Aqressiya

Aqressiya
Xəstəliklər və müalicəsi
10.09.2017 17
Aqressiya həyatı çətinləşdirən bir hiss olsa da, insan hər zaman onu öz
iradəsi altına almağı bacarmır. Nəticədə haqlı olduğu məqamlarda haqsız
vəziyyətə düşmək, digər insanlar arasında qaraqabaq və hirsli biri kimi
tanınmaq, insanların ünsiyyət çevrəsindən uzaqda qalmaq qaçılmaz olur. 
Aqressiv insanlar bəzən başqaları tərəfindən "partlayan bomba"
təəssüratı yaradır və onlarla söhbət etmək istəyənlər demək olar ki,
çəkinir. Söhbətə meyl etmir. Bu cür insanlar bir müddət sonra
aqressiyaları ilə baş-başa qalır, partlamağa adam tapmadıqları üçün
artıq normal hərəkət və hadisələrə qarşı aqressiv çıxışa başlayırlar.
Zaman keçdikcə tamamilə dözülməz insan olan aqressivlərin tənha qalması,
depresiyaya düşməsi isə an məsələsi olur.

Aqressiya sadəcə insanın özünə ziyan vermir. Eyni zamanda,
qarşındakı insanın qırılmasına, münasibətlərin korlanmasına, kütlə
arasında seçilib barmaqla göstərilməyə də səbəb olur. İnsan
sağlamlığını, bununla yanaşı iş qabiliyyətini zəiflədən aqressiya
əslində idarə olunandır. Lakin bunun üçün insan bir növ çalışmalı, özü
bunu istəməlidir.

Aqressiya kənardan adi bir əsəb kimi görünsə də, əslində insanın
sağlamlığına ciddi ziyan vurur. İlbəil daha da şiddətlənən və davam edən
bu hissin nəticəsi olaraq insanda yuxusuzluq, unutqanlıq, normadan
artıq qida qəbul etmək və ya tamamilə qidadan kəsilmək, diqqət
pozğunluğu, iş və dərs performansının zəifləməsi yaranır. Zehni
zərbələrlə yanaşı fizioloji zərbələr də var ki, bunlar da təzyiqin
qalxması, nəbzin sürətli vurması, ağır nəfəs ala bilmək, əzələ ağrıları,
baş və boyun ağrılarıdır. Aqressiya eyni zamanda davranış pozğunluqları
da meydana gətirir. Siqaret çəkən insanların siqareti daha da
artırması, içkiyə qurşanması, hirsini soyutmaq üçün müxtəlif dərmanların
istifadəsi, ətrafındakı insanlara qarşı qeyri-ixtiyari kobud və qırıcı
olmaq da aqressiyanın verdiyi nəticələrdəndir.

Psixoloq Emil Behrudinin sözlərinə görə, insan aqressiyasını özü
idarə edə bilər. Yetər ki, o, aqressiv olduğunun fərqində olsun və
onunla mübarizə aparmaq istəsin. Əgər insan öz aqressivliyini hiss
etmirsə, ona "çox aqressivsən" demək heç bir işə yaramayacaq: "Aqressiv
insanların əksəriyyəti qərarsızdır. Onlar hadisəyəmi, yoxsa hadisənin
nəticəsinəmi aqressivdirlər, bunu aydınlaşdıra bilmirlər. Bəlkə də
aqressiv davrandıqları, fikir yürütdükləri hər hansı bir məsələ heç də
onları qıcıqlandırmır. Səbəb tamamilə başqadır və bunu özləri belə
bilmirlər. Aqressiyanı idarə edə bilməməyin səbəblərindən biri də günahı
özündə görə bilməməkdir. Demək olar ki, bütün kəskin aqressiv olan
insanlar səbəbi başqalarında, ikiüzlü dostlarında, yalan deyən
qohumlarında, səhv hərəkət edən çevrəsində görür. Lakin unutmayaq ki,
heç kim insana sən əsəbləş, aqressiv ol deyə təzyiq göstərmir. Hər hansı
bir hadisəyə normadan artıq reaksiya veririksə, əsib-coşuruqsa, bu,
bizim seçimimizdir və biz özümüzə təlqin edə bilərik ki, sakit olmaq, bu
məsələyə başqa prizmadan yanaşmaq olar. Əksər insanlar aqressiyanı
boğmağı susmaq, haqqının tapdalanmasına izin vermək, göz görə-görə haqqı
nahaqqın ayağına verilməsinə izn vermək kimi başa düşür, halbuki
aqressiyanı boğmaq bu deyil. Fikrini və sözünü demək, lakin deyərkən
seçilən sözlərə, səs tonuna diqqət yetirməkdir. Belə olan halda insanın
dediyi daha çox diqqətə alınır, insan özü dediyi kəlmələrin ağırlığını
və mənasını dərk edir, qarşı tərəfə sakit bir tonla müracət etmək daha
effektli olur".

Psixoloq deyir ki, aqressiv insanların ən çox yaxınlarını
incitdikləri də bir faktdir. Belə insanlar iş mühitində sakit olduqları
halda o günün bütün aqressiyasını evə gətirib ən yaxınlarına qarşı silah
kimi istifadə etmək aqressivlərin çoxunda görülən bir haldır: "Çox belə
insanla qarşılaşmışam, hansı ki, valideyni övladının dikbaşlığından,
yersiz aqressiyasından əsəbləşir, amma uşaq mühiti dəyişən kimi tamamilə
yenilənir, sakitləşir. Bu, yaşından asılı olmayaraq bütün insanlara
aiddir" deyən həmsöhbətimizin sözlərinə görə, buna görə, aqressiv
insanlarla münasibət qurmaq da olduqca çətinləşir. Onların hansı mühitdə
necə davranacaqlarını bilmək çox çətin olur. İnsan əsəbi olduğu zaman
orqanizmin işləmə mexanizmi tamamilə dəyişir. Düşünmə, qərar vermə,
mühakimə etmə qabiliyyəti tamamilə dəyişir. "Buna görə, aqressiv
insanlar sakitləşdiyi zaman aqresiyasından geriyə utanc və peşmanlıq
duyğuları qalır. Əsəbi insanın əsəbinə əsəblə cavab vermək vəziyyəti
daha da gərginləşdirir. Belə olan halda aqressiv insanın sonradan utanc
və ya peşmanlıq keçirməsi üçün heç bir səbəb qalmır. Halbuki insanın
özünü idarə edə bilməsi, aqresiyasını idarə altına ala bilməsi üçün onun
aqresiyasının boşa olduğunu göstərmək lazımdır. Əsəbləşdiyində
qarşısında susaraq, dediyi bütün acı kəlmələrə cavab qaytarmayaraq,
hərəkətlərindən asılı olmayaraq yenə də ona hər zamanki kimi davranaraq o
insanlarda utanc yaratmaq ən doğru yoldur".

Aqressiv insanlar əsəbləri yerində olanlara nisbətən hadisəni
ikiqat gec və çətin qavrayırlar. Belə olan halda, onların da hadisənin
məğzini düzgün başa düşməsi üçün zaman vermək lazımdır. Haqlı olduğunuz
halda bu haqlılığı davamlı ona göstərmək problemi çözsə də bir müddət
sonra mübahisə yenidən baş qaldıracaq. Vacib olan aqressiv insanlarla
ünsiyyət zamanı haqlı çıxmaq deyil, onları da haqlı olduğunuza sakit bir
formada inandırmaqdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!