Yuxu iflici haqqında nə bilirik?

Yuxu iflici haqqında nə bilirik?
Xəstəliklər və müalicəsi
10.09.2017 24
Yuxu ilə bağlı ən maraqlı fenomenlərdən biri də yuxu iflicidir. Yəqin ki, siz özünüzdə və ya yaxınlarınızda bu halı müşahidə etmisiniz – yuxudan oyanırsınız, amma hərəkət edə bilmirsiniz, danışmaq istəyirsiniz, səsiniz çıxmır, hətta bəzi zamanlarda sinənizdə böyük ağırlıq hiss edirsiniz. Bu zaman eşitmə və görmədə illiuziyalar yarandığı üçün “eşidəcəyiniz” pıçıltılı səslər və “görəcəyiniz” eybəcər məxluqlar və ya qara kölgələr təbii olaraq qorxuya səbəb olsa da, yuxu iflici hər hansı bir xəstəliyə səbəb olmur. Yuxu iflicinin yaranma səbəbləri tam müəyyən olunmasa da, bəzi variantlar mütəxəssislər tərəfindən təsdiqlənib. Belə ki, tez-tez iqlim şəraitini dəyişən, yuxu rejimi pozulan, az yatan, çox stres keçirən, qan dövranı zəif olan, psixoloji gərginlikləri çox olan, arxası üstə yatmağa üstünlük verən və narkotik asılılıqları olan insanlarda bu halın daha çox baş verdiyi müşahidə olunmuşdur.

Yuxu iflici – şüurun oyaq, bədənin isə yuxuda olduğu zaman baş verən prosesdir.Bu hal daha çox yuxuya təzə gedəndə və ya yuxudan oyanmağa az qalmış baş verir və bir neçə saniyədən iki dəqiqəyədək davam edə bilər. Əsasən yeniyetmələrdə müşahidə olunsa da, böyüklərdə də kifayət qədər rast gəlinir. Xəstəlik hesab olunmasa da, bu xoşagəlməz hallarla qarşılaşmamaq üçün və ya qarşılaşdığınız zaman aşağıdakılar məsləhət görülür:

Sinənizdə ağırlıq hiss etdiyiniz zaman buna müqavimət göstərməyin, bir neçə saniyəyə sakitləşib oyanacağınızı bilməlisiniz. Əks halda müqavimət zamanı ürək döyüntüləri arta, halüsünasiyalar daha qorxulu hal ala bilər.
Yuxu rejiminizi qaydaya salmağa və bacardıqca arxası üstə yatmamağa çalışın.
Stresdən uzaq olmaq məsləhətdir.
Əgər hər gecə, bir gecədə bir neçə dəfə və ya günaşırı yuxu iflici keçirirsinizsə, evdəkilərdən kömək istəyin, yuxuda tez-tez nəfəs aldığınızı, tərlədiyinizi, gözlərinizin tez-tez hərəkət etdiyini müşahidə etsələr, sizi oyatsınlar.
Yatmazdan öncə su və təmiz hava qəbulu da məsləhətdir.
Nə qədər çətin olsa da, barmaqlarınızı tərpətməyə cəhd edin.
Yuxu iflici ilə bağlı dünya xalqlarında fərqli mifologiyalar formalaşıb. Belə ki, Şərq xalqları bu vəziyyəti “cintutma” adlandırır, bəziləri hesab edir ki, bu, evdə kök salmış pis ruhlar, kabuslardır. Çuvaşlar bununla bağlı Vibor adlı xüsusi personaj da müəyyən ediblər. Kalmıklar Xar Dərna adlı cinin əməli olduğuna inanırlar. Guya o, insanı yuxusunda boğur. Basklar isə deyir ki, İnquma adlı ruh insanı, baş verə biləcək pis hadisədən məhz bu yolla xəbərdar edir. Yaponlar isə Kanasibari adlı nəhəng məxluqun ayağını insanın sinəsinə qoyduğu üçün yuxu iflicinin baş verdiyini düşünür.

Hazırladı: Pərvanə Əliyevaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!