamaq üçün
yararlı olmadığı düşüncəsi intensiv şəkildə təkrarlanır. Belələri adətən
bu tip simptomları müəyyən fiziki xəstəliklə əlaqələndirir və nəticədə
psixoloji dəstək almaq müddətini uzadırlar. Zaman keçdikcə fərdin
ümidsizliyi daha da dərinləşir, nəticədə bəzən o tək çıxış yolunun
intihar olduğunu düşünür. Terapiyaya tabe olmayan və olmaq istəməyən
pasiyentlərin 15%-də intihar göstəriciləri yüksəkdir.

Ağır
dərəcəli depressiyada insanın hərəkətlərində, yerişində və nitqində
müəyyən gecikmələr diqqəti cəlb edir. Depressiyanın fiziki simptomları
arasında yuxusuzluq, iştahsızlıq və çəki itkisi, qəbzlik, cinsi istəyin
azalması, mensturasiya tsiklinin pozulması qeyd olunur. Unutqanlıq və
konsentrasiya olmama da xüsusilə fərqlənən simptomlar şəklində tez-tez
müşahidə olunur.

Depressiyanın növləri

Atipik
depressiya: bu tip insanlarda müsbət situasiyalarda ümumi
vəziyyətlərində keçici proqres müşahidə olunur. Onlarda iştahın və yuxu
tsiklinin artması, bilavasitə halsızlıq qeyd olunur.

Təşvişli
depressiya: hədsiz dərəcədə narahat, hərəkətli və təşvişli
vəziyyətlərdə olurlar. Nəticədə psixoloq tərəfindən pasiyent ilə
münasibətin qurulmasında çətinliklər müşahidə olunur. Onlarda
yuxusuzluq, iştahsızlıq, çəki itkisi, hərəkət və davranışın ləngiməsi
olur.

Psixotik
depressiya: ağır depressiv vəziyyətdə pasiyent funksionallığını
tamamilə itirir. Qidalanma və özbaxımda hədsiz dərəcədə pozuntular olur.
Yanaşı olaraq sayıqlama (yanlış və dəyişdirilməyən inanclar) və
hallüsinasiyalar (qavrama pozuntusu) müşahidə olunur. Pasiyent
əhəmiyyətli və çarəsi olmayan xəstəliyə tutulduğunu, mal-mülkünü
itirdiyini, dəhşətli cinayət törətdiyini və günahkar olduğunu iddia
edir, eyni zamanda buna inanır.

Postnatal
depressiya: zahılıq dövründə mütəmadi təsir göstərən psixoloji səbəb
olmadan başlayan ciddi depressiv vəziyyətdir. İnsan yaşadığı çarəsizlik
duyğusuna görə uşağa baxa bilmir, daha ağır hallarda isə həm özünə, həm
də uşağa xətər yetirə bilər.

Mövsümi
depressiya: əsasən yeniyetmələrdə müşahidə olunan vəziyyətdir,
təkrarlanan depressiv mərhələlər əsasən eyni fəsildə, xüsusilə də qış
aylarında ortaya çıxır.

Depressiya diaqnozu necə qoyulur?

Depressiya
diaqnozu mütləq şəkildə mütəxəssis tərəfindən qoyulmalıdır.
Depressiyanın hepatit, böyrək çatışmazlığı, avitaminoz, parkinson
xəstəliyi kimi müxtəlif fiziki xəstəliklərlə əlaqəli inkişaf edən
formalarından başqa, psixiatrik xəstəliklərdən (altsheymer,
təşvişli-nevrotik pozuntu) fərqləndirilməsi əhəmiyyəli məqamdır.
Depressiv şəxslərdə ikincili simptomatika kimi fizioloji xəstəliklərə
rast gəlinə bilər. Buna görə də psixiatr iki simptomatikanı
fərqləndirmək məqsədiylə lazım olduğu təqdirdə qan analizi, MRT tələb
edə bilər.

Depressiya və intihar

İntihar
xüsusi əhəmiyyət daşıyan sağlamlıq problemidir. İnkişaf etmiş ölkələrdə
intihar statistik cədvəllərə əsasən 5-ci ən çox rastlanılan ölüm səbəbi
kimi göstərilir. İntihar davranışı təbiidir, insanın ətrafında baş
verənlərə qarşı verdiyi real reaksiyadır. İntihar nəticəsində həyatını
itirən insanların 70%-i hadisə öncəsində depressiv vəziyyətdə
olanlardır. Depressiya xəstələrinin 15%-nin intihar səbəbiylə dünyasını
dəyişdiyi fikri müxtəlif tədqiqatlarla öz təsdiqini tapmışdır.
Depressiyanın effektiv şəkildə terapiyası bu ehtimalı müəyyən şəkildə
azaldır. İntihar fikirli depressiv xəstələrin psixoloq tərəfindən
müşahidə altında saxlanılması, onu bu ehtimaldan uzaqlaşdırır. Hansı
səbəbdən qaynaqlanmasından asılı olmayaraq intihar cəhdi və düşüncələri
mütləq şəkildə nəzərə alınmalı və psixoloqa müraciət edilməlidir. Bəzi
hallarda pasiyent stasionar müalicəyə cəlb olunmalıdır.

Depressiya daha çox kimdə müşahidə olunar?

Depressiya
iradə zəifliyinin nəticəsi deyil. Aparılan tədqiqatlar cəmiyyətin
25%-nin həyat müddətində ən az bir dəfə depressiya diaqnozu qoyulacaq
bir keçid dönəmi keçirdiyini göstərir. Bu miqyas qadınlarda kişilərə
nisbətən 2 dəfə daha artıqdır. Real sübutları nəzərə almaqla
depressiyanın beyin xəstəliyi olduğunu dəqiq şəkildə qeyd edə bilərik.
MRT kimi beyin strukturunu göstərən bir çox üsul vasitəsilə depressiyada
beynin insanın duyğularını, qərar vermə və düşünmə bacarıqlarının
fəaliyyətini təmin edən mərkəzlərin funksionallığında pozuntulara rast
gəlinmişdir. Depressiyadakı şəxslər xüsusilə ilk depressiv atakdan əvvəl
intensiv şəkildə mənfi hadisə yaşayıblarsa, bu zaman ortaya çıxan
depressiv epizod həmin hadisənin mənfi nəticəsi kimi düşünülməməlidir.

Eyni
zamanda bir çox depressiya xəstəsinin anamnezində hər hansı təhlükəli
və qorxu yaradan situasiyanın yanaşıldığı düşüncəsi absurd fikirdir.
Depressiyada əhəmiyyətli faktorlardan biri isə genetik meyilliliyin
olmasıdır. Yəni ailədə kimsə depressiya keçiribsə, genetik bağlılığı
olan şəxsin depressiyaya meyilli olması yüksək faiz nisbəti ilə qeyd
olunur. Bu da müxtəlif halların, ətraf və somatik faktorların (iş,
status, pul itkisi, yaxın adamlardan birinin itkisi, ailə problemləri,
həyatındakı uğursuzluqlar), həyati əhəmiyyət daşıyan xəstəliklər
(onkoloji xəstəliklər), beyin xəstəlikləri (beyin qanaxması, parkinson
xəstəliyi), alkoqol və maddə istifadəsi (müxtəlif dərmanlar və narkotik
maddələr) depressiyaya gətirib çıxardığını sübut edir.

Depressiyanın terapiya üsulları

Depressiya,
ilkin olaraq serotonin olmaqla beyindəki müxtəlif neyrotransmitterlərin
funksionallığına təsir göstəririr. Terapiya bu maddələrin beyindəki
funksiyalarının tənzimlənməsinə yönəlir. Depressiya korreksiya
olunmadığı təqdirdə təxminən 6-18 ay davam edir. Son tədqiqatlar bu
müddətin pasiyentlərin 30%-də 2 ildən artıq olduğu qənaətini
təsdiqləyir. Lakin depressiya doğru terapiya olunduqda bu müddət 2-3 ay
müddətlə məhdudlaşır. Depressiv dönəmdə pasiyentin ailə, iş və sosial
həyatında ciddi bacarıq itkisi yaşayacağı düşünüldükdə erkən diaqnoz və
terapiyanın əhəmiyyəti bir daha sübuta yetilir. Depressiya terapiyasında
əsas məqsəd, pasiyentin xəstəlik öncəsi sağlam həyatına tamamilə
qayıtmasını təmin etməkdir. Mövcud terapiyalar ilə pasiyentlərin 80%-də
nəzərə çarpan korreksiyalar həyata keçirilir.

Psixoterapiya

Psixoterapiyanın
depressiyada olan insanın müalicəsində yüksək effektivliyə malik
olduğuna dair tədqiqatlar aparılmışdır. Effektivliyi elmi olaraq
təsdiqlənmiş yanaşmalar koqnitiv-bihevioral terapiya və interpersonal
terapiyadır. Müalicə müddəti 6-12 seansı əhatə edir.

Pasiyentin ailə üzvlərinə və yaxınlarına tövsiyələr

- Depressiya xəstəlikdir, bu səbəbdən də yaxınınızı davranış və düşüncələrinə görə günahlandırmayın.

- Mütəxəssisə pasiyent haqqında lazımi məlumat verməyə xüsusi fikir verin.

- Onları terapiyaya yönəltməyə cəhd edin.

- Xəstəliklə bağlı mühakimələr yürütməyin.





Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!