Uşaqlarda onurğa sütunu əyrilikləri

Uşaqlarda onurğa sütunu əyrilikləri
Xəstəliklər və müalicəsi
10.09.2017 27
Müayinə
zamanı uşağınızın onurğa sütununda hər hansı bir patoloji əyrilik aşkar
edilərsə, onu tezliklə müalicə etmək məsləhət görülür. 



Onurğa
sütununun əyriliyi müxtəlif səbəblər nəticəsində baş verə bilər. Erkən
yaşlarda keçirilmiş raxit xəstəliyi onurğa sütunu əyriliklərinin ən çox
təsadüf edilən səbəblərindən biri hesab edilir. Körpələrdə raxitin
profilaktikası – düzgün (yaxşı olar ki, təbii) qidalanma, günəş
vannaları, müalicəvi idman və masajdan ibarətdir. Raxit xəstəliyinin
əsas əlamətləri – tərləmə (uşaqda əsasən baş hissə çox tərləyir), uşaqda
olan narahatlıq hissi və s. Bu əlamətlər olduğu halda, müayinə və
müalicə təyin edilməsi məqsədi ilə mütləq pediatra müraciət etmək
lazımdır. Raxitin müalicəsi vaxtında başlanarsa, sümük və əzələlərdə
struktur dəyişiklikləri baş verməyəcək. 



Kiçik
yaşlı uşaqlarla onurğa sütununun sağa və sola əyilməsi bir çox digər
hallarda da baş verə bilər. Məsələn, uşağı həmişə qucağınızda eyni
tərəfdə gəzdirirsinizsə, uşaq hələ sərbəst oturmağı bacarmadığı zaman
onu yasdıqlara söykədib otuzdurursunuzsa, uşağı erkən olaraq ayaq üstə
dayandıraraq onu gəzdirməyə çalışırsınızsa, gəzinti zamanı hər dəfə onun
eyni əlindən tutursunuzsa, yumşaq yataqda yatızdırırsınızsa və s.
hallarda. 



Xüsusilə
zəifləmiş (vaxtından qabaq doğulmuş, tez-tez və uzun müddət xəstələnən)
uşaqlarda göstərilən hallarda onurğa sütunu daha asanlıqla əyilir.
Təəssüf ki, müasir uşaqların əksəriyyəti, demək olar ki, iməkləmir,
oturaq vəziyyətdən birbaşa addımlamağa keçirlər. Lakin məhz iməkləmə bel
əzələlərini çox yaxşı möhkəmləndirərək iri yaşlarda onurğa sütununun
əyilməsinə qarşı profilaktik tələbat hesab edilir. Buna ğörə də
valideynlər hər vasitə ilə uşağı iməkləməyə meylləndirməlidirlər. 



Məktəb
yaşlı uşaqlarda düzgün oturma bacarığı olmadığından, onların onurğa
sütunu bir çox hallarda deformasiyalara məruz qalır. Əksər hallarda
onlar çiyinlərini sallayaraq, ayağını sağrısının altına qoyaraq çanağın
bir tərəfini qaldıraraq, bəziləri əllərini stulun arxasına keçirərək,
bədənini yana çevirərək və s. düzgün hesab edilməyən vəziyyətlərdə
otururlar. Bütün bunlar qeyri-düzgün oturaq vəziyyətləri hesab edilərək
onurğa sütununun əyriliyinə gətirib çıxara bilər. 



Uşağın
qeyri-düzgün vəziyyətdə oturmasına səbəb, məsələn, xeyli meylli şəkildə
sağa və ya sola qoyulmuş dəftər ola bilər. Ona görə də dəftərin düzgün
istiqamətdə qoyulmasına da fikir verin. Yazı yazarkən qollar dirsəyə
qədər stolun üstündə olmalıdır. 



Bəzən
uşağın ev tapşırığı yazarkən stol arxasında düzgün oturmamasına səbəb
mebelin onun boyuna uyğun gəlməməsi də ola bilər. Boyu 130-139 sm olan
məktəbli üçün stolun hündürlüyü 62 sm, stulun hündürlüyü isə 38 sm
olmalıdır. Məktəblinin boyu 140-149 sm olarsa, stolun hündürlüyü 68 sm,
stulun hündürlüyü isə 41 sm olmalıdır. Əgər stol uşağa görə çox
hündürdürsə, stulun üstünə qalın taxta parçası, ayaqlarının altına isə
kiçik taburet qoyulmalıdır. 



Uşağın qolları dirsəyə qədər onun üzərində rahatlıqla yerləşə bilməsi üçün, stol kifayət qədər geniş olmalıdır. 



Yazı
yazarkən otağın kifayət qədər işıqlı olmaması səbəbindən də uşaq dəftər
üzərinə daha çox əyilə bilər. Uşağın rahatlığı üçün ona 40-50 vt
gücündə lampası olan abajurlu stolüstü lampa (yaşıl rəngdə olması daha
məsləhətdir) almaq daha yaxşı olar. İşığın soldan düşməsinə də şərait
yaratmaq lazımdır. 



Əgər
stol və stulun ölçülərinin uşağın boyuna uyğun olması və işıqlanmanın
da normal şəkildə verilməsinə baxmayaraq, uşaq oxuyarkən və ya yazı
yazarkən yenə də qabağa xeyli əyilirsə, onu mütləq göz həkiminə
göstərin. Həkim uşaqda görmə qabiliyyətini müayinə edərək, yazı yazarkən
və ya oxuyarkən qabağa əyilmənin səbəbinin yaxıngörmə – miopiya
olub-olmamasını yoxlaya bilər. Görmə qabiliyyəti çatışmazlıqlarının
vaxtında aradan qaldırılması gələcəkdə bel donqarı baş verməsinin
qarşısını almış olar. 



Uşaq
yazarkən və ya oxuyarkən onun stol arxasında düz oturmasına da nəzarət
etmək lazımdır. Düzgün vəziyyətdə döş və qarın hissələr sıxılmamalı,
ayaqlar düzbucaq altında bükülməli, pəncələr döşəməyə və ya kiçik
taburetə, uşağın düz vəziyyətdə saxlanmış bədəni isə stulun
söykənəcəyinə dayadılmalıdır. Stul da stola yaxın olmalıdır. 



Uşağın
onurğa sütunu və döş qəfəsi formalarının dəyışılməməsi, deformasiya
olunmaması üçün onun ayaq üstə olarkən də düzgün duruşuna diqqət
yetirmək lazımdır. Bəzi uşaqlar bir ayağını kənara çəkib dizini
qatlayaraq o biri ayağının üzərində durur, bəziləri isə qarnını irəli
verməklə onurğasını əyir. Qızlar isə bir çox hallarda çiyinlərini qabağa
verib bədənlərini önə doğru əyirlər. 



Uşağın
düzgün fiziki inkişafı – onurğa sütunu əyriliyinin gözəl
profilaktikasıdır. Bunun üçün uşaq təmiz havada çox olmalı, qaçmalı,
hərəkətli oyunlarda, gəzintilərdə iştirak etməlidir. Hər bir uşaq hər
gün səhər idmanı etməlidir. Bu, bədənin müxtəlif əzələ qruplarının
kifayət qədər möhkəmlənməsinə və qamətin düz olmasına kömək edir. 



Su
da möcüzələr etməyə qadirdir. Üzgüçülüklə məşğul olmaq bütün bədən
əzələlərini, tənəffüs və ürək-damar sistemini möhkəmləndirir, bədənin
müqavimətini artırır, habelə bəzi hallarda onurğa sütununda olan
problemləri də aradan qaldırır. 



Ürək-damar
və tənəffüs sistemi xəstəlikləri olan uşaqların valideynləri onları
həddən artıq dərəcədə qoruyaraq, qaçmağı, tullanmağı, idmanla məşğul
olmağı da onlara qadağan edirlər. Lakin bu, uşağın ümumi fiziki
inkişafına və o cümlədən, onurğanın vəziyyətinə də mənfi təsir göstərir.
Bu məqsədlə xəstə uşağın valideynləri ona hansı idman hərəkətləri
etməyin xeyirli ola biləcəyi barədə həkimdən məsləhət almalıdırlar. 



Uşaqda
normal qamətdən kiçik kənaraçıxmalar olarsa, başlanğıcda onları sadə
fiziki idman hərəkətləri ilə aradan qaldırmaq olar. Bu haqda təcrübəli
həkim-ortopedlər və ya masajistlər sizə dəyərli məsləhətlər verə bilər.
Müalicəvi masaj, həmçinin uşağın onurğa sütununun düzgün formada
qalmasına köməklik edən xüsusi korsetlərin geyilməsi də yaxşı effekt
verir. 



Bədən
tərbiyəsindən başqa, məktəb yaşlı uşaqlarda onurğa sütunu
əyriliklərinin qarşısını almaq üçün onlara düzgün tədris və istirahət
rejimi yaratmaq lazımdır. Əgər uşaq uzun müddət hərəkətsiz vəziyyətdə
qalırsa, bu, onurğa sütununa da mənfi təsir göstərir. Şifahi və yazı
tapşırıqlarını növbələşdimək lazımdır. Məktəb məşğələləri ilə ev
tapşırıqlarının yerinə yetirilməsi arasında da kifayət qədər vaxt
keçməlidir. Belə ki, birinci növbə oxuyan uşaqlar məktəbdən qayıtdıqdan
sonra nahar etməli, 2-2,5 saat təmiz havada gəzməli, oynamalı və yalnız
bundan sonra ev tapşırıqlarını yerinə yetirməyə başlamalıdır. Yerinə
yetirilən tapşırıqlar arasında uşağa müəyyən fasilələr vermək də xeyirli
hesab edilir. Məsələn, dərsin hər hansı bir hissəsini yerinə
yetirdikdən sonra, uşaq bir qədər oynamalı sonra yenə də hazırlığını
davam etdirməlidir. 



Uşağın
yatağı da rahat olmalıdır. Bu zaman yataq çox yumşaq deyil, bir qədər
bərk olmalıdır. Bu baxımdan müasir ortopedik döşəklərə üstünlük verilir.
Uşağın yastığı həddən artıq hündür və yumşaq olmamalıdır. Onun
yastığının nazik və düzbucaq şəklində olması daha məsləhətlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!