Özümüzü necə canlandıraq?

Özümüzü necə canlandıraq?
Xəstəliklər və müalicəsi
10.09.2017 26
Bir
vaxtlar "din” deyəndə ilk ağla bizim dinimiz gələrdi və hər ağla
gəlişdə də vicdanlar ehtiramla ürpərərdi. Hər şeydən əvvəl, onun sağlam
vicdanlarda buraxdığı iz çox dərindi və hər cür əsassız inqilaba meydan
oxuyacaq qədər də güclü idi.



Onun
hədəfində dünya sülhü və insanlığın əbədi səadəti vardı. Vəd etdiyi
şeyləri həyata keçirmək üçün elə güclü arqumentləri vardı ki, onu dəlili
və göstərdiyi örnəklərlə tanıyanlar dünyada ən əlçatmaz zirvələri fəth
etmiş sayılardılar. O, Allahdan gəlmiş, bəşəri Allaha dəvət edən elə
güclü və inandırıcı səda idi ki, bu sədaya qərəzsiz qulaq verənlər bir
daha onun təsirindən xilas ola bilməzdilər; xilas ola bilməzdilər, çünki
bu sədada dünya və axirət səadətinin əks-sədası və insanları
mələkləşdirmənin sirləri gizli idi. Bu səs səmaların səsi-sədası idi və
qurduğu sistem də İslam dini idi.



Bu din
sayəsində bəşər iç-içə ən bərəkətli yeniliklərlə tanış oldu və ən həyati
təbədüllərə (dəyişmələrə) şahid oldu. O idi mütləq sülhə gedən yolları
göstərən və o idi əsrlərdən bəri üst-üstə yığılmış bəşəri problemlərə ən
son həll yollarını vəd edən. Təsəvvür edin ki, əsrlər boyu onun nurlu
çöhrəsini qaraltmaq və önünü kəsmək istəyən bu qədər təcavüzkara
baxmayaraq, o hələ də yeganə ümid mənbəyi olma mövqeyini qoruyur və ona
sığınanlara ölümsüzlük iksiri təqdim edir…



Qaranlıq bir
dövrdə ondan qopub uzaqlaşanlar və ya bir inad uğruna ona qarşı çıxanlar
öz bəxtinə qəsd edir-etsinlər, o həmişə ən təravətli və könüllərə
əmniyyət və rahatlıq aşılayan bəyanları ilə yol gedənlərə yeganə işıq
mənbəyi və güvən böhranı yaşayanlara da əmniyət qaynağı oldu və olmağa
da davam edir. Kim nə deyir-desin, bu dinin həqiqi təmsilçiləri
sayəsində bütün dünya bir gün bu böyük gerçəyi mütləq anlayacaq və onun
sərin-sərin hüzur əsən iqliminə can atacaqdır. Kim bilir, bəlkə də, o
ilk diriliş çağlarında olduğu kimi, bu din bir daha hamımızı bağrına
basacaq və bu can çəkişən dünyaya yeni bir həyat bəxş edəcək!.. Yetər
ki, bu dinin mənsubları öz tərəddüd və ziqzaqları ilə ona ümid
bağlayanları sarsıntıya məruz qoymasın və cəmiyyətin vicadınında onun
haqqında meydana gəlməyə başlamış etibarı itirməsinlər.



Bu din bir
zamanlar boğazına qədər qəflət, cəhalət və sapqınlıq içində boğulan
kütlələri bir həmlədə bu durumdan qurtararaq, onları ağlasığmaz üfüqlərə
yüksəltdiyi kimi, bu günün dağınıq və hədəfsiz kütlələrinə də mütləq,
ilham qaynağı olacaq və onlara insan olmanın fərqliliyini hayqıracaqdır.



Bəli, bir gün
bu din bünövrəsi möhkəm olan səmavi quruluşu ilə bu dövrün ipə-sapa
yatmayan kütlələrinə də həqiqi insanlığa göz açdıracaq və mayasındakı
ilahiliyi hər kəsə duyuracaq. Duyuracaq, çünki bu din bəzi mücərrəd
ölçü, prinsip və nəzəriyyələrdən ibarət, içi boş bir sistem deyil; o,
insan təbiəti ilə bütünləşmiş, onun maddi-mənəvi ehtiyaclarına cavab
verə biləcək zənginliyə sahib sistemlər məcmuəsi; fərd, cəmiyyət,
qısacası, hər kəsə nurlu bir gələcək vəd edən lahuti aləmlərin
səsi-sədasıdır.. və hal-hazırda o özünə xas şivəsi və hər kəsə təsir
edən əfsunu ilə bir zamanlar bəşəriyyəti yüksəltdiyi səmaviliyə bir daha
yüksəltməklə ona dünya və üqba (əbədi aləm, axirət) qapılarını açacaq
sirli bir açar təqdim edir.



İndiki dövrdə
olduğu kimi o, bəzi vəfasız müntəsibləri (təəssübkeşləri) və ən böyük
rəqibləri üzündən özünü tam ifadə edə bilməsə də, şərəfli bir saat və
şərəfli bir zaman dilimində qəlb və ağıl izdivacına müvəffəq olmuş
bəxtiyar şagirdləri sayəsində bir daha səsini səmalara və mənəvi
aləmlərə çatdıracaq və o günün insanlarına iç-içə "şəbi-ərus”lar
yaşadacaqdır.



Bütün bunlar
ən qaranlıq dövrlərdə reallaşdığına görə niyə yenə həyata keçməsin ki?!
Əslində öz kəramət və ruhani dəyəri etibarilə oyandırıldığı təqdirdə
insan yenə eyni insandır.., keçmişdə olduğu kimi, bu gün də hədəf dünya
və üqba səadətidir. Bu məqsədi reallaşdırmaq üçün nizam-intizam yenə
eyni nizam-intizamdır. Geriyə yalnız iman, ümid və əzmlə şahlanmış
təmsilçilərin "Vira Bismillah” deyib işə başlamaları qalır… Qəlblər
Allahın əlindədir, inşaallah bir gün o da olar.



"Haqq təcəlli eyləyincə hər işi asan edər

Xəlq edər əsbabını bir anda ehsan edər.” (İbrahim Haqqı)



Qaldı ki,
günümüzdə bu keyfiyyətə sahib təmsilçilərin olmadığını deyə bilmərik.
Şübhəsiz ki, bir az həyəcan, yorğunluğumuz və ahəstəliyimiz var, lakin
bu da danılmaz bir həqiqətdir ki, bu günə qədər bir çox əhəmiyyətli
layihələrin altına imza altıldı, atdırıldı.



Hər şeydən
əvvəl, bu gün dünyanın hər yerində bizə məxsus o qədər qiymətli şeylər
həyata qaytarıldı ki, bunları görməzlikdən gəlmək nankorluq, görüb hələ
də bədbin olmaqsa, bir bədbəxtlikdir. Axı son dövrlərdə neçə hadisə
göstərilə bilər ki, bu qədər sürətlə həyata keçsin!.. neçə dirçəliş var
bu qədər ardıcıl təsdiqlənmiş! Və neçə düşüncə və dünya görüşü var bu
qədər qısa müddətdə kütlələrin mənimsədiyi! Beləliklə, yer üzü eyni yer
üzü, insanlıq eyni insanlıq, məfkurə eyni məfkurədir, keçmişdə reallaşan
o müsbət hadisələr bu gün niyə reallaşmasın ki?! Hələ sözü və özü bir
olan, həsrətini çəkdiyimiz o işıq saçan təmsilçilər müxtəlif fitrətlərə
görə səslərini az-çox çatdırsalar, çatdırıb səlim düşüncə və ruhları öz
dəyərlərinə göz açdırsalar, bax o zaman əsrlərdən bəri işıq gözləyən
bütün insaflı vicdanlar o dünyəvi darlıqdan sıyrılaraq bu işıq saçan
ruhların səfalı iqlimlərinə can atacaq və çox fərqli bir həyatla tanış
olacaqlar.



Bu
da bir həqiqətdir ki, bu dövrdə buna bənzər dirçəliş hərəkatlarına
qarşı bəzi maddiyyata məftun insanlar müsbət hər fəaliyyəti qaralamağa,
ləkələməyə çalışırlar.. xüsusilə, tamamilə dünyaya qapılmış, hər şeyə
qarşı çıxan azsaylı oliqarx zümrə var ki, nə sən soruş, nə mən deyim.
Bəli, belələri öz düşüncə dünyalarına - ona da düşüncə demək
mümkünsə-zidd olan ən müsbət fəaliyyətləri belə ayaqaltına alır və ən
günahsız hərəkatları belə qaralamaqdan çəkinmirlər. Bunlar bəzən
"mürtəcelik”, bəzən də "irtica” və "mürtəce” kimi həzəyanlarla din və
diyanət adına ortaya qoyulan hər şeyə hücum edib hər gün yeni bir
fitnəyə səbəbkar olmağa davam etsinlər, həqiqi insani dəyərlərə oyanmış
təmiz vicdanlar bütün bunları da həmişə təbəssümlə qarşılamış və
belələrinin belə -insan olaraq yaradılmış olmanın kəraməti - bir gün
əməllərindən peşman olub üzr diləyəcəkləri günü "Ya Sabur” deyə
gözləyirlər.



Hal-hazırda
bizə Allaha güvənmək, əzmimizə əzm qataraq doğru bildiyimiz yolda getmək
və əlimizdən gəldiyi qədər hər kəsə şəfqətlə qucaq açıb onlara içimizdə
köpürən insani məhəbbəti duyurmaq düşür ki, bundan sonrası Haqqın
təqdirinə riza və zamanın dözülməzliyinə qarşı da aktiv səbir və təmkinə
qalır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!