Dərdin ən böyük dərmanı,təsəlli

Dərdin ən böyük dərmanı,təsəlli
Xəstəliklər və müalicəsi
10.09.2017 29
Bədbəxt hadisələrdən heç kim sığortalanmayıb



Hamımız
kədərlənir, bitməz dərdlə üzləşir, həyatın məhv olduğunu nə vaxtsa hiss
edirik. Sadəcə, bəzilərimiz bunu asan qəbul edir və tez özümüzə gəlirik,
bəzilərimiz isə gec və hətta heç vaxt.



Psixoloq Arzu
Qurbanovanın sözlərinə görə, dərd - insanın hansısa bir itkidən sonra
göstərdiyi reaksiyadır. Dərd çəkməyin dörd mərhələsi var: "Dərdin hiss
olunduğu ilk mərhələ şok mərhələsidir. Şok ağır ruhi sarsıntı və ya
bədənin ağır zədələnməsi nəticəsində orqanizmin funksiyalarının ümumi
pozuluşudur. Şok mərhələsi bir neçə saniyədən bir neçə həftəyə qədər
uzana bilər. Bu mərhələdə insan baş verənlərə inana bilmir. O bu dövrdə
hissiyyatsız, az hərəkətli olur. Lakin bəzi anlarda hiperaktivlik
müşahidə olunur. İlkin mərhələdə həm də insanın iştahı itir, yuxusu
pozulur".



İkinci
mərhələdə isə insan dərd çəkməyə başlayır. Bu, 6 həftədən 7 həftəyə
qədər davam edir. İnsan dərdini anlayır və dərd çəkməyə başlayır. Bu
zaman insanda diqqətin zəifləməsi, yaddaşın və yuxunun pozulması
müşahidə olunur. İnsan daim narahat olur, tənhalığa meyl edir, özünü
əzgin hiss edir. Bu mərhələdə mədədə ağrılar da başlaya bilər. Əgər bu
mərhələ yaxın insanın itirilməsi ilə əlaqədardırsa, bu mərhələdə o, ölən
insanı ideallaşdıra, yaxud da əksinə, ona qarşı qəzəb hiss edə bilər.
İnsan ölənə qarşı günahkarlıq hissi də keçirir. Hansısa sözləri deyə
bilmədiyi üçün üzülür, vaxtın keçdiyini və heç nəyi geri qaytara
bilməyəcəyini dərk edərək ümidlərini itirir.



Dərdi qəbul
etmə mərhələsi isə baş verən hadisədən bir il sonra baş verir. Bu zaman
yuxu rejimi qaydasına düşür, yaddaş və diqqət zəifliyi də keçir. Düzdür,
insan bundan sonra da dərd çəkməyə davam edir. Lakin tutma halları
getdikcə nadir hallarda baş verir: "Bərpa olma mərhələsi isə il yarım və
iki ildən sonra baş verir. Bu mərhələdə dərd kədərlə əvəz olunur. İnsan
baş verən bədbəxtliyə artıq sakit yanaşır. Hisslər o qədər də onu
incitmir. Bəzi hallarda xatirələrə qapılsa da, dərdin üstündən keçdiyini
və bədbəxtliyin geridə qaldığını duyur. İtki çox ağır idisə, o bu
acıyla ömür boyu yaşayır. Amma artıq ilkin mərhələlərdə olduğu kimi
güclü dərd çəkmir".



A.Qurbanova
bildirib ki, dərd çəkən insanı mütləq sakitləşdirmək lazımdır. Əgər
insanı sakitləşdirməsən, onda bir çox xəstəliklər yarana bilər:
"Bildiyiniz kimi, bütün xəstəliklərin kökündə stress dayanır. Bu
səbəbdən də sakitləşmək vacibdir. Sakitləşmədikdə, davamlı olaraq stress
keçirmək, əsəbiləşmək ürək xəstəlikləri, alkoqolizmə və narkotik
vasitələrdən asılılığa gətirib çıxara bilər. Dərd çəkən insan asanlıqla
depressiyaya düşə, hətta intihar edə bilər".



Psixoloqun
dediyinə görə, dərd çəkən insanla söhbət etmək vacibdir: "Bəzən sizə elə
gələ bilər ki, o, sizə qulaq asmır. Amma buna fikir vermədən onunla
danışmağa, onu sakitləşdirməyə davam edin. O, sizə qarşı aqressiv
yanaşsa belə, bir müddətdən sonra sakitləşəndə sizə minnətdar olacaq.
Ona görə ki, bədbəxtliklə üzləşən insan üçün təsəlli böyük rol oynayır.
Xüsusilə də şok və dərdi anladığımız dövrdə təsəlliyə çox ehtiyac
duyuruq. Belə ki, dərdlə üzləşdiyimiz zaman ilk iki mərhələ daha çətin
hesab olunur".



Şok
mərhələsində olan insanı tək qoymaq məsləhət deyil. Mütəxəssis qeyd edib
ki, bu mərhələdə sakitləşdirmək üçün insana ehmalca toxunmaq da olar:
"Misal üçün, əlini tuta və ya əlinizi onun çiyninə qoya bilərsiz. Əgər
insan sizə çox yaxındırsa, başına sığal çəkə və ya onu qucaqlaya
bilərsiz. Bunu edərkən dərd çəkənin reaksiyasına fikir verin. O, sizi
itələyir və sizdən uzaqlaşmaq istəsə belə, getməyin. Ona görə ki,
əslində sizə çox ehtiyacı var".



Bununla
yanaşı, nəzarət edin ki, şok mərhələsini keçirən insan daha çox
istirahət etsin və yeməyi vaxtında yesin. Yaxşı olar ki, onu hanısa bir
məşğuliyyətə cəlb edəsiniz. Psixoloq deyir ki, dərdli insana diqqətlə
qulaq asmaq lazımdır: "Ola bilsin ki, o, çox qəribə şeylər danışmağa
başlasın. Onu dinləyin və ona başa düşdüyünüzü deyin. Əgər insan bu
mərhələdə susur və danışmaq istəmirsə, ona danışdıqca yüngülləşəcəyini
deyin. Ona ürəyini boşaltmağa kömək edin. O, hiss etdikləri ilə
bölüşdükcə yüngülləşəcək. Eləcə də insanı sakitləşdirmək üçün, bədbəxt
hadisə haqqında keçmiş zamanda baş verən hadisə kimi danışın. Əgər siz
ölən insanı tanıyırsınızsa, onun haqqında yaxşı sözlər deyin".



İnsanlar
başqasını sakitləşdirməyin yollarını bilmədikləri üçün çox vaxt yanlış
ifadələrdən istifadə edir və insanın dərdinin üstünə dərd gətirirlər:
"Bu səbəbdən də başqasını sakitləşdirərkən ehtiyatlı olmalı və
danışdığımız sözlərə fikir verməliyik. Məsələn, "Bundan sonra çətin
düzələsən", "Sən güclüsən, buna dözə biləcəksən", "Sən baş verənləri heç
vaxt unuda bilməyəcəksən", "Gör başımıza nələr gəldi", "Sən
günahkarsan", "Sən belə etməsəydin, heç nə olmazdı", "O, sənə görə
öldü", "Bu heç vaxt keçməyəcək" kimi sözlər demək olmaz. Bu sözlər
insanın kədərini daha da çoxaldır və dözülməz həddə çatdırır. Bunun
əvəzinə "Hər şey yaxşı olacaq" deməyi öyrənmək lazımdır. Dindar insanlar
üçün kədəri qəbul etmək nisbətən asan olur. Ona görə də onlara "Allah
bilən məsləhətdir" kimi ifadələr demək olar. Dərd çəkən insan günahkar
olsa belə, ona bunun əksini inandırın".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!